«Hər halda bu fərari deputatı Azərbaycan xalqı tanıyır»
“Baş Prokurorluq Elşad Adbullayev barəsində açdığı cinayət işini sadəcə neytral bir vəziyyətdə saxlamaqla kifayətlənməməlidir və lazımi işləri görməlidirlər”. Bunu azvision.az-a açıqlamasında millət vəkili Zahid Oruc fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev barəsində açılmış cinayət işi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, müxtəlif dairələr elə bir çətir qurublar ki, onu yarıb keçmək və Elşad Abdullayevin ekstradisiyasına nail olmaq reallaşmır. Deputat ölkə daxilində də Elşad Abdullayevin himayədarlarının olduğunu qeyd edib: “Məsələnin başqa bir tərəfi də odur ki, hazırda ölkə daxilində Elşad Abdullayevi müdafiə edənlərin hakimiyyət əleyhinə bir cəbhə açmağıdır. Korrupsiyaya qarşı mübarizəni özünün ideologiyası elan edən müxalif dairələr Elşad Abdullayevi həm informativ, həm siyasi cəhətdən ciddi müdafiə edirlər. Bunun özü sübut edir ki, onların korrupsiyaya qarşı mübarizə üsulu nədən ibarətdir? Elşad Abdullayev həmin çirkli vasitələrlə qazandıqları pulların kiçik bir vasitəsini bu mübarizəyə yönəltsə onu da məmnunluqla qəbul edərlər”.
Elşad Abdullayev deputatın ittihamları ilə bağlı cumhuriyyet.az-a bildirib: “Mənim Zahid Oruc kimi adamların nə fikri ilə tanış olmağa, nə də ona cavab verməyə vaxtım yoxdur. Hər halda bu fərari deputatı Azərbaycan xalqı tanıyır”.
Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi də Zahid Oruca cavab verib. Komitədən cumhuriyet.az-a daxil olan cavabı ixtisarla təqdim edirik: “Zahid Orucun vəzifəsi Milli Şura, onun namizədi Cəmil Həsənli, qurum rəhbərliyində olan Isa Qəmbər, Əli Kərimli, Eldar Namazov və başqaları haqda danışmaq oldu. Yəni bu adamı hər zaman məqsədlər üçün istifadə ediblər və bu gün də edirlər. Başqa sözlə, Zahid Oruc bir qrupun ”ştatlı” şilləvuranıdır. “
Bu deyilənlərə bircə əlavə qalır. Barıt çəlləyi kimi partlamağa hazır olan bir cəmiyyətə istənilən qığılcımın nələr edəcəyini çox düşünür Zahid Oruc. Mövcud durumu hamısından çox anladığı üçün, hamıdan çox qorxur. Hamıdan da çox qorxduğu üçün, daha çox recimin müdafiəsində durur. Bu adamlar yalana, oğurluğa, ağalığa, özbaşınalığa o qədər susayıb ki, dəyişiklik yolu tapa bilməz və tapa da bilmir. Onlar hiylədən başqa heç nəyə öyrəşməyiblər. Onlar xalqı yalnız aldatmaq obyekti kimi görürlər. Onlar xalqa xidmət etməyi ağıllarına belə gətirə bilmirlər”.