«Azadlıq»ın bir neçə ay əvvəl yazdığı məlumat təsdiqini tapdı
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov tutduğu vəzifədən azad edilib. Ilham Əliyevin bununla bağlı imzaladığı sərəncamda deyilir ki, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılsın. Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Cəmiyyət Bakı Metropolitenin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı cəmiyyətə keçib.
Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə tapşırılıb.
Cəmiyyətin sədrinin və onun müavinlərinin (Idarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi, cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.
Nazirlər Kabinetinə prezidentin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb dövlət başçısna təqdim etməlidir.
Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə öz fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər həyata keçirmək həvalə edilib.
Ilham Əliyevin bu sərəncamından Tağı Əhmədovun xəbəri olmayıb. Hər halda sərəncam yayılandan sonra Bakı Metropoliteninin rəisi Tağı Əhmədov musavat.com-a deyib ki, işdən çıxarılması barədə hər hansı məlumata malik deyil: “Mənə bu haqda heç kim heç nə deməyib. Hazırda işdəyəm, kabinetimdə oturub, sizinlə danışıram”.
“Sizə işdən çıxarılmağınızı kim deməlidir”, – sualına Tağı Əhmədov belə cavab verib: “Bilmirəm, hər halda kimsə deməlidir. Amma hələ bir xəbər yoxdur. Əgər deyirlərsə ki, məni işdən çıxarıblar, demək düzdür”.
Tağı Əhmədov yerinə təyin olunduğu bildirilən Zaur Mirtofiq oğlu Hüseynovu tanımadığını da deyib: “Belə bir adam tanımıram, o, metropoliten sistemində çalışmayıb, kimliyindən məlumatsızam”.
Zaur Hüseynova gəlincə, o, bu vəzifəyə təyin olunana qədər “Bakıelektrikşəbəkə” ASC sədrinin müavini vəzifəsini tutub. O, 2007-ci ildən bu vəzifədə çalışıb. 51 yaşlı Z.Hüseynov əvvəllər “Qaradağ-Sement” ASC-nin baş mühasibi olub. Oradan “Bakıelektrikşəbəkə” ASC-yə rəis müavini vəzifəsinə gəlib.
O Lent.az-a açıqlamasında bildirib ki, sərəncamla səhər saatlarında tanış olub: “Sərəncamdan səhər xəbər tutmuşam. Məni yeni vəzifəyə təyin etdiyinə görə dövlət başçısı Ilham Əliyevə təşəkkürümü bildirirəm”.
“Metropolitendə hər hansı kadr dəyişikliyi olacaqmı?” sualına Zaur Hüseynov belə cavab verib: “Yaxşılığa doğru hər şey olacaq”.
Tağı Əhmədov işdən çıxarılmasından xəbər tutandan sonra məsələyə münasibət bildirib. O, virtualaz.org-a bildirib ki, prezidentin qərarına hörmətlə yanaşıb.
“Bundan sonra harada işləyəcəksiniz?” sualını cavablandıran Tağı Əhmədov belə deyib: “Cənab Ilham Əliyev haranı məsləhət bilsə, orada da çalışacağam”.
Keçmiş rəis əlavə suallara cavab vermək istəməyib: “Indi vaxtım yoxdur, işim başımdan aşır, telefonla danışmağa vaxtım yoxdur”.
“Azadlıq” bir neçə ay əvvəl Tağı Əhmədovun tutduğu vəzifədən azad ediləcəyi barədə məlumat yaymışdı. Həmin məlumatda bildirilirdi ki, hakim ailə dəmiryolu və metropolitenə Fransa şirkətlərini cəlb etmək niyyətindədir. Bütövlükdə dəmiryolu və metropolitenlə bağlı işlər məhz bu şirkətlərin ixtiyarına verilməsi düşünülür. Hansısa səbəbdən bu layihənin Tağı Əhmədov və “Azərbaycan Dəmir Yolları” ASC-nin rəhbəri Arif Əsgərovla həyata keçirilməsi məqsədəuyğun sayılmır və yaxın vaxtlarda onların işdən çıxarılması barədə düşünülür. Tağı Əhmədov artıq tutduğu vəzifədən uzaqlaşdırılıb. Yeri gəlmişkən, Zaur Hüseynovun hakim ailəyə yaxın şəxs olduğu bildirilir. Arif Əsgərova gəlincə, hələki nəqliyyat naziri onu qorumağa çalışır. Lakin bununla belə ehtimal olunur ki, növbəti işdən çıxarılacaq məmur Arif Əsgərov olacaq.