Mütəxəssislər sarı metalın qiymətinin dünya bazarına bağlı olduğunu deyir
Dünya bazarında qızılın ucuzlaşması Azərbaycanda da qiymətli metalın qiymətlərinə təsirsiz ötüşməyib. Paytaxtın qızıl dükanlarında aparılan müşahidələr göstərir ki, qiymətlərdə az da olsa, ucuzlaşma var. Bu metalın ucuzlaşması ABŞ-da büdcə böhranı ilə bağlı pozitiv gözləntilərlə əlaqədardır. Investorlar ABŞ-ın böhranın təsirini aradan qaldırmaq üçün yeni dollar çapına başlayacağını gözlədiklərindən, qızıla o qədər də maraq göstərmirlər.
Əgər hadisələr əksinə inkişaf edərsə və ABŞ-da böhran dərinləşərsə, investorların dollara inamını itirməsi qızılı bahalaşdıra bilər. Ekspertlər bunu ən təhlükəli variant hesab edirlər.
Paytaxtın qızıl alış-veriş məkanlarında son günlər alıcıların sayının artdığı da nəzərə çarpır. Bu isə qızılın ucuzlaşması və ona olan tələbatın artmasının təzahürüdür. Görəsən, qızılın qiymətinin sürətlə düşməsi bu minvalla davam edə bilərmi?
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, qızılın qiyməti dünya bazarındakı konyukturadan asılı məsələdir. Ekspertin sözlərinə görə, ümumi qayda budur ki, praktik təklif azalıb-çoxalırsa, qızılın qiyməti də enib-qalxmağa başlayır. Yəni, bu məsələ yalnız dünya bazar qiymətlərindən asılı olaraq tənzimlənir.
Sosial şöbə