Ölkədə illərdir gözəl yerli filmlərin, anşlaq doğuran teatr tamaşalarının, yeni opera və balet nümunələrinin xiffətini çəkirik. Təbii, bu heç də istedadlı insanlarımızın tükəndiyi anlamına gəlməz. Sadəcə, görünür ki, passiv və sıxıcı mühit təkcə insanların həyat tərzini deyil, yaradıcı ruhunu, həvəsini, marağını da bozlaşdırır.
Neçə gündür sosial şəbəkələrdə yerli seriallarımızın “gözoxşayan” epizodları ilə bağlı müzakirələr gedir. “Mədəniyyət” kanalında yayımlanan “Gürzə” adlı serialın “cürətkar” xanım obrazını az qala günün qəhrəmanına çeviriblər. Serialın nə halda olduğunu yayımlanan epizodlardan təxmin etmək olar. Sənət və ya əyləncə adına açıq-saçıq səhnələri bu qədər eybəcər şəkildə təqdim etmək ikrahdan başqa bir şeyə yaramaz. Görünür, bizim ifrat “yenilikçi” çəkiliş qrupunun heç dünya təcrübəsindən xəbəri yoxdur. Xəbəri yoxdur ki, bu sənaye sahəsində sınaqdan çıxmış qaydalara görə, ölkə seyrçisi üçün serial çəkən qrup hökmən yerli insanları, yerli ənənələri və mühiti nəzərə alır. Çünki onun qazancı da, seyrçisi də bu ölkənin insanlarına bağlıdır.
Şübhəsiz, bunu o şəxslər edirlər ki, gördükləri işə pul qoyub, pul götürürlər. Seyrçi bəyənmədiyi seriala baxmamaqla, onu “boykot” edir və ekrandan çıxarır. Məsələn, Türkiyənin yerli serial bazarında həftəlik dövr edən vəsaitin məbləği 17-19 milyon dollara çatır. Müəyyən vaxt müddətində yüksək reytinq toplayan serialın büdcəsi orta hesabla 100 min dollar arasında hesablanır. Qeyd edilən məbləğin də 45%-i aktyorlara, 21%-i isə çəkiliş qrupuna xərclənir. Gündəlik bu diziləri izlədiyiniz üçün, bilirsiniz ki, həmin pullar əsas etibarı ilə reklamlardan gəlir. Bizdə yaranan əyər-əskiklərin kökü də ona bağlıdır ki, pul üçün kimsə özünü oda-közə vurmur, o, yaradıcı qrupa hazır şəkildə, dövlətdən gəlir.
Xatırlayırsınızsa, 2011-ci ildə Türkiyə dizilərinin ekranlardan yığışdırılması qərarı veriləndən sonra ölkə başçısı yerli serialların çəkilməsi üçün telekanallara 5 milyon manat ayrılması haqqında sərəncam imzaladı. Bu pul telekanallar arasında bölüşdürüldü və sonrakı illərdə də davam etdirildi. Lakin görünən o ki, həmin pulların qoyulduğu seriallar nə bu günə kimi adlı-sanlı bir “qəhrəman”, nə də populyar bir marka yarada bilib.
Dünya kino peşəkarlarının uzun illərdir həvəslə məşğul olduğu serial sənayesinin bir sıra spesifik xüsusiyyətləri var. Doğrudur, bəzən illərlə davam edən bu işlər Hollivud filmlərinə bənzəməz. Ancaq kino sənayesi çoxdan dünyanın biznes sahəsinə çevrildiyi üçün, onların hər ikisini birləşdirən bir ortaq nöqtə var. Uğur qazanmaq, bazara girmək və qazanmaq istəyirsənsə, hökmən ortaya maraqlı bir iş qoymalısan. Virtual dünyanın bütün həyəcanları və heyrətləri dağıtdığı bir zamanda, seyrçinin marağına hakim olacaq bir şey düşünmək zorundasan. Əks halda, heç özünü yormağa dəyməz.
Neçə il əvvəl ekranlardan Türkiyə dizilərini yığışdırmaq yanlış addım idi. Heç olmasa, bizimkilər bu işin incəliklərini mənimsəyənə qədər eyni dildə yayımlanan o dizilər saxlana bilərdi. Amma nə oldu? Bu “təmizləmə əməliyyatı” ilə yerli serial istehsalının möcüzələr yaradacağını düşünənlərin xəyalları suya düşdü. Üstündən illər keçib, indiyə kimi ortaya keyfiyyətli bir məhsul çıxarıldığı yox. Əlbəttə, serial çəkmək böyük bir işdir, bizimkilərin zənn etdiyi kimi uşaq oyuncağı deyil. Və bu işi yaxşı görmək üçün ona bir biznes sahəsi kimi baxaraq, qolunu çırmayıb zəhmətə qatlaşmalısan. Dövlətdən hazır gələn pullarla isə seyrçini heyrətləndirə biləcək serialların çəkilməsi real görünmür. Artıq sözə lüzum yox, görünən iş ortadadır…