Azərbaycanda hakimiyyətin qəsb olunduğu haqda bəyanat verildi
Təkrar seçki tələbinin də əks olunduğu bəyanat beynəlxalq qurumlara göndəriləcək
Milli Şura seçkidən sonra ilk sessiyasını dünən keçirdi. Cəmil Həsənlinin sədrlik etdiyi iclasın gündəliyi iki hissədən ibarət idi: təşkilati məsələlər, seçkilərin qiymətləndirilməsi və Milli Şuranın qarşısındakı vəzifələr.
Əvəz Temirxan Milli Şuradan getdi
Gündəliyin təsdiqlənməsi zamanı sessiyada qısa da olsa, gərginlik yaşandı. Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan təklif etdi ki, təşkilati məsələlər gündəlikdən çıxarılsın və ya müzakirələr zamanı adlar çəkilməsin. Onu narahat edən məqam isə professor Lalə Şövkətlə bağlı idi. Çünki təşkilatı məsələlərin müzakirəsi zamanı həm də bəyanat verərək Milli Şuradan uzaqlaşan şəxslərin, eləcə də iclaslara ardıcıl qatılmayanların üzvlükdən çıxarılmasının rəsmiləşdirilməsi də nəzərdə tutulmuşdu.
İclasın aparıcısı Cəmil Həsənli izahat verdi ki, adlar üzərində dayanma onsuz da olmayacaq. Lakin yerdən replikalar oldu ki, necə gələndə uca səslə ad çəkərək gəliblər, gedənlərin də adı səslənməlidir.
Budan sonra Əvəz Temirxan ALP olaraq, Milli Şuraya və Cəmil Həsənliyə uğur arzulayaraq, iki tərəfdarı ilə sessiyanı tərk etdi.
“Rəsul Quliyevi də çıxarın!”
Sessiyada Milli Şura üzvlərindən Səxavət Soltanlı və Mustafa Hacıbəyli Rəsul Quliyevin də bu qurumdan çıxarılmasını təklif etdilər. Lakin Cəmil Həsənli bildirdi ki, Rəsul Quliyev Milli Şuradan çıxmaq barədə rəy bildirməyib. Bu səbəbdən onunla bağlı məsələ baxılmamış saxlanıldı.
“Rüstəm İbrahimbəyovla fəxr edirəm!”
Milli Şuranın üzvü Hüseyn Hüseynov isə Rüstəm İbrahimbəyovun sədrlikdən uzaqlaşdırılması və əvəzinə Cəmil Həsənlinin gətirilməsi barədə təklif irəli sürdü. Lakin sessiya iştirakçıları onun təklifini müsbət qiymətləndirmədi.
Cəmil Həsənli özü də bu təklifin yerinə düşmədiyini qeyd edərək, Milli Şura ideyasına görə İbrahimbəyova minnətdar olduğunu vurğuladı. Əlavə etdi ki, Rüstəm İbrahimbəyovla birgə işlədiyinə görə qürur hissi keçirir.
Cəmil Həsənli sessiya iştirakçılarının nəzərinə çatdırdı ki, İbrahimbəyovun özünün də struktur dəyişikliyilə bağlı təklifləri var və onlar gələcəkdə müzakirə ediləcək.
Milli Şuradan çıxarılanlar
Gündəlik səsvermə ilə təsdiqlənəndən sonra dərhal birinci məsələ həll edildi. Milli Şuranın icra katibi Eldar Namazov üzvlüyünə xitam veriləcək şəxslər barədə hesabatı təqdim etdi. Səsvermə qaydasında 9 nəfər (7-si öz bəyanatıyla – Lalə Şövkət, Asəf Quliyev, Zəminə Dünyamalıyeva, Solmaz Hüseynova, İlham Hüseyn, Mövsüm Səmədov, Elçin Manafov, 2-si – Gülnarə Qurbanova və Akif Şahbazov isə davamiyyət səbəbilə) Milli Şura üzvlüyündən çıxarıldı.
Üzvlüklə bağlı müzakirələrin sonunda Cəmil Həsənli Əvəz Temirxanın bir qədər əvvəlki hərəkətini “yanlış addım” adlandırdı. Bildirdi ki, hakimiyyətə qarşı mübarizə aparan burada olmasıyla Milli Şura daha da güclənəcək.
Bəlli oldu ki, toplantıda ALP sədrinin addımını dəstəkləməyən partiya üzvləri var və onlar fəaliyyətlərini davam etdirməkdə qərarlıdılar.
“Avropa Parlamentinin saxtakarlığı təsdiqləməsi müxalifətin qələbəsidir”
Seçkinin qiymətləndirilməsi məsələsi ətrafında Cəmil Həsənli geniş məruzə ilə çıxış etdi.
9 oktyabrda Əliyevlərin seçki saxtakarlığı ilə hakimiyyəti qəsb etməsindən bəhs edən Cəmil bəy bildirdi ki, bu fakt artıq bütün dünyanın gündəminə düşməkdədir. Azərbaycanda seçkinin saxtalaşdırıldığını bəyan edən beynəlxalq təşkilatlar hər keçən gün artır və bunlardan ən mühümü srağagün Avropa Parlamentinin qəbul etdiyi qətnamədir: “Bu qərar mənim üçün gözlənilməz olmadı. Avropa Parlamentinin bu qərarı müxalifətin qələbəsidir. Əminliklə deyirəm, özünə hörmət edən bütün təşkilatlar saxtakarlara qarşı Avropa Parlamenti kimi ədalətli mövqe tutacaqlar”.
Avropalı deputatların ələ alınması
Cəmil Həsənli Avropa Parlamentinin müşahidə missiyasına daxil olmuş və saxta seçkiyə müsbət rəy vərmiş 7 deputat barədə də ilginc məlumatlar açıqladı. Bildirdi ki, onsuz da Avropa Parlamenti bu adamların rəyini əhəmiyyətsiz sayıb, üstəlik, o deputatların çirkin işə qoşulmalarına dair müzakirələr başlayıb: “Bizim özümüzdə də mötəbər faktlar, dəlillər var. O deputatların ələ alınmasına hakimiyyətyönlü AVCİYA (Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası) adlı QHT-nin rəhbəri, deputat Elxan Süleymanov rəhbərlik edib. Bu ələ alma hansı oteldə olub, hansı məbləğdə pul verilib, tərcüməçilər kim olub – bütün bunlardan xəbərdarıq. Rüşvətə qonarar adı qoyub veriblər. Sizi əmin edirəm, bu natəmiz işlərə qoşulan isanların hamısını öz ölkələrində belə, rüsvay edəcəyik”.
Milli Şura bu seçkidə qələbə qazandı
Cəmil Həsənli bildirdi ki, Azərbaycan xalqı total qorxu, avtoritar mühitdə nə etmək mümkündüsə, edib. Onun sözlərinə görə, xalqın təxminən 20 faizi seçkiyə qatılıb və onların böyük əksəriyyəti Milli Şuranın namizədinə səs verib: “Milli Şura bu seçkidə mənəvi qələbə qazandı. Qarşıda duran əsas vəzifə bu mənəvi qələbəni siyasi qələbəyə çevirməkdir”.
Məzahir Pənahovun etirafı və İlham Əliyevin vurduğu ləkə
Cəmil Həsənli qeyd etdi ki, İlham Əliyevin xəlvəti and içməsi də Milli Şuranın gücü ilə bağlı məsələdir: “Azərbaycan tarixində belə bir şey olmamışdı ki, Konstitusiya Məhkəməsinin qərarı ilə eyni gündə andiçmə olsun”.
Cəmil bəy Konstitusiya Məhkəməsindəki məzhəkədən də söz açdı. Dedi ki, orada ona danışmağa imkan verilməməsi seçki kampaniyasıdakı total saxtakarlığın, qanunsuzluğun davamı idi və belə bir şəraitdə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun da dili çaşıb doğrunu deyib: “Məhkəmə hakiminin önündəki çıxışında Məzahir Pənahov dedi ki, “biz səsləri bölüşdürəndən sonra…” Bəli, o, real mənzərəni danışdı, məntəqələrdə səslər sayılmayıb, bölüşdürülüb.
Prezidentlik yüksək məqamdı, İlham Əliyev isə saxtakarlıqla, qanunsuzluqla o məqamı aşağıladı, hörmətsiz etdi, urvatdan salıb ləkələdi”.
Hə etməli?
Bundan sonra Cəmil Həsənli Milli Şuranın qarşısında dayanan “Hə etməli?” sualını cavablandırdı. O bildirdi ki, Milli Şura daha da güclənməli, daha çevik siyasət aparıb xalqı ətrafında səfərbər etməlidir: “Milli Şura xalqımızın cazibə mərkəzinə çevrilməlidir”.
Cəmil Həsənli dedi ki, Milli Şuranın fəaliyyətində prioritet məsələ kimi korrupsiyaya qarşı mübarizə dayanmalıdır. Bundan başqa, Milli Şura işğal altındakı torpaqlarımızın azadlığı barədə ciddi fəaliyyətə başlamalıdır. O, hakimiyyətin Qarabağla bağlı yürütdüyü siyasəti “yalançı” adlandıraraq tənqid etdi. Bir daha vurğuladı ki, 20 ildə 20 metr torpağı işğaldan azad etməyən adamların hakimiyyətdə qalmağa mənəvi haqqı yoxdur.
“Azərbaycanda ədalətsizliyin kökünü kəsəcəyik!”
Cəmil Həsənli çıxışında vicdan məhbuslarıyla bağlı məsələyə də toxundu. Bildirdi ki, bu gün Azərbaycan həbsxanalarında onlarla vicdan məhbusunun olması bu ölkədə insan hüquqlarının total şəkildə pozulmasının sübutudur. Qeyd etdi ki, Milli Şura günahsız həbs olunan hər kəsin, o cümlədən jurnalistlərin, gənc fəalların, dindarların, siyasilərin azadlığı istiqamətində əlindən gələni edəcək.
Cəmil Həsənli çıxışını nikbin notlarla tamamladı: “Biz Azərbaycanda zülmün, ədalətsizliyin, korrupsiyanın kökünü kəsib, dövlətimizi də, insanlarımızı da azadlığa çıxaracağıq!”
“Verdiyimiz qərarlar doğru olub”
Daha sonra Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli çıxış edərək, seçki ilə bağlı fikirlərini bölüşdü. Bildirdi ki, əslində, seçkiyə gedərkən Azərbaycanda demokratik mühitin olmadığını biliblər. Məhz ona görə də çalışıb birgə qüvvə kimi, seçkiyə getməyə nail oldular: “Müxalifətin geniş koalisiyasının formalaşması imkan yaratdı ki, bu qədər məhdud şəraitdə belə, Azərbaycan xalqının geniş dəstəyini qazanmaq, seçkinin saxtalaşdırıldığını sübut etmək mümkün olsun. Elə bütün bunların nəticəsidir ki, Azərbaycan hakimiyyəti saxtakarlığına görə beynəlxalq aləmin ittihamlarıyla üz-üzə qalıb. Deməli, indiyədək verdiyimiz qərarlar, adladığımız mühüm mərhələlər düzgün olub. Bu seçki bizə həm də o mesajı verdi ki, xalqımız ölkənin real müxalifətinin, fəal gənclərinin, vətəndaş cəmiyyətinin, dindar kəsiminin birlikdə olmasının tərəfdarıdır. Xalq belə bir birliyi dəstəkləyir. Ona görə də belə birliyin layiqli namizədinə səs verdilər”.
Müxalifətin Əliyev üzərində qələbəsi
Əli Kərimli bildirdi ki, uğurlu format və Milli Şuranın namizədinin uğurlu seçki kampaniyası nəticəsində iki-üç il əvvələdək “dissidentlər klubunu” xatırladan müxalifət İlham Əliyevi mənəvi-siyasi məğlubiyyətə məruz qoyub. O, bunu Milli Şuranın uğuru kimi qiymətləndirdi və əməyi olan hər kəsə təşəkkür etdi.
Dünya Azərbaycan hakimiyyətinin qeyri-legitim olduğunu bəyan edir
Əli Kərimli bildirdi ki, seçki kampaniyasında müxalifət əhalinin hakimiyyətdən narazılıqlarını səsə çevirə bildi, amma qarşıda daha böyük işlər var. Bu da narazılıqları fəal, etirazçı hərəkata çevirməkdən ibarətdir. Bunun üçün əlverişli zəmin var: “Dünyanın bütün nüfuzlu qurumları 20 ildə ilk dəfədir ki, Azərbaycan xalqı ilə həmrəydir. Xatırlamalıyıq ki, Azərbaycanda sülalə hakimiyyəti xarici havadarlarının hesabına hakimiyyəti qəsb edib, sonra da hər dəfə büdrəyəndə onlardan dəstək alaraq, Azərbaycan xalqına zor tətbiq etməklə mövcudluqlarını qoruyub saxlayıblar. Açıq demək lazımdır ki, dəstək xarakterli, “demokratiyaya doğru bir addım” tipli bəyanatlar Azərbaycan xalqını xeyli dərəcədə ruhdan salıb, demokratik hərəkata vurulan ən ciddi zərbələrdən olub. Nəhayət, bizim apardığımız işlər və dünyanın dəyişməsi nəticəsində vəziyyət fərqli məzmun alıb. Xüsusən “Ərəb baharı” dünyanın vicdanını oyatdığından, artıq beynəlxalq aləm həqiqəti görməmək üçün gözünü yummur. Azərbaycan hakimiyyətinin xərclədiyi neft pulları, kürülər həqiqətləri ört-basdır etməyə kifayət etmir. Bu gün dünyanın ən nüfuzlu qüvvələri – ABŞ Dövlət Departamenti, Avropa Parlamenti, ATƏT Azərbaycandakı hakimiyyətin qeyri-legitim olduğunu bəyan edir”.
Hakimiyyət xalqın maraqlarını şəxsi maraqlara qurban verir
AXCP sədri beynəlxalq aləmin bu cür reaksiyasından sonra Əliyev hakimiyyətinin isterik vəziyyətə düşməsindən də danışdı: “Bugünkü məlumatlarda görürük ki, hakimiyyət Avropa Parlamentini qarışıqlıq salmaqda, təxribat törətməkdə ittiham edir. Onlar Avropa strukturlarından çıxacaqları barədə bəyanatlarıyla öz aləmlərində Qərbi şantaj edirlər. Bu o deməkdir ki, hakimiyyət öz kürsüsünü qoruyub saxlamaqdan ötrü xalqımızın maraqlarına zidd olaraq, ölkəni özünütəcridə aparır. Azərbaycan hakimiyyətinin bu siyasəti durdurulmalıdır. Çünki bu, Azərbaycan xalqının maraqlarına qətiyyən cavab vermir. Azərbaycan hakimiyyətinin təmsilçiləri öz şəxsi, qrup maraqlarını təmin etməkdən ötrü ölkənin milli maraqlarını təhlükəyə atmağa hazırdılar. Avropa Birliyi Qarabağla bağlı iki dəfə qətnamə qəbul edib, ölkəmizin ərazi bütövlüyünə dəstəyini ifadə edib, münaqişənin BMT qətnamələri əsasında həllinin tərəfdarı olduğunu vurğulayıb. Hətta son qətnamədə də mövzuya aidiyyəti olmasa belə, yenə də Qarabağın işğalı faktı əksini tapıb. Avropa Parlamentinin qətnaməsində göstərilib ki, Azərbaycanın ərazi bütövlüyünə dəstək verirlər, eyni zamanda, azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsini də dəstəkləyirlər. Avropa Parlamenti Azərbaycan xalqının, əzilən insanların haqqına dəstək verdiyinə görə hakimiyyət bu qurumun Qarabağla bağlı dəstəyini görməməzliyə vurub. Çünki bunlara Qarabağ yalnız spekulyasiya üçün lazımdır. Belə olmasaydı, bu sənəddən sonra da hayasızcasına deməzdilər ki, “qətnamənin qəbulunda məqsəd işğal olunan torpaqları Azərbaycandan almaqdır”.
“Hədəf 27 oktyabr mitinqidir”
Əli Kərimli daha sonra hakimiyyətin son addımlarıyla bağlı gəldiyi nəticələri bölüşdü: “Burdan bir neçə nəticə çıxır:
Bir: hakimiyyət xalqımızın maraqlarına zidd olaraq, onu avrointeqrasiya kursundan sapdırmaq istəyir. Çünki orada özünə təhlükə görür. Ona görə də cəmi bir neçə ay əvvəl qondarma milli libas geymiş bu adamlar indi açıq-aşkar Azərbaycanın dövlət müstəqilliyinə, suverenliyinə zərbə vurmaq xəttini tutublar. Deməli, bu adamlardan xilas olmaq yalnız demokratiyanın, azadlığın, ədalətin tələbi deyil, ölkənin milli maraqlarının tələbidir. Bu, dövləti qorumağın şərtidir, tələbidir. Fikrimcə, indi hər kəsə aydın olmalıdır ki, bu rejimlə mübarizə yalnız azadlıq və demokratiya üçün deyil, Azərbaycanın ərazi bütövlüyü uğrundadır;
İki: hakimiyyət Qərblə imitasiya formasında da olsa, qarşıdurma yaratmaqla, ölkədə azadlıqları daha da məhdudlaşdırmaq istəyir. Biz Milli Şura olaraq, yəni, xalqdan real mandat alan qurum kimi, beynəlxalq aləmdən dəstək görən şəxslər olaraq, xalqla açıq danışıb deməliyik ki, dünya bizim səsimizi eşidir, dünya bizimlədir, amma çox təəssüf ki, hazırlıqlarımız Azərbaycanı xilas etməyə tam yetmir. Lakin proses davam edir, kim qarantiya verə bilər ki, sabah bizim mitinqlərimiz onminləri, yüzminləri əhatə etməyəcək. İndi qarşımızdakı hədəf oktyabrın 27-də keçiriləcək mitinqin kütləvi alınmasıdır, fürsətləri düzgün qiymətləndirməkdir.
Azərbaycan xalqına açıq demək lazmıdır ki, hər tərəfdən gözü-qulağı yığmaq lazımdır. Heç kim gəlib bizim əvəzimizə mitinq edib, demokratiya qurmayacaq. Bütün obyektiv qiymətlər verilib, hamı bizim mənəvi haqlılığımızı görür. İndi biz məsuliyyəti üzərimizə götürməliyik, xalq olaraq meydanlara çıxmalıyıq, dinc mübarizə ilə Azərbaycanda azadlığı bərqərar etməliyik”.
“Harazı təbəqəni aktivləşdirməliyik”
Daha sonra Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər çıxış edərək, seçkiyə gedən əhalinin azlığından danışdı: “Əhalinin neçə faizini aktivləşdirib seçki qutusuna gətirə bildik? Bu rəqəm 15-25 faiz arasında dəyişir. Təxminən 20 faizin də hamısı Cəmil bəyə səs verənlər deyil. Biz səs verməli olan vətəndaşların 10-12 faizini aktivləşdirə bilmişik. Bizim gələcək planımızda hədəflərimizdən biri də seçici kütləsi olmalıdır. Həmçinin biz nə qədər vətəndaşı meydana çıxara bilərik, bunu dəqiqləşdirməliyik. Seçki komissiyaları normal olmadan, normal seçki mühiti olmadan real nəticə əldə etmək praktiki olaraq mümkün deyil. Demokratik seçki mühiti yaranmadan seçkidə necə qələbə qazanmaq olar? Biz bunu da nəzərə almalıyıq”.
Sülhəddin Əkbər həmçinin gələcəkdə qonşu dövlətlərdə, həmçinin Avropa ölkələrində Milli Şuranın təmsilçisinin mövcudluğunu vacib saydı.
“Milli qüvvələr imtahandan şərəflə çıxdı”
İbrahim İbrahimli isə çıxışında vurğuladı ki, Milli Şuranın yaranması və seçkidə vahid namizədlə iştirakı nəticəsində müxalifət Azərbaycanda gerçəkdən yeni bir yeni situasiya yarada bilib: “Biz xalqın sifarişini yerinə yetirməklə, bütün müxalif qüvvələri bir araya gətirdik və vahid namizəd müəyyənləşdirdik. Ən çətini də məhz bu idi və biz onun öhdəsindən gələ bildik. Milli qüvvələr bu imtahandan çox ləyaqətlə, şərəflə çıxdı. Bu qüvvələrin bir araya gəlməsi yeni bir hadisədir”.
İbrahim İbrahimli bundan sonra da fəaliyyəti davam etdirməyin və gücləndirməyin vacibliyini vurğuladı.
“Dünya Azərbaycanda hakimiyyətin qəsb olunduğunu dərk elədi”
Milli Şuranın digər üzvü Hacıbaba Əzimov hakimiyyətin hər ötən seçkidən sonra daha çox xalqın nifrətini qazandığını bildirdi. Həmçinin beynəlxalq aləmin Azərbaycandakı seçki saxtakarlığına reaksiyasından danışdı: “Böyük dövlətlər, beynəlxalq təşkilatlar ilk dəfədir ki, Azərbaycanda hakimiyyətin qəsb edilməsini belə dərindən dərk etdi, buna müvafiq qiymət verdi. Bu, Milli Şuranın və Cəmil Həsənlinin böyük qələbəsidir. Ancaq bu gün əldə edilən qələbə ilə kifayətlənə bilmərik. Biz qələbəni reallaşdırmağın yollarını axtarmalıyıq. Əgər mübarizəmizi yarımçıq qoysaq, gələcəkdə bu hakimiyyətə münasibət tədricən yumşala, hazırda ölümcül olan bir rejim, hakimiyyət dayanıqlı ola bilər. Biz bunun qarşısını almağın yolları barədə düşünməliyik. Biz Milli Şuranın ətrafında birləşən insanlardan daha yaxşı istifadə edə bilərik, daha çox iş görə bilərik. Təşkilatlanma işinə diqqət artırılmalıdır”.
Daha sonra KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış etdi. O, Milli Şuranı fəaliyyətindəki bəzi məqamları tənqid etdi. Bununla yanaşı, ondan əvvəlki çıxışçıların səsləndirdikləri fikirlərə qoşulduğunu bildirərək, fəaliyyətin güclədirilməsinin vacibliyini qeyd etdi.
Bəyanat
Sonda Milli Şuranın 9 oktyabr prezident seçkisi ilə bağlı bəyanatı qəbul olundu. Bəyanatda bildirilir ki, seçkilər azad və ədalətli olmayıb, bu seçkinin nəticələri xalqın iradəsini əks etdirmir. Seçki kampaniyası dövründə və səsvermə günü saysız-hesabsız saxtakarlıqlara və qanun pozuntularına yol verilib.
Seçkilərin azad və ədalətli keçirilməsinə nail olmaq məqsədilə ATƏT, Avropa Birliyi, Avropa Şurası, AŞ PA-nın Venesiya Komissiyası və digər nüfuzlu beynəlxalq qurumların Azərbaycan hökumətinə dəfələrlə etdiyi tövsiyələr nəzərə alınmayıb.
İlham Əliyevin beynəlxalq hüquq normalarına və qanunlara zidd olaraq üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürməsi seçkilərin legitimliyinin əvvəlcədən şübhə altına düşməsinə səbəb olub.
Nəticədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq qurumlar seçkinin nəticələrini tanımayan, faktiki, bu nəticələrin xalqın iradəsini ifadə etmədiyini əks etdirən bəyanatlar yayıb.
Milli Şura hesab edir ki, seçkinin nəticələrinin saxtalaşdırılması, əksər məntəqələrdə hakimiyyətin nəzarəti altında olan seçki komissiyaları tərəfindən uydurma nəticələrin protokola yazılması vasitəsilə ölkədə hakimiyyətin mənimsənilməsi prosesi baş verib, xalqa qarşı ağır cinayət törədilib.
Azərbaycanda fəaliyyət göstərən ictimai və siyasi təşkilatların, bütövlükdə Azərbaycan cəmiyyətinin, eyni zamanda, beynəlxalq qurumların ölkəmizdə demokratik hüquq və azadlıqların təmin edilməsi üçün siyasi islahatların həyata keçirilməsi istiqamətindəki bütün səylərinə baxmayaraq, demokratik seçkilərin keçirilməsi və ölkədə demokratik islahatlara başlanması imkanı növbəti dəfə itirilib.
Seçkilərdə administrativ resursun hüdudsuz iştirakı, qanun pozuntuları və saxtakarlıqlar seçkilərin nəticələrinin müəyyənləşməsində həlledici rol oynayıb.
9 oktyabr 2013-cü ildə keçirilmiş prezidentin seçkiləri xalqın seçki yolu ilə hakimiyyətin dəyişdirilməsinin mümkünlüyünə olan inamını növbəti dəfə doğrultmayıb.
Azərbaycan hakimiyyəti xalqın iradəsinə zidd olaraq, hakimiyyətin mənimsənilməsi istiqamətində növbəti addımını ataraq, xalqa qarşı ağır cinayət törədib.
Seçki kampaniyası və səsvermə günü yol verilən qanun pozuntuları və saxtakarlıqlar barədə dairə seçki komissiyalarına, Mərkəzi Seçki Komissiyasına, Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə verilən onlarla şikayətin heç biri qanuni araşdırma aparılmadan təmin edilməyib, Konstitusiya Məhkəməsi isə namizədin MSK-nın yekun qərarından şikayət vermək üçün məhkəmələrə müraciət etməsi üçün tələb olunan zamanı gözləmədən tələsik seçkinin nəticələrini təsdiqləyib. Bu da istər seçki administrasiyasının, istərsə də məhkəmə hakimiyyətinin tamamilə icra hakimiyyəti strukturlarının nəzarəti altında olmasının növbəti sübutudur.
Əvvəlcədən heç bir məlumat verilmədən andiçmə mərasiminin tələsik keçirilməsi, bu mərasimə heç bir ölkənin rəsmi nümayəndəsinin dəvət edilməməsi saxta seçkilərin nəticələri barədə beynəlxalq birliyin seçkilərlə bağlı mənfi rəylərini durdurmağa, Azərbaycan və beynəlxalq ictimaiyyəti fakt qarşısında qoymağa yönəlib.
Qeyd olunanları nəzərə alaraq, Demokratik Qüvvələrin Milli Şurası 9 oktyabr 2013-cü ildə keçirilən prezident seçkilərinin legitim olmadığını, seçkilər barəsində ATƏT/DTHİB-in verdiyi rəyin tam olmasa belə, həqiqəti əks etdirdiyini təsdiqləyərək, bu seçkilərin nəticəsini tanımadığını bəyan edir. Sseçkilərin gedişi və hakimiyyətin həyata keçirdiyi saxtakarlığın strukturu və miqyası barədə Demokratik Qüvvələrin Milli Şurasının sərəncamına daxil olan gerçək məlumatlar bəyan etməyə əsas verir ki, 9 oktyabr 2013-cü il tarixli prezidentin seçkilərində öz iradəsi ilə iştirak edən seçicilərin əksəriyyəti Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə səs verib. Ciddi qanun pozuntuları, saxtakarlıqlar, hakimiyyət strukturlarının zorakı müdaxiləsi nəticəsində seçkilərin nəticələri iqtidar namizədinin xeyrinə əsaslı surətdə dəyişdirilib.
Seçkinin nəticələri xalqın iradəsini əks etdirməyib. Hakimiyyət administrativ resursun müdaxiləsi ilə zorakılıqla mənimsənilib.
Demokratik Qüvvələrin Milli Şurası 9 oktyabrda keçirilmiş prezident seçkilərini azad və ədalətli olmayan, qeyri-demokratik seçki hesab edir. Belə seçkilər nəticəsində formalaşacaq icra hakimiyyətinin legitimliyini tanımır.
Demokratik Qüvvələrin Milli Şurası bu seçkinin nəticələrinin ləğvini, Azərbaycan xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən seçkilər vasitəsilə təkrar prezident seçkilərinin keçirilməsini tələb edir.
Cəmil Həsənli bildirdi ki, bu sənəd beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərin başçılarına göndəriləcək.
Natiq Güləhmədoğlu