Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə ilkin baxış iclası davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə G. Əhmədova çıxış edib.
O bildirib ki, Elşad Abdullayevin KİV-ə verdiyi müsahibələri psixoloq alim kimi araşdırıb: “Elşad Abdullayevin müsahibələrində məntiqi ardıcıllıq pozulur. Müsahibələrində qardaşının, Sevinc Babayevanın, Mətanət İsgəndərlinin və Gülər Əhmədovanın öldürülməsi məsələsini gündəmə gətirir. Mən bir psixoloq alim kimi onun müsahibələrini araşdırmışam. Onda depressiv manyakal sindromun əlamətləri var. Xahiş edirəm, Elşad Abdullayev psixoloji ekspertizadan keçirilsin. Əgər bu mümkün deyilsə, onun yazdıqları araşdırılsın. Bu adam həm prezidentə yalvarış dolu məktublar yazır, həm də Avropa Məhkəməsinə şikayət edir”.
Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra ilkin baxış iclasının qərarı elan olunub. Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsində Gülər Əhmədova və əlavə şahidlər yenidən dindiriləcək və məhkəmə qismən istintaqla aparılacaq.
Məhkəmə baxışı aprelin 23-ə təyin edilib.