Morninqstar: «Bu şəxslər ABŞ-la Azərbaycan arasındakı əlaqələri korlamaq istəyirlər»
Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətinə qarşı yürütdüyü siyasətin fonunda mətbuatda dərc olunan bir məqalə maraq doğurur. Məqalədə xaricdən maliyyələşən QHT-lərin hədəf seçilməsi, onların xaricdən gələn vəsaitləri mənimsəməkdə ittiham olunması kimi tezislər birmənalı qarşılanmır. Yazıda iddia olunur ki, tanınmış beynəlxalq təşkilatların, xüsusilə ABŞ-dan olan təssisatların Azərbaycan QHT-lərinə ayırdıqları vəsaitin əsas məqsədi Azərbaycanda «demokratik inqilabı» reallaşdırmaqdır. Yazının ruhu və ittiham tərzi tezislərin hakimiyyətin mətbəxindən gəldiyi şübhəsini təsdiqləyir. Bu yazının iqtidarın təbliğatına xidmət etdiyini öncə saytda dərc olunan həmin məqalənin daha sonra hakimiyyətin nəzarətində olan çap mediasında yer alması da təsdiq edir.
Rusiyanın Ukrayna ilə bağlı yürütdüyü siyasət üzündən regionda yeni situasiyanın yarandığı, Qərbin Azərbaycana diqqətinin artdığı bir zamanda anti-Qərb ruhunda məqalənin dərci hakimiyyətdaxili qruplaşmaların savaşı kontekstində də qiymətləndirilə bilər.
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın açıqlaması da təsdiq edir. ABŞ səfiri bəzi kütləvi-informasiya vasitələrində (KİV) bu ölkənin tanınmış təşkilatları vasitəsilə Azərbaycandan qrant proqramları əsasında inqilabın maliyyələşdirilməsinə dair yayılan məlumatlara münasibət bildirib: «Birincisi deyim ki, biz bu gülünc iddiaları əvvələr də eşitmişik. Mən yalnız onu deyə bilərəm ki, bu iddialar tamamilə yalnış, cəfəng və gülüncdür. Azərbaycanla Birləşmiş Ştatlar arasındakı münasibətlər müstəsna əhəmiyyət kəsb edir. Krımda baş verən hadisələr fonunda bu əhəmiyyət daha da artır. Həm Azərbaycan, həm də ABŞ əlindən gələni etməlidir ki, bu əlaqələri qorusun. Bu qədər gülünc və məsuliyyətsiz iddia irəli sürən şəxslər ABŞ-la Azərbaycan arasındakı əlaqələri korlamaq istəyirlər. Biz buna yol verməyəcəyik, heç kəs bu cəfəngiyyata inanmamalıdır”.
Qubad İbadoğlu: «Heç bir gizli, qeyri-şəffaf layihəmiz olmayıb»
Məqalədə ittiham hədəflərindən biri olan İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun fikrini öyrəndik. Q.İbadoğlu bildirdi ki, məqalədə istinad edilən «sübutların» heç birinin reallıqlarla əlaqəsi yoxdur və yazılanlar sadəcə olaraq bir jurnalistin uydurmalarıdır: «İqtisadi Tədqiqatlar Mərkəzi fəaliyyət göstərdiyi bütün illər ərzində fəaliyyətini audit yoxlamasından keçirib. Hətta elə olub ki, bizim fəaliyyətimiz bir yox, bir neçə şirkət tərəfindən qiymətləndirilibdir. Hər il həm vergi, həm maliyyə, həm də digər dövlət orqanları qarşısında hesabatlarımızı vaxtında vermişik. Eyni zamanda donorlarımız qarşısında da həm maliyyə, həm də digər fəaliyyətlərimizlə bağlı hesabatlarımızı vermişik. Bundan əlavə hər il ictimaiyyət qarşısında illik hesabatımızı çap edirik. Biz özümüz də şəffaf fəaliyyət göstərməkdə maraqlıyıq. Yəni heç bir gizli, qeyri-şəffaf layihəmiz olmayıb».
Q.İbadoğlunun fikrincə, hakimiyyətin son zamanlar QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində yürütdüyü siyasətin fonunda bu tip yazıların gündəmə gətirilməsi təsadüfi deyil: «Azərbaycanda müstəqil fəaliyyət göstərən, əməli iş görən, ortaya fəaliyyət qoyan bir neçə QHT də mətbuatın vasitəsilə hədəfə alınır. Bu təsadüfi deyil. QHT-lərlə bağlı qanunvericiliyin pisləşməsinin fonunda bu cür fəaliyyət təsadüfi deyil».
Fuad Qəhrəmanlı: «Bu cür kampaniyalar hakimiyyətin demokratik proseslərdən necə qorxduğunu göstərir»
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının isə fikrincə, hakimiyyət cəmiyyətin fəallığından və beynəlxalq ictimaiyyətin demokratik proseslərə dəstəyindən həmişə narahat olub. F.Qəhrəmanlı hesab edir ki, ona görə də hakimiyyət daim şantaj, sovet təbliğatını xatırladan kampaniyalara mütamadi olaraq müraciət edir: «Hakimiyyət daim Azərbaycan müxalifətini, QHT-ləri, Azərbaycan fəaliyyət göstərən beynəlxalq qurumları şantaj edir. Burada məqsəd demokratik proseslərə dəstəyin ifadə olunmasının qarşısının alınmasıdır. Müasir dünyada beynəlxalq qurumların QHT-lərlə əməkdaşlığı, onları maliyyələşdirməsi adi normadır. Bu əməkdaşlığı dövlətçilik əleyhinə fəaliyyət kimi qələmə vermək Stalin dövründən aqlma təfəkkür tərzidir. Amma bu cür təbliğat heç bir effekt verə bilməz. Çünki bu cür qaraguruhçu çağrışlar, kampaniyalar əslində hakimiyyətin mahiyyətini ortaya qoyur və demokratik proseslərdən necə qorxduğunu göstərir. Bu kampaniyalar vaxtaşırı təşkil olunur və uydurma məlumatlara əsaslanır».
ABŞ səfirinin bu məsələ ilə bağlı ifadə etdiyi fikirlərə gəlincə, F.Qəhrəmanlı bildirid ki, əslində səfirlik də gözəl bilir ki, bu informasiyanın mənbəyi hakimiyyətdir. Çünki bu informasiyada hakimiyyətin qorxu hissi ifadə olunur: «Deməli əslində səfirin açıqlaması, təkzibi «ABŞ-la münasibətlərin inkişafını istəməyən qüvvələr» deyəndə hakimiyyət daxilinə işarə olunur. Hakimiyyət içində ABŞ-la münasibətlərin inkişafında maraqlı olmayan, Rusiyaya bağlı qüvvələr var. Aydındır ki, burada təkcə ABŞ-Azərbaycan münasibətlərdən getmir. Burada məqsəd bu cür şantaj yolu ilə Azərbaycanın Avropaya inteqrasiya prosesini əngəlməkdir. Hakimiyyət bütün resurslarını ortaya qoyaraq, vətəndaş cəmiyyəti institutlarını, medianı, siyasi müxalifəti boğmağa çalışır».
Hikmət