Seymur Həzi: «Hakimiyyət özünü daha çox Yanukoviçlə müqayisə etməkdə həvəsli görünür»
Arif Yunus: «Xalq öz iradəsini ortaya qoymasa, hakimiyyət könüllü olaraq islahatlalara getməyəcək»
Ukraynada baş verənlər bütün dünyanın gündəmini zəbt etdi və sonda Ukrayna xalqı öz istəyinə çatdı. Məlumdur ki, Ukraynada hadisələr Yanukoviçin Avrointeqrasiyadan imtina etməsindən sonra başladı. Xalq həftələrlə küçələrdə qaldı, geri çəkilmədi və Yanukoviçə bu səhvi bağışlamadı. Yanukoviç xalqa müqavimət yolunu seçsə də, bu yol uğursuzluğa apardı.
Bu mənada Azərbaycanın Ukrayna ilə ciddi oxşarlığı var və politoloqlar hesab edir ki, növbəti ünvan Azərbaycan olacaq. Ölkə başçısı Ilham Əliyev Davosda çıxışı zamanı bildirdi ki, biz Assosasiya sazişini imzalamayacağıq, ancaq Avropa Ittifaqı ilə strateji əməkdaşlığa hazırıq. Çünki, hakimiyyət bilir ki, Assosasiya sazişi imzalamaqla demokratik islahatlara imza atmış olur.
Ancaq, bütün hakimiyyətlər kimi Azərbaycan hakimiyyəti də Ukraynadakı prosesləri izləyir və xalqın iradəsinə zidd addımlar atmağın nəticəsin görür.
Bəs, Ukrayna xalqının Avrointeqrasiya savaşının nəticəsini görən Azərbaycan hakimiyyəti növbəti mərhələdə hansı yolu seçəcək?
Siyasi ekspert Seymur Həzi bildirdi ki, Azərbaycan hakimiyyəti baş verənlərdən dərs çıxarmalı və xalqın iradəsinə hörmətlə yanaşmalıdır: “Azərbaycan hakimiyyəti Ukrayna hadisələrindən ciddi dərs çıxarmalıdır. Əvvəla hakimiyyət anlamalıdır ki, balanslı siyasət erası bitdi. Xüsusilə, Rusiya və Qərb arasında balans güdmək, həmin siyasi komandanın məğlubiyyəti ilə nəticələndi. Digər tərəfdən xalqa aqressiya nümayiş etdirməyin nəticəsi bəlli oldu. Indi Yanukoviç tək qalıb, ona heç kim sahib çıxmır. Azərbaycan hakimiyyəti və onun nəzarətində olan telekanallar isə Ukraynada baş verənləri vəhşi proses kimi təqdim edir. Görünür, hakimiyyət özünü daha çox Yanukoviçlə müqayisə etməkdə həvəslidir. Bu isə ölkədə sosial narazılıqların artmasına və yeni prosesin başlamasına gətirib çıxara bilər. Ukrayna nümunəsi göstərdi ki, xalqa qarşı belə davranmaq olmaz və demokratiyanın sərhədləri divar tanımır”.
Politoloq Arif Yunus: “Ukraynada baş verənlərdən sonra Azərbaycan hakimiyytinin köklü dəyişikliklər edəcəyi inandırıcı görünmür. Çünki, hakimiyyət bunu istəmir. Hakimiyyət bilir ki, Avrointeqrasiya siyasəti onun hakimiyyətinin sonu deməkdir. Yəni, Avrointeqrasiya o deməkdir ki, xalq hakimiyyət üçün deyil, hakimiyyət xalq üçündür. Hacıbala Abutalıbovu məlum ifadəsindən sonra, hamı onu tənqid edir. Ancaq, bu Hacıbala üçün fəlakət deyil. Çünki, o xalqdan yox, prezidentdən asılı olduğunu bilir. Demokratik islahatlar baş verəndə isə xalq meri də, naziri də, prezidenti də istəmədiyi təqdirdə dəyişə bilir. Ona görə də, xalqın iradəsi olmasa hakimiyyət könüllü bu yolu tutmayacaq. Azərbaycanda daha çox sosial partlayış proqnozlaşdırmaq olar. Hakimiyyət belə bir situasiyanın yaranmaması üçün heç olmasa xırda səviyyədə islahatlara başlamalıdır. 20 ildir hakimiyyət bunların əlindədir və heç bir iş görməyiblər”.
Akif