O, rəhbəri olduğu Xəzər Dəniz Gəmiçiliyində ştatları şişirdibmiş
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin informasiya təminatı şöbəsinin müdiri Vüqar Sadıqov AzNews.az-a maraqlı açıqlamalar verib. Vüqar Sadıqov bildirib ki, Aydın Bəşirovun rəhbəri olduğu keçmiş Xəzər Dəniz Gəmiçiliyində və müvafiq qurumlarda işçilər arasında ixtisarlar aparılır: “Əvvəl işçilərin sayı həddən artıq çox və maaşların səviyyəsi isə aşağı idi.
Indisə bu qədər işçinin saxlanmasına ehtiyac görmürük. Hazırda QSC təqaüdçülər, qeyri-ixtisas sahiblərini işdən uzaqlaşdırma prossesini aparır. Cəmiyyətimizdə ixtisaslı gənclərə yer verilir. Bu baxımdan ixtisarlar prossesi qanunvericiliyə uyğun, mütəmadi olaraq davam edəcək. Təmsil etdiyim qurumda hər kəsin öz qabiliyyəti, savadı, ixtisası və təhsilinə görə yerləşdirilməsi prossesi gedir. Ixtisarlar QSC-nin tabeliyində olan bütün qurumlarda aparılır. Say baxımından bunu deyə bilməsəmdə vurğulayım ki, QSC-nin Mərkəzi Aparatında da ixtisarlar gedir. Ixtisara düşənlər ilk növbədə ixtisasına uyğun boş yerlərlə təmin olunur. Hazırda QSC-nin daxilində müxtəlif sahələr üzrə departamentlər yaradılır. Yəni, ixtisara düşənlərin ixtisası imkan verirsə təbii ki, işlə təmin olunurlar. Amma kiminsə yaşı və təhsili buna imkan vermirsə o adamlarla vidalaşırıq”.
Daha sonra Vüqar Sadıqov Aydın Bəşirovu ştatları şişirtməkdə ittiham edib: “Əvvəlki strukturda ştatlar həddən artıq şişirdilmişdi. Bu daha çox keçmiş Dövlət Xəzər Dəniz Gəmiçiliyində belə idi. Xəzər Dəniz Neft Donanması əvvəllər Dövlət Neft Şirkətinin tabeliyində olduğundan qeyri-peşəkar, yaş həddi yüksək olan işçilərin işdən uzaqlaşdırma prossesi getdiyindən orda müasir tələblərə uyğun struktur yaradılıb. Amma Xəzər Dəniz Neft Donanmasında ixtisarlar keçmiş Dövlət Xəzər Dəniz Gəmiçiliyində olan həcmdə yox, nisbətən aşağı həcmdə aparılır. Əsasən ixtisarlara bir-birini təkrarlayan vəzifələr salınır”.