Pərviz Həşimli: «Eldar Mahmudova məktub yazdım ki, mənə qarşı amansız münasibətinizin səbəbini bilmək istəyirəm»
Ötən ilin sentyabrından həbsdə olan jurnalist və hüquq müdafiəçisi, vicdan məhbusu Pərviz Həşimlinin mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Dünənki məhkəmə iclasında hal şahidi Zaur Abdullayev ifadə verib. O, Pərvizlə birlikdə mühakimə olunan Təvəkkül Qurbanovun maşınında aparılan axtarış üzrə hal şahidi qismində tanınıb. Bu şəxs ötən iclaslardan birində şahid ifadə versə də, Pərviz Həşimli və onun vəkilləri Zaur Abdullayevin sərxoş olduğunu əsas gətirərək, onun ifadəsinin etibarlı olmadığını bildirmişdi. Bu səbəbdən də onun yenidən dindirilməsinə qərar verildi.
Hal şahidi məhkəmə zalına gələnə qədər Pərviz Həşimli Novruz Kərimovun sədrlik etdiyi hakimlər heyətinə müraciət edərək, ona qarşı yol verilən qanunsuzluqları onların diqqətinə çatdırıb. Bildirib ki, MTN-də onun hüquqlarına qəsd olunur və bu barədə dəfələrlə məhkəmədə də bildirib. Hüquqlarının pozulması ilə əlaqədar baş prokurora müraciət etdiyini deyən jurnalistin sözlərinə görə, məhkəmədəki tənqidi çıxışlarından sonra ona təzyiqlər edilir: “Hər dəfə müxtəlif bəhanələr gətirirlər. Bütün bunlar MTN rəhbərliyinin mənə münasibətidir. Düz 2 sutka aclıq aksiyası keçirdim. Heç həkim də göndərmədilər. Daha sonra təcridxananın rəisi məni çağırdı. Bildirdi ki, şikayətlərimə baxılacaq. Mən də köçürülmə məsələmi yenidən dedim”.
Hakimlikdən əvvəl MTN-də işləmiş Novruz Kərimovun Pərvizin şikayətlərinə reaksiyası belə olub: “Mən bu zalda MTN əməkdaşları görmürəm. Biz də məhkəmədə baş verənlər barədə MTN-ə məlumat vermirik”. Pərviz Həşimli: “Onlar bu barədə qəzetlərdən, saytlardan oxuyurlar. Mən Eldar Mahmudova da məktub yazdım ki, mənə qarşı amansız münasibətinizin səbəbini bilmək istəyirəm. MTN-də elə bir vəziyyət yaradıblar ki, orada qanunları ələ salırlar”.
Şahid Zaur Abdullayev öncə ötən dəfə sərxoş vəziyyətdə ifadə verdiyi barədə deyilənlərə münasibət bildirib: “Mən bir gün əvvəl içmişdim, bilmirdim ki, səhəri gün məhkəməyə gəlib ifadə verəcəm”. Bu şahid dindirilərkən onun ötən dəfə dediklərilə budəfəki ifadəsində kəskin ziddiyyətlər ortaya çıxdı. Amma bu ziddiyyətlər araşdırılmadan qaldı. Şahidin dindirilməsi başa çatandan sonra Pərviz Həşimli hakimə daha öncə verdiyi və rədd edilən bir vəsatətini xatırladıb. Deyib ki, Təvəkkül Qurbanova guya, Irandan silah gətirən, Hüseyn adlı Iran vətəndaşının 17 sentyabr tarixinə qədər gömrük məntəqəsindən keçib-keçmədiyini yoxlamaq üçün müvafiq qurumlara sorğu verilməlidir: “O iranlının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün hər hansı istintaq hərəkəti aparılmayıb. Divin canı şüşədə olduğu kimi, 206-cı maddənin də canı Hüseyn adlı şəxsdədir”.
Hakim Novruz Kərimovun jurnalistə cavabı belə olub: “Biz də sizə deyirik ki, Iran başdan-ayağa Hüseyn adlı şəxslərlə doludur. Onların hamısının araşdırılması mümkün deyil”. Pərviz Həşimli bildirib ki, sözügedən tarixlərdə sərhəddən keçmiş Hüseyn adlı şəxslərin fotosunu Təvəkkül Qurbanova göstərib, onun kimliyini müəyyənləşdirmək və daha sonra məhkəməyə çağırmaq mümkündür: “Təvəkkül deyir ki, bu adamın fotosu var sərhəddə. Qoy fotosunu ona göstərsinlər, görək kimdir. Ondan sonra bu adamın kimliyini müəyyənləşdirmək mümkün olar”.
Pərvizin vəkili Bəhruz Bayramov da daha öncə təqdim etdikləri, amma qəbul edilməyən bir vəsatəti təkrarlayıb. Bildirib ki, Pərvizin evindəki təhlükəsizlik kamerasının görüntüləri məhkəməyə təqdim edilməlidir: “O zaman bəlli olacaq ki, o silahları evə kim qoyub. Pərviz qoyubsa, o da bəlli olacaq. Yox, başqa birisi qoyubsa, görüntülərdə üzə çıxacaq. Bundan başqa, o silahların istehsal olunduğu ölkə də araşdırılmalıdır”.
Pərviz Həşimli də öz növbəsində sözügedən silahlarla bağlı fikrini bildirib. Deyib ki, onlar MTN-in anbarında saxlanılan silahlardır: “MTN rəhbərliyi səmimi şəkildə etiraf edib ki, səni özümüz tutmuşuq, səndən qisas alırıq, səni özümüz şərləmişik”.
Hakim Pərviz Həşimlinin danışığına mane olmaq istəyəndə isə jurnalist məhkəmənin diqqətinə çatdırıb ki, artıq dünyanın tanınmış beynəlxalq təşkilatları onun həbsinin sifarişli olduğunu bəyan edərək, onu “vicdan məhbusu” kimi tanıyıblar. Hakim Novruz Kərimov jurnalistin dediklərini dinləmədən məhkəmə zalını tərk edib. Məhkəmə prosesi aprelin 24-də davam edəcək.