I qrup Qarabağ əlili Sumqayıt İcra Hakimiyyətinin qarşısında özünü yandırmaq istədi
Malik Məcidov hazırda xəstəxanadadır
Azərbaycanda daha bir Qarabağ əlilinin özünü yandırması barədə məlumat yayılıb. Sumqayıt şəhər Polis Idarəsindən “lent.az”a verilən məlumata görə, Sumqayıt sakini, 1-ci qrup Qarabağ əlili Məcidov Malik Qardaşxan oğlu özünü Sumqayıt şəhər Icra Hakimiyyətinin qarşısında yandıraraq intihar edib.
Əvvəlcə Sumqayıt şəhər xəstəxanasına aparılan M.Məcidovun gecə saatlarında Bakıdakı 5 saylı xəstəxanaya gətirilməsi barədə də məlumatlar yayılıb. Bu üzdən də dünən 5 saylı xəstəxanaya getdik. Bizimlə söhbət edən əməkdaşlar xəstəxanaya bu ad-soyadda adamın gətirilmədiyini dedi: “Gün ərzində onlarla jurnalist bura gəlib. Bu məlumatlar yalandır”.
Sumqayıt Mərkəzi Xəstəxanasından “Azadlıq” radiosuna deyiblər ki, Malik Məcidov fevralın 14-də kimyəvi yanıq xəsarətilə xəstəxanaya yerləşdirilib: “Indi palatadadır, bədənində kimyəvi yanıq xəsarətləri var, vəziyyəti kafidir”.
“Qarabağ qaziləri” Ictimai Birliyinin Sumqayıt təşkilatının sədri Elşən Mustafayev deyir ki, Malik Məcidov ev problemi ilə əlaqədar şəhər icra hakimiyyətinin nümayəndələrilə görüşüb. Həmin görüşdən sonra isə intihara cəhd edib: “Malik Məcidov icra hakimiyyətinin binası qarşısında özünü yandırmaq istəyib. O, Daşaltı əməliyyatından sağ çıxan bir neçə nəfərdən biridir. Əsəbləri çox gərgindir. Yaxşı ki, həmin vaxt yanında olanlar ona alışqanı çəkməyə imkan verməyiblər. Indi xəstəxanadadır. Görünür, benzinli paltar əynində çox qalıb və bədəninə zəhərlənmə verib. Bədənində qızartılar var. Əsəbləri çox gərgindir. Həkimlər onun bir qədər müalicəyə ehtiyac olduğunu deyirlər”.
Elşən Mustafayev daha sonra APA-ya açıqlamasında bildirib ki, M.Məcidovun özünü yandırması barədə yayılan informasiyalar doğru deyil: “Malik Məcidov özünü yandırmaq istəyib, lakin ətrafındakı insanlar buna mane olublar. Sadəcə, Malik Məcidov intihar məqsədilə üstünə benzin tökdüyü üçün həmin maye onun dərisinə zəhərlənmə verib. Hazırda Sumqayıt xəstəxanasında müalicə alan əlilin vəziyyəti normaldır”.
Sumqayıt şəhər icra başçısının sosial-iqtisadi məsələlər üzrə müavin Sahib Quliyev isə “anspress”ə belə bir hadisənin olmadığını deyib: “Hər gün çoxlu sayda müraciətlər daxil olur. Lakin dünən heç kəs özünü öldürmək istəməyib. Deyilənlər yalandı. Sumqayıtda problemi olanlar bizə müraciət edib və tərəfimizdən əhalinin bütün problemləri həll olunur”.
Sumqayıt şəhər Polis Idarəsindən isə “anspress”ə təsdiqləyiblər ki, Malik Məcidov Sumqayıt şəhər Icra Hakimiyyətinin qabağına gəlib, əlindəki butulkanın içərisindəki benzini üstünə tökərək özünü yandırmaq istəyib. Lakin ərazidə olan polis əməkdaşları onu durdura bilib.
Fevralın 15-də “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” ictimai birlikləri birgə müraciət yayıblar. Müraciətdə deyilir ki, problemlərin həlli üçün intihar çıxış yolu deyil: “Özünüzü yandırmayın, biz sizin problemlərinizi, ağrı-acılarınızı çox yaxşı başa düşürük, amma bunların həlli üçün intihar çıxış yolu deyil. Zaur Həsənovun özünü yandırmaqla intihar etməsindən sonra Qarabağ əlillərinin problemlərinin effektli həlli istiqamətində dövlət orqanları ilə çox ciddi işlər aparılır. Bu qəbildən olan insanların problemlərinin həllilə bilavasitə məşğul olan nazirlik və digər struktur rəhbərləri ilə gözlər başlayıb. Bütün Qarabağ əlillərinin, şəhid ailələrinin, veteranlarının həyatına müsbət təsir edəcək, daha konkret işlərin görülməsinin müzakirəsinə başlanıb. Görüşlər və müzakirələr davam edir. Belə bir məqamda problemlərinizə görə özünüzə qıymayın”.
Ramin DEKO