Bir neçə gün öncə “Yeni Müsavat”la “Səs” qəzeti arasındakı müqayisəni faktlarla dərc etmişdik. Məlum olmuşdu ki, “Yeni Müsavat” qəzetinin demokratik düşərgəyə qarşı apardığı düşmənçiliyi hökumətin qatı təbliğatçısı olan qəzetlər bacarmır. Ötən gün isə “Yeni Müsavat” qəzetinin hökumət qəzetlərinə necə “pas” ötürməsindən yazmışdıq.
Belə ki, bir qayda olaraq “Yeni Müsavat”da Milli Şura və onun liderlərinə qarşı dərc olunan böhtan xarakterli yazılar bir gün fərqlə “Yeni Azərbaycan” qəzetində təkrarlanır. Sanki, bu 2 qəzet ittifaq bağlayıb və qarşı tərəfi hədəf seçməyə söz veriblər.
Bütün bunlar azmış kimi hələ utanmadan “Yeni Müsavat bütün ölkəyə açılım edib” deyirlər. Hansı açılımdan söhbət gedir cənablar?
Əgər, Milli Şuranı vurmaq üçün hökumət deputatlarından aldığınız açıqlamaları deyirsinizsə, “Azadlıq” belə açıqlamaları öz prinsiplərinə xəyanət kimi qiymətləndirir. Yaxud, “Azadlıq” qəzetini qarşı tərəfə tribuna verməməkdə ittiham edirlər. Siz nə vaxt yazdıqlarınıza görə “Azadlıq”dan münasibət öyrəndiniz ki, indi də “Azadlıq”dan tribuna istəyirsiniz?
Hətta səmimi oxucular da “Yeni Müsavat”ın tutduğu mövqeyi, seçdiyi kursu gözəl anlayırlar. Ən azı qəzetin saytında gedən materiallara gələn şərhlərə nəzər salmaqla bunu açıq görmək mümkündür.
“Yeni Müsavat”ın müsavatçı baş yazarı Ilham Əliyevi Əli Kərimlidən çox istədiyini açıq etiraf etmədimi? O, zaman bu qəzet kimə müxalifətdədi?
“Yeni Müsavat”ın bu gün götürdüyü kurs, YAP-ı Milli Şuradan müdafiə etmək öhdəliyinə uyğun gəlir. Bu qəzetin səhifələrini vərəqləyəndə prinsipial mövqeni ifadə edən xəbər görünmür. Qəzet bütün ordusu ilə Əli Kərimli və Milli Şuranı hədəf alıb.
Milli Şura və onun liderlərinə qarşı “Yeni Azərbaycan”dan fərqli münasibət sərgiləməyən qəzet, müxalifət qəzeti ola bilməz.
“Yeni Müsavat”ın bəzi yazarları “Azadlıq” qəzetinə dərs keçmək sevdasına düşüb. “Azadlıq”ın uzun illərdi hakimiyyətə qarşı sərgilədiyi mövqeyi, “Yeni Müsavat” 1 gün təkrarlaya bilərmi?
Ehtiyatlı olun cənablar. Ittiham edəndə, çevrilib özünüzə nəzər salmağı unutmayın.
Biz, heç kimə böhtan atmırıq və fantaziyalarımızı tirajlamırıq. Sadəcə olaraq “Yeni Azərbaycan və ”Yeni Müsavat” qəzetləri arasındakı oxşarlığın yalnız “yeni” sözündən ibarət olmadığını sübut edirik. Hər gün bu 2 qəzetin səhifələrini vərəqləsəniz “Yeni Müsavat”la, “Yeni Azərbaycan” ittifaqının şahidi olacaqsınız.
Azad