Dünyadakı son siyasi-hərbi gəlişmələr çevik, düşünülmüş siyasət gərəyini daha da aktuallaşdırır. Biz bu gəlişmələr içində kompassız gəmiyə dönmüşük – hara gedəcəyimizi, hayana üz tutacağımızı kəsinliklə nə özümüz bilirik, nə başqaları. Ən başlıcası, bunu ölkənin-dövlətin başında duran, AzTV-lərlə özünə “dünyanın ən güclü – bacarıqlı liderlərindən biri” naxışını vurduran Ilham Əliyev də bilmir. Buna görə BMT-dəki səsvermədə Rusiyaya qarşı çıxan I.Əliyev AŞ PA-dakı səsvermədə Rusiyayönlü baxış sərgiləyir. Bu azmış kimi, Bakıda MDB baş qərargah başçılarının toplantısı keçirilir. Toplantının ardınca, sözsüz, Kremlin tapşırığıyla rusiyalı general Azərbaycanla savaş durumunda ermənilərlə birgə olacaqlarını bildirir. Bu onsuz da bəlli idi, bunu bir daha demək Azərbaycana yerini göstərməkdir: ortada sarsılmaz Rusiya-“Ermənistan” birliyi var. Rusiyanın MDB adına Bakıda keçirdiyi toplantı Azərbaycan torpaqlarını tutub erməniyə vermiş dövlətin bizimlə “siçan-pişik” oyunudur.
Əliyevlərin çoxillik ölkəni deyil, özünü – hakimiyətini qorumağa yönəlik siyasətləri Azərbaycanı çoxdan Pişik əlində Siçana çevirib – indilikdə bizim güvənəcək, arxalanacaq yerimiz – kimsəmiz yoxdur. Yürüdülən çoxillik ANTIXALQ siyasətləri üzündən rejimlə xalq arasında dərin uçurum var. Bu, Əliyevlərin təpədən dırnağadək korrupsiyaya bulaşmış yarıtmaz iç siyasətləri deməkdir. Nə yazıqlar, onların çoxillik dış siyasətləri də korrupsiyaya bulaşmış durumdadır. Onlar bütün seçkiləri rüşvət-korrupsiya yoluyla udduqları kimi, dünyadakı dostları da rüşvət-korrupsiya yoluyla qazanıblar. Bunlar isə özgüdüyə yönəlik özəl qazanclardır, dövlət qazancları deyil.
Ortada Azərbaycana yönəlik başqa bir düşmən birlik də var: Iran-“Ermənistan” birliyi. Rusiya ilə Iran bəlli üçbucağın iki başlıca, üstün bucaqlarıdır. I.Əliyev bir başlıca bucağa – Rusiyaya reveransdan o birinə – Irana reveransa yönəldi. Oxşar görsəniş: Rusiyanın səsi ultimativ olaraq Gümrüdən çıxmışdı, Iranın səsi ultimativ olaraq (birincidən daha kəskin) Ərdəbildən çıxdı: Azərbaycan Israildən üz döndərməli, islamçılarla (oxu: irançılarla) bağlı iç siyasətini dəyişməlidir.
Iran Islam Respublikası adlanan dövlət Irəvandan, Göyçə-Zəngəzurdan Qarabağadək Azərbaycan torpaqlarını qanlı qırğın yoluyla tutan erməniliyə illərlə arxa duraraq onu gücləndirib qudurtmaq yolu tutmasaydı, biz indi ortaya çıxarılan ultimatumla bağlı, ola bilsin, nəsə düşünə bilərdik, ancaq, düşünməyin yeri yoxdur – Iran faktiki olaraq bizim dostumuz deyil, düşmənimizin dostudur. Iran bizim barışmaz düşmənimizin dostu olaraq da uzatdığımız dost əlinə… təpik atır! I.Əliyev Iranda nə demişdi: “Iranın qüdrəti bizim qüdrətimizdir”. Belə gözəl reveransın üstündən göndərilən bəlli ultimatuma görə biz Iranı qınaya bilərdik, ancaq yada qardaş Türkiyə ilə bağlı I.Əliyevin ABŞ diplomatlarına dediyi düşür: “Mən Türkiyənin regionda üstün gücə çevrilməsini istəmirəm”. Bizimlə birgə itirilmiş Azərbaycan torpaqlarının qaytarılmasına çalışan qardaş Türkiyənin regionda üstün gücə çevrilməsini istəməyən I.Əliyevin o başdan bu başa bizə yağı erməniliyə arxa duran dövlətin – Iranın “qüdrətini” öz “qüdrəti” saymasına kim inanar? Kim onunla gerçək dostluğa gələr? Həftənin o başında Rusiyaya qarşı səs verən, həftənin bu başında Rusiyanın yanından səsi gələn dövlətə, dövlət başçısına necə inanmaq, güvənmək olar? Bax, 21 ildir biz beləcə başı ayağı bilinməyən, strategiyası, taktikası pozuq balanslaşdırma siyasətləri içindəyik.
NATO Əliyevlərin “uğurlu neft-qaz strategiyasına” uyğun olaraq Azərbaycanda energetik güvənliklə bağlı əməkdaşlığı genişləndirəcək, Rusiyanın, Iranın onsuz da gücləndirdiyi “Ermənistan”da ordunu gücləndirəcək – beləcə, biz üçbucaqda tək, arxasız!