İbrahim İbrahimli: «Regionda yaranmış siyasi böhranın hərbi müstəviyə keçməsi, belə səfərləri intensivləşdirir»
Türkiyənin milli müdafiə naziri Ismət Yılmaz Naxçıvan Muxtar Respublikasına səfər edəcək. APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Kuala Lumpurda keçirilən DSA-2014 sərgisində təmsil olunan nümayəndə heyətindən məlumat verilib. Türkiyə müdafiə nazirinin Naxçıvana səfəri may ayına planlaşdırılır. Səfərin məqsədi barədə məlumat verilməyib.
Türkiyəli nazirin indiki vaxtda Naxçıvana səfəri təsadüfi görünmür. Bir neçə il öncə Iran Azərbaycanı hədələyəndə də Türkiyə qırıcıları havada manevr etdilər və Azərbaycana dəstək olacaqlarının mesajı verildi. Bir neçə gün öncə ölkə başçısı Ilham Əliyev də Naxçıvana səfər etdi və ordudakı vəziyyətlə maraqlandı. Eyni zamanda türkiyəli yüksək rütbəli zabitlər də Naxçıvana səfər etmişdilər. Bəzi ekspertlr hesab edir ki, Ukraynada baş verənlərdən sonra Rusiyanın yeritdiyi siyasət Azərbaycan üçün də təhlükə yaradır və Naxçıvan istiqamətindən hər hansı xoşagəlməz halların baş verməsi gözləniləndir. Bildirilir ki, Ismət Yılmazın Naxçıvan səfəri də Türkiyənin Azərbaycanın yanında olduğunu və hər hansı müdaxilə olarsa, ölkəmizə yardım edəcəyini göstərmək üçündür.
Siyasi ekspert Ibrahim Ibrahimli hesab edir ki, Ukraynadakı proseslərin xoşagəlməz hal alması region ölkələrini də təhdid edir və hərbi xarakterli səfərləri zəruri edir: “Hazırda geosiyasi vəziyyət kifayət qədər gərgindir. Rusiya ilə Qərb arasındakı münasibət, Ukraynada yaranan böhran, Krımın ilhaqından sonra rus qoşunlarının Şərqi Ukraynaya daxil olması, NATO-nun Ukrayna ilə sərhəddə 40 minlik qoşun yeritməsi, hərbi əmliyyatların aktivləşəcəyini göstərir. Yaranmış vəziyyət ”Şərq Tərəfdaşlığı” ölkələrini də təhdid edir və müəyyən təhlükələr realaşa bilər. Ilham Əliyevin Irana səfəri, Rusiyanın qərargah rəisinin Azərbaycana gəlməsi, türkiyəli nazirin Azərbaycana gözlənilən səfəri, region ölkələrinin narahatlığından xəbər verir. Hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün yollar axtarır. Baş verənlərin siyasi böhrandan hərbi müstəviyə keçməsi böyük narahatlıq doğurur”.
Akif