Bakı İstintaq Təcridxanasında saxlanan Xaçmaz sakini, gənc “Facebook” fəalı Elsevər Mürsəlli ailəsi ilə görüşüb. Fəalın atası Nəsrəddin Mürsəlli aprelin 16-da “Media forum” saytına bildirib ki, oğlunun vəziyyəti yaxşıdır: “Elsevərlə dünən görüşdük. Səhhətində heç bir problem yoxdur. Saxlanma şəraitindən narazılığı yoxdur. Təcridxanada ona hər hansı təzyiqin olmadığını dedi. Bir arzusu var: “Azadlıq” qəzetinə abunə yazılmaq istəyir”.
Elsevər Mürsəllini ötən il oktyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi həbs edib. O, külli miqdarda narkotik saxlama ittihamı ilə məhkum olunub. Bu il aprelin 3-də fəal Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Nəsrəddin Mürsəlli oğlunun ötən il keçirilmiş prezident seçkisi zamanı sosial şəbəkələrdə müxalif namizəd Cəmil Həsənlini dəstəklədiyinə görə həbs edildiyini bildirir.