Məhəllənin pilləkənlərini dağıdıb, yerini avtoparkın sahəsinə qatıblar
Bakı şəhərinin Abdulla Şaiq küçəsində yeni ucaldılan “Sapphire Plaza” biznes mərkəzi üçün avtoparkın tikintisi zamanı sakinlərin narazılığına səbəb olan hallara yol verilib.
Həmin ünvanla kəsişən Bünyad Sərdarov küçəsindəki 2-ci dalanın sakinləri – Səriyyə Hüseynova, Səbinə Abdullayeva və başqaları ANN.Az saytının müxbirinə bildiriblər ki, tikinti zamanı onların dalanına çıxan pilləkənlər zəbt edilib və dağıdılaraq avtoparkın sahəsinə qatılıb. Avtoparkın ötən il sökülən bir neçə evin yerində salındığını deyən sakinlərin sözlərinə görə, artıq onların mənzilləri üçün də təhlükə yaranıb. Hər an torpaq uçqununun baş verə biləcəyini söyləyən sakinlər həm evləri, həm də ərazidə oynayan uşaqlar üçün narahat olduqlarını bildiriblər.
Sakinlərdən gənc qız Kəmalə Əzizova isə deyib ki, indi onlar avtomobil yolunun o biri tərəfindəki pilləkənlərdən istifadə etməyə məcburdurlar: “O pilləkənlər o qədər bərbaddır ki, hətta yıxılıb qolumu və ayağımı da əzmişəm” – deyən K.Əzizova, üstəlik tikinti işini aparan fəhlələrin onun yıxılmasına tamaşa edib ucadan güldüklərindən də sarsıldığını bildirib.
Qeyd edək ki, saytın müxbiri ərazidə fotoçəkiliş apararkən özünü “Sapphire Plaza”nın mühafizə xidmətinin rəhbəri kimi təqdim edən şəxs jurnalistin peşə fəaliyyətinə mane olmağa, hətta fotoşəkillərin kameranın yaddaşından silnməsinə cəhd göstərib.
İnformasiya şöbəsi