Hüquq müdafiəçiləri NIDA-çı gənclərlə bağlı qərara etiraz etdi
Ötən gün NIDA VH-nin üzvlərinin növbəti məhkəmə prosesi keçirilib. Ağır Cinayətlər Məhkəməsində davam edən prosesdə prokuror NIDA-çı gənclərə ağır həbs cəzası tələb edib. Ittihamların sübuta yetirildiyini deyən prokuror onların öz cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzalandırılmasını istəyib.
Prokuror onu da qeyd edib ki, təqsirləndirilən şəxslərdən Şahin Novruzlunun cinayət törədərkən yetkinlik yaşına çatmaması, Rəşadət Axundovun isə himayəsində 1 azyaşlı övladının olması yüngülləşdirici hal kimi müəyyənləşdirilib. O, təqsirləndirilən şəxslərə qarşı məhkəmə istintaqı zamanı ittihamların sübuta yetirildiyini vurğulayaraq gənc fəallardan Rəşadət Axundov, Ilkin Rüstəmzadə və Zaur Qurbanlıya 8 il 6 ay, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Məmməd Əzizova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay azadlıqdan məhrumetmə cəzası istəyib.
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, NIDA-çı gənclər siyasi sifarişlə həbs olunub və bütün dünya da bu reallığı bilir: “Azərbaycanda siyasi sifarişlə həbs olunanların məhkəməsi çox qəliz məsələdir. Cəza siyasətini isə prokurorluq həyata keçirir. Mən bilirəm ki, NIDA-çılar həmin ittihamlar üzrə təqsirli deyil və bu həbslər tam qondarma xarakter daşıyır. Məqsəd isə həmin gəncləri sındırmaq, onları siyasi iddialardan çəkindirməkdir. Hesab edirəm ki, məhkəmə də prokurorun istədiyi cəzadan nisbətən az cəza hökmü çıxaracaq və guya yüngülləşdirici halları nəzərə alacaq. Əsas odur ki, yerli ictimaiyyət və dünya ictimaiyyəti bilir ki, bu gənclər günahsızdır”.
Tanınmış vəkil Aslan Ismayılov hesab edir ki, gənclərə prokurorun istədiyindən xeyli az cəza veriləcək: “Mən Azərbaycan məhkəmələrindən heç nə gözləmirəm və bilirəm ki, bu məhkəmələr müstəqil deyil. Ona görə də onlara nə tapşırıq veriləcəksə, onu da yerinə yetirəcəklər. Ancaq inanıram ki, hakimiyyət beynəlxalq və yerli qınağı nəzərə alaraq, daha yüngül cəzanın verilməsini istəyəcək. Prokurorun çıxışından sonrakı reaksiyanın da bu hökmə təsiri olacaq. Bəraət hökmü olmasa da, bəzilərinə ən azı şərti cəza verilməlidir”.
Akif