Keçmiş rektor deputatı fərari adlandırdı
Zahid Oruc: «Kojenin əsrin 100 fırıldaqçısı arasında 100-cü yeri tutursa, Elşad Abdullayevin adın 101-ci sıraya yazmaq olar»
“Baş Prokurorluq Elşad Adbullayev barəsində açdığı cinayət işini sadəcə neytral bir vəziyyətdə saxlamaqla kifayətlənməməlidir və lazımi işləri görməlidirlər”. Bunu azvision.az-a açıqlamasında millət vəkili Zahid Oruc fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev barəsində açılmış cinayət işi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, müxtəlif dairələr elə bir çətir qurublar ki, onu yarıb keçmək və Elşad Abdullayevin ekstradisiyasına nail olmaq reallaşmır. Deputat ölkə daxilində də Elşad Abdullayevin himayədarlarının olduğunu qeyd edib.
Elşad Abdullayev isə deputatın ittihamları ilə bağlı cumhuriyyet.az-a belə deyib: “Mənim Zahid Oruc kimi adamların nə fikri ilə tanış olmağa, nə də ona cavab verməyə vaxtım yoxdur. Hər halda bu fərari deputatı Azərbaycan xalqı tanıyır”.
Zahid Oruc Elşad Abdullayevin “fərari deputat” ittihamına cavab verib. O bildirib ki, Elşad Abdullayev ləyaqətini itirmiş və çirkaba batmış insandır: “90-cı illər Azərbaycanın özünəməxsus şəraiti vardı və bu fonda da müsbət və mənfi qəhrəmanlar yetişməkdə idi. Bu mənfi qəhrəmanların ən bariz nümayəndələrindən biri də Elşad Abdullayev idi. O, Gülər Əhmədova ilə üz-üzə gəlməsəydi də bütövlükdə Elşad Abdullayevin fəaliyyəti ictimaiyyətə bəlli idi. Onun məqsədi bazar qanunları ilə işləyən Universitetində insanları soymaq, təhsil adı ilə insanları aldatmaq olub. Dəhlizlərdə 30-40 manat rüşvət almaqla məşğul olan adamın kimisə ittiham etməyə haqqı yoxdur. Onun mübarizəsi qardaş təəssübkeşliyi ilə bağlı deyil, sadəcə insanları şantaj edib pul almaqdır. Mən ehtiyatda olan zabitəm və hər zaman xalqıma xidmət etmişəm. Elşad Abdullayev beynəlxalq miqyaslı dələduzdur. Kojeninin adı əsrin 100 fırıldaqçısı sırasında 100-üncüdürsə, Elşad Abdullayevi 101-ci sıraya yazmaq olar. Ən böyük fərarilik xalqa münasibətlə ölçülür və Elşad Abdullayevin yeri həbsxanadır. Onda nə zabit şərəfi, nə də əsagər ləyaqəti var”.
Ilham