I qrup Qarabağ əlili başına gələn dəhşətləri “Azadlıq”a danışdı: “İcra Hakimiyyətində dedilər get, özünü yandır…”
“Məni polis idarəsində incitdilər, saatlarla lüt saxladılar… Bakıya yanıq şəbəsinə aparmaqdan imtina etdilər, səhəri gün dəlixanaya gətirdilər”
Fevralın 14-də Sumqayıt İcra Hakimiyyətinin binası qarşısında sosial problem səbəbindən özünü yandırmaqla intihara cəhd edən I qrup Qarabağ əlili Malik Məcidov Ruhi Əsəb Dispanserinə salınıb. Bu barədə “Azadlıq” qəzetinə Malik Məcidovun özü deyib.
Əməkdaşımız Qarabağ qazisi ilə telefon əlaqəsi saxlamaq imkanı əldə edib və onun durumu ilə maraqlanıb.
Məcidov cavabında deyib ki, özünü yandırmaq istədiyi günün səhəri, fevralın 15-də onu Sumqayıt Ruhi Əsəb Dispanserinə aparıblar və hazırda oradadır. Bildirib ki, onu “dəlixanaya” saldıran Sumqayıtın icra başçısıdır və hazırda oradan çıxmasına da mane olur.
Əməkdaşımızın Qarabağ qazisi ilə söhbətini təqdim edirik:
– İntihar cəhdindən sonra vəziyyətiniz necədir və hazırda hansı şəraitdə müalicə alırsınız?
– İntihar cəhdindən sonra məni Sumqayıtdakı ruhi əsəb dispanserinə salıblar. Bura ağıllı adamı salsalar, dəli olub çıxar. Mənə xüsusi dərmanlar verirlər, ağzım köpüklənir. Yaralarım su verir, səhhətim pisdir. Mənim 3 uşağım var. Bunun axırı necə olacaq? Haqqımı istədiyimə görə bura salıblar. Bütün bunlar icra başçısı Eldar Əzizovun sifarişi əsasında baş verir. Səhiyyə idarəsinə tapşırıq verib ki, bu adamı izolyasiyaya salmaq lazımdır. Səhiyyənin müavini şöbə müdirinə deyib ki, bu adamı buraxmaq olmaz.
– Sizi ruhi əsəb dispanserinə aparakən nəyi əsas gətiriblər?
– Heç bir əsas yoxdur. Mən özümü yandırmışam və bu hadisə ictimailəşib. Rəhbərlik də bundan narahat olub və məni dəlixanaya salmağı tapşırıb. Ayın 15-dən bura salıblar. Bugün məni buraxmalıydılar. Ancaq, baş verənləri danışmamağım üçün məni buraxmaq istəmirlər. Mən 1-ci qrup Qarabağ əliliyəm. “Daşaltı” əməliyyatından yeganə sağ qalan adam mənəm. 14 güllə yarası almışam. Azərbaycanda Xalq Hərəkatı başlayanda öndə olmuşam. Azad, müstəqil olmaq üçün döyüşdüm, döyüldüm, həbs olundum. Sonda isə dəlixanaya layiq gördülər.
– Szi intihara əl atmağa məcbur edən nə idi?
– Keçmiş icra başçısı Vaqif Əliyev mənim şəxsi evimi satdı. Bildirdi ki, əvəzində mənə “Karvan”dan dükan verəcək. O, zaman buna etiraz etdim və mətbuatda bu haqda yazıldı. Heydər Əliyevin anım mərasimini keçirmək üçün evimi satdılar. Sonra Vaqif Əliyev öz adamlarına “novostroyka”dan ev payladı və məni növbədən çıxartdılar. Mən də bu haqsızlığa görə icra başçısının qəbuluna getdim. Ancaq məni müavini Rövşən qarşıladı. Öyərndim ki, bütün evlər paylanıb. Dedim ki, indi nə edim, gedib özümü yandırım? Dedilər ki, get yandır. Mən də özümü yandırdım. Sonra məni polis idarəsində incitdilər, saatlarla lüt saxladılar. Bakıya yanıq şəbəsinə gətirməkdən imtina etdilər. Sonra məni travmatologiyaya apardılar, səhəri gün isə dəlixanaya gətirdilər.
– Bəs mənzil probleminiz nə yerdə qaldı?
– Mənə 26 kv. metr ev verdilər. Dedilər ki, müvəqqəti burda yaşayın, sonra nazirlik tikdiyi binadan sizə 2 ev verəcəyik. İndi Xəzər bağlarında qalıram. Müraciət etdim ki, kömək edin, yaşadığım evi təmir edim, sizin verdiyiniz ev lazım deyil. Ancaq etiraz etdilər və heç bir kömək göstərə bilməyəcəklərini dedilər.
– İndi nə etmək fikrindəsiniz?
– Burda şərait çox pisdir. Məni danışmağa da qoymurlar… Qardaşım maz alıb gətirib ki, yaralarıma sürtüm. Bəlkə qanıma da infeksiya keçib. Belə davam etsə, ikinci intihara cəhd edəcəm və ölümümə imza atacam. Mən belə yaşamaq istəmirəm. Axı mən dəfələrlə dinc şəkildə haqqımı tələb etmişəm. Son çarəni intiharda gördüm. Mənə kömək etmək əvəzinə, dəli kimi qələmə verib, dəlixanaya atıblar.
azadliq.info