Natiq Güləhmədoğlu: «Yol polisinin sürücü ilə mübahisəsini çəkəndə başqa bir polis üstümə hücum çəkdi»
“Azadlıq” qəzetinin və “Azərbaycan saatı” proqramının əməkdaşı Natiq Güləhmədoğlu dünən axşam saatlarında Sumqayıtda saxlanılıb. Jurnalist Sumqayıtda çəkiliş apararkən yol polisləri onu saxlayıblar. Özünü təqdim etsə də, polislər onun jurnalist olmasına və peşə fəaliyyətini yerinə yetirməsinə məhəl qoymayıblar.
Təxminən bir saat saxlanıldıqdan sonra sərbəst buraxılan Natiq Güləhmədoğlu “Azadlıq”a açıqlamasında bildirib ki, Sumqayıtdan reportaj hazırlayarkən təsadüfi bir hadisənin şahidi olub: “Yol polisi saxladığı avtomobilin sürücüsü ilə mübahisə edirdi. Mən bu kadrları uzaqdan çəkdiyim an başqa bir polis serjantı üstümə hücum çəkdi və faktiki xuliqanlıq edərək, təhqiramiz formada qışqırmağa başladı. Mən ona özümü təqdim etdim, tələb etdim ki, o da özünü səlahiyyətinə uyğun aparsın və ən başlıcası, özünü təqdim etsin. Bundan sonra onlar mənim qolumu buraraq DYP maşınına (3327 nömərli) mindirib ərazidən uzaqlaşdırdılar. Yol boyu onlara başa salmağa çalışdım ki, etdikləri 3 qat qanunsuzluqdur, yol polisinin kimisə tutmaq hüququ yoxdur, bundan başqa, mənim peşə fəaliyyətimə müdaxilə olunur.
Mənə hücum edən polis əməkdaşı xüsusilə aqressiyası ilə seçilirdi. Mən hər dəfə ona qanunları xatırladanda o da ikiqat dünya çempionu olduğunu deyirdi. Adam rəsmən özünü qoçu kimi aparırdı. Mən, hətta Daxili Işlər Nazirliyinin rəhbərliyinə ondan şikayət edəcəyimi desəm də, təsiri olmadı. Uzun mübahisələrdən sonra mən onlardan yaxa qurtara bildim. Xudahafizləşəndə də onlar yenə məni “günahkar” çıxardılar”.
Natiq Güləhmədoğlu onu da qeyd edib ki, ona qarşı zorakılıq edən polis serjantı Allahverdi Zamanovdur: “O, həqiqətən idmançıymış. Vaxtilə Azərbaycan Sayokan Federasiyasında məşqçi işləyib”. Onun fotosunu da təqdim edirik:
Jurnalist üzləşdiyi qanunsuzluqla əlaqədar Daxili Işlər Nazirliyinə müraciət edəcək.
Informasiya şöbəsi