N!DA Vətəndaş Hərəkatı həbsdə olan koordinatoru Zaur Qurbanlının sağlıq durumu və iyunun 4-də haqqında 10 sutkalıq həbs-qətimkan tədbiri seçilən üzvü Mehman Zaməddinovla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, hərəkatın üzvü Mehman Zaməddinov iyunun 4-də polisə çağırılıb, daha sonra isə İnzibati Xətalar Məcəlləsinin 310.1 (polisin qanuni göstərişinə tabe olmamaq) maddəsi ilə ittiham olunaraq, Xətai rayon Məhkəməsi tərəfindən 10 sutkalıq həbs-qətimkan tədbiri seçilib. Hərəkat bəyan edir ki, M.Zaməddinovun həbsi tamamilə qanunsuzdur və bu, hakimiyyətin ölkədə yürütdüyü gənclər siyasəti çərçivəsində atılmış daha bir repressiv addımdır. Bəyanatda bildirilir ki, M.Zaməddinov heç bir halda polisə müqavimət göstərməyib, onun əmrlərinə tabe olmayan hərəkətlər sərgiləməyib: “M.Zaməddinov hərəkatımıza qarşı təzyiq dalğası başlayandan sonra üzv olan gənclərdən biridir. Bu baxımdan, bu həbs N!DA VH-yə son aylarda gənclərin kütləvi surətdə üzv olması prosesini əngəlləmək yönündə atılmış növbəti addımlardan biridir. Gənc üzvümüzün həbsini qətiyyətlə pisləyir və bəyan edirik ki, hakimiyyət bu cür metodlarla hərəkatımıza yeni üzvlərin cəlb edilməsinə mane ola bilməyəcək”. Hərəkatın bəyanatında daha sonra hazırda Kürdəxanı həbsxanasında cəza çəkən Zaur Qurbanlının sağlıq durumu ilə bağlı narahatlıq ifadə olunur. Bildirilir ki, Zaur Qurbanlı talassemiya xəstəsidir və onun qapalı şəraitdə saxlanması mövcud sağlamlıq vəziyyətinin daha da pisləşməsinə gətirib çıxarır: “Zaur Qurbanlı bronxial astma və böyrək xəstəliklərilə yanaşı, həm də son dərəcə ağır xəstəlik olan talassemiyadan əziyyət çəkir. Onun səhhəti ilə bağlı dəfələrlə yerli və beynəlxalq ictimaiyyətə müraciət olunub, müvafiq qurumlarla təmas yaradılıb. Z.Qurbanlının səhhətindəki kəskin problemlərə rəğmən onun saxlanma şəraiti həddən artıq dözülməz idi. Ötən ay Z.Qurbanlının saxlandığı 6 nəfərlik kamerada 10 nəfərin cəza çəkdiyi məlum olmuşdu. Təcridxana rəhbərliyinin bu qanunsuz əməli mətbuatda işıqlandırıldıqdan sonra onun Z.Qurbanlının kamerasındakı 2 artıq yataq və 4 məhbus çıxarılmış, onun saxlanma şəraiti qismən normallaşmışdı”.
Hərəkat bəyan edir ki, bununla belə, talassemiya xəstəsi olan Z.Qurbanlı mütəmadi olaraq həkim nəzarətindən keçməli və qapalı mühitdə çox qalmamalıdır: “Avropa Şurasının insan haqları üzrə komissarı cənab Nils Muiznieks də ötəjn həftə təcridxanada Z.Qurbanlı ilə görüşüb. O, artıq Z.Qurbanlının talassemiyadan əziyyət çəkdiyini bilir və bu məsələ ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırıb”. Bəyanatda bildirilir ki, Z.Qurbanlı təcridxanada müayinədən keçirilib və onun talassemiya xəstəsi olması təsdiqlənib. Hərəkat bəyan edir ki, Z.Qurbanlının həyatı ilə bağlı məsuliyyət hakimiyyət orqanlarının üzərindədir: “Biz, günahsız yerə cəza çəkən üzvümüzün səhhəti daha da kəskinləşmədən onun və qanunsuz formada həbsdə saxlanılan digər üzvlərimizin dərhal azadlığa buraxılmasını tələb edirik”.