“Çəngəllə bıçağı səhv qoyduğuma görə məni qayçı ilə vurdu”
Milli Şuranın komissiya sədri, keçmiş deputat Gültəkin Hacıbəyliyə qarşı təzyiq kampaniyasının fəal iştirakçılarından olan keçmiş baldızı Aynur Mehdiyevanın mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Iradə Həsənzadənin sədrliyilə davam edir. Xatırladaq ki, Aynur Mehdiyeva insan alveri və məcburi əməyə cəlbetmə kimi cinayətlərdə ittiham olunur. Bu iş üzrə ötən məhkəmə iclasında Aynur Mehdiyevanın qonşusu, qulluqçusu və yaşadığı binanın mühafizəçisi şahid qismində ifadə verib.
Qonşu, iş adamı Əyyub Haqverdiyev ifadəsində bildirib ki, Aynur Mehdiyevanın həyat yoldaşı Məmməd Məmmədovla yaxın dostdur, onunla birlikdə xaricə işgüzar səfərlərə gedir. Aynur Mehdiyeva tərəfindən zorakılığa məruz qaldığına görə iş üzrə zərərçəkmiş qismində tanınan filippinli Llanto Fe Diazı tanıdığını deyən şahidin sözlərinə görə, bu qadın binanın həyətində uşaqlarla məhdudiyyətsiz gəzirdi, qonşularla rahat təmasda olurdu: “Hər gün iki dəfə – səhərlər və axşamlar həmişə uşaqla həyətdə gəzirdi”.
Zərərçəkmiş Llanto Fe Diaz isə Əyyub Haqverdiyevin dediklərilə razılaşmayıb. Bildirib ki, bu şahid evin içində onun nə işlə məşğul olduğunu, ona qarşı münasibəti görməyib. Filippinli qadının sözlərinə görə, uşaqla bulvara, teatraÿ gedəndə də bir nəfər nəzarət etmək üçün onunla gedirmiş. Əcnəbi xanım həyətə uşaqla çıxarkən Aynur Mehdiyevanın qızının onların yanında olduğunu və kənar şəxslərlə danışmağın ona qadağan edildiyini də məhkəmənin nəzərinə çatdırıb. Əlavə edib ki, Aynur Mehdiyeva pasportunu əlindən aldığına görə qaça bilməyib.
Əyyub Haqverdiyevdən fərqli olaraq, Aynur Mehdiyevanın yaşadığı binada mühafizəçi işləyən Natiq Ibrahimov filippinli qadının həyətdə heç bir qonşu ilə danışmadığını bildirib. Onu da qeyd edib ki, polislər Llanto Fe Diazı apararkən ona qarşı heç bir zorakılıq etməyiblər: “Polislər 15-20 dəqiqəÿonunlaÿdanışdılar və dedilər ki, bizimlə getməlidir. Polislər maşının qapısını açdılar, filippinli xanım da özü maşına əyləşdi”.
Aynur Mehdiyevanın evində qulluqçu işləyən Günel Məmmədova isə evdəki vəziyyətdən o qədər ağızdolusu danışıb ki, istər-istəməz hakimlərdən hakim Əhməd Quliyev onun ifadəsinə müdaxilə etməli olub: “Siz elə danışırsınız ki, elə bil biz başqa planetdən, Marsdan gəlmişik və heç nə bilmirik. Qulluqçunun öz məhdud hüquqları və məsuliyyəti var. Hər şeyi edə bilməz”.
Zərərçəkmişin nümayəndəsi Əlövsət Əliyevin suallarına cavab olaraq, Günel Məmmədova deyib ki, səhər saat 10-11-dən axşam 11-12, bəzən lap gecə 1-ə qədər işləyir, bunun müqabilində 400 manat pul alır. Şahid qeyd edib ki, o, işə gələrkən Fe yatırmış. Halbuki, ondan bir qədər əvvəl ifadə verən Əyyub Haqverdiyev bildirmişdi ki, səhər saat 10-11 radələrində Fu uşaqları həyətdə gəzdirirdi.
Həyat yoldaşından boşandığını və himayəsində iki azyaşlı uşağı olduğunu deyən Günel Məmmədovanın ifadəsindən o da aydınlaşıb ki, o, Aynur Mehdiyevanın evində əmək müqaviləsi olmadan çalışır. Maraqlıdır ki, Aynur Mehdiyevaya qarşı irəli sürülmüş ittihamlardan biri məcburi əməyə cəlb etmə ilə bağlıdır, amma hakim zərərçəkmişin nümayəndəsinin bu haqda sualını çıxarıb. Yəni, məhkəmə adamın əmək müqaviləsi olmadan işlədilməsi məsələsinin araşdırılmasında maraqlı deyil.
Yeri gəlmişkən, Günel Məmmədovanın istintaqa verdiyi ifadəsi ilə məhkəmədə dedikləri arasında ziddiyyətlər üzə çıxıb. O, istintaqa ifadəsində Aynur Mehdiyevanın Llanto Fe Diazın və onun üstünə qışqırdığını deyib. Məhkəmədə isə o, Aynur Mehdiyevanın qışqırmadığını, bunun onun danışıq tərzi olduğunu bildirib.ÿLlanto Fe Diazın qolundakı gematoma haqda suala isə belə cavab verib: “Fenin qolunda göyərmiş yer var idi. Soruşdum, dedi ki, Aynur xanımın oğlu Ibrahimlə (o zaman iki yaşıÿolub) pilləkəndə oynayarkən yaranıb”.
“Bəs qolundakı qayçı kəsiyini görmüşdünüzmü?” sualını isə şahid belə cavablandırıb: “Bir dəfə hamamda Fe Ibrahimin əlindən qayçını almaq istəyəndə, Ibrahim qayçı ilə onun qolundan vurub və onun qolu kəsilib”.
Şahidin qeyri-ciddi danışdığını görən dövlət itihamçısı ona elə öz dilində cavab verib: “Belə getsə, Ibrahimi məsuliyyətə cələb edəcəyik”.
Prokuror da şahidin ifadələri arasında ziddiyyətlər olduğunu məhkəmənin diqqətinə çatdırıb.
Llanto Fe Diaz da Günel Məmmədovanın məhkəmədə doğru danışmadığını bildirib. Deyib ki, onu qayçı ilə Aynur Mehdiyeva vurub. Əvvəlcə qayçının arxa hissəsi ilə onun başına döyüb, sonra isə iti tərəfi ilə qolundan vurub.
Hakim:
– Niyə vururdu?
Llanto Fe Diaz:
– Qaşıqla çəngəlin yerini səhv qoyduğum üçün vurdu.
Günel Məmmədova bildirib ki, Aynur MehdiyevaÿLlanto Fe Diaza hansı işi tapşıranda ona sakit tonda başa salırdı.
Bu yerdə hakimin şahidə belə bir sualı yaranıb:
– Siz ingilis dilini bilməyə-bilməyə necə başa düşürdünüz ki, Aynur Mehdiyeva ona nə deyirdi?
Bu suala şahid cavab verə bilməyib.
Günel Məmmədovanın dediklərinə Llanto Fe Diaz sərt etiraz edib: “Günel Məmmədova hər şeyi yaxşı bilir. Bəs onda niyə xanım məni ac saxlayanda gizlicə mənə yemək verirdin? Bəs onda niyə mənə ”başına gətirilənləri xanımın həyat yoldaşıÿ Məmmədə danış” deyirdin?”.
Filppinlı qadın onu da qeyd edib ki, başına gələnləri xəbər vermək məqsədilə Dubaya zəng etmək üçün Günel Məmmədovadan telefonunu istəyib, lakin Aynur Mehdiyeva bundan xəbər tutub onu döyüb.
Fe hələ ötən ilin noyabrında “BBC Azərbaycanca”ya müsahibəsində Aynur Mehdiyevanın həyat yoldaşı Məmməd Məmmədovunÿonunla yaxşı davrandığını və qulluqçunun məsləhətilə dərdini ona danışdığını bildirmişdi: “Madam mənə dedi ki, ”sən mənim ərimlə danışmısan, o da mənə acıqlanıb. Bəlkə sən mənim ərimi istəyirsən? Xanım olmaq istəyirsən?” deyib məni vurdu. Mən çox qorxdum”.
Məhkəmə prosesi aprelin 21-də davam edəcək.
Xatırladaq ki, Aynur Mehdiyevanın qardaşı Mahmud Mehdiyev Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşıdır. Hökumətin Gültəkin xanıma qarşı təzyiq kampaniyasında bu bacı-qardaş xüsusi fəallıq edir – Gültəkin Hacıbəyliyə qarşı mətbuat konfransları, məhkəmə iddiaları, onu gözdən salmağa xidmət edən açıqlamalar və s. Yeri gəlmişkən, Mahmud Mehdiyev özü bir müddət əvvəl baş prokuror Zakir Qaralovun əmrilə “prokurorluq əməkdaşına yaraşmayan hərəkətlərə görə” bu sistemdən uzaqlaşdırılıb. Lakin Gültəkin Hacıbəyliyə qarşı yuxarıda bəhs etdiyimiz addımlardan sonra Mahmud Mehdiyev mükafatlandırılıb – elə həmin Zakir Qaralovun əmrilə Xətai rayon prokurorluğuna müstəntiq vəzifəsinə təyin olunub.
İnformasiya şöbəsi