İbrahim İbrahimlini oğurlayıb vurdular
«Əliyev- Talıbov idarəçiliyi ən ağlasığmaz hərəkətlərə rəvac verməkdədir»
İcitmai Palatanın Koordinasiya Şurasının üzvü, tanınmış ictimai-siyasi xadim Ibrahim Ibrahimli Naxçıvanda misli görünməmiş vəhşiliklə üzləşib. Belə ki, Ibrahim bəy cavan bacısı oğlunun vəfatı ilə əlaqədar Naxçıvana gedib. O, Babək rayonunun Tumbul kəndində yas məclisində iştirak edib. Onun yas mərasimində iştirakı Naxçıvan rəhbərliyini nədənsə, narahat edib və yas yerinə Ibrahimlini təxribata çəkmək üçün öyrədilmiş adamlar göndərilib.
Ibrahim Ibrahimli yas yerində ara qarışmasın deyə oradan uzaqlaşmaq istəyib. Lakin mağarın yaxınlığında onun qarşısını bir dəstə mülki geyimli şəxs kəsib. Onlar özlərini polisin və MTN-in əməkdaşları kimi təqdim ediblər və Ibrahimlini maşına əyləşdirərək özləri ilə aparıblar.
Başına gələnlərlə bağlı “Azadlıq” qəzetinə danışan Ibrahim Ibrahimli deyib ki, onu Naxçıvan şəhəri istiqamətinə aparıblar. Naxçıvan şəhərini keçən kimi başına torba keçirib, Duzdağ deyilən yerə, Araz çayının kənarına apararaq maşından düşürüblər. Ibrahim bəyi orda küçə söyüşləri ilə təhqir edib və fiziki zor işlədiblər. İbrahim bəydən dərhal Naxçıvanı tərk etməyi tələb edən dəstə daha sonra onu orada buraxıb gediblər. Ibrahim bəy piyada Şərur-Naxçıvan yoluna çıxıb və Naxçıvan şəhərinə gəlib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası Ibrahim Ibrahimlinin Naxçıvanda vəhşiliklə qarşılaşması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: “Azərbaycanın tanınmış siyasət adamlarından biri, Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Ibrahim Ibrahimli aprelin 6-da Naxçıvanda misli görünməmiş vəhşiliklə qarşılaşıb. Yaxın qohumunun – bacısı oğlunun yas mərasimində iştirak edən Ibrahim bəyi oradan özünü polis və MTN əməkdaşları kimi təqdim edən bir dəstə mülki geyimli faktiki oğurlayaraq kimsəsiz düzəngahlığa aparıblar, orada onu təhqir ediblər və fiziki zorakılığa məruz qoyublar.
AXCP Ibrahim Ibrahimliyə qarşı bu zorakı və mənəviyyatsız hərəkəti qətiyyətlə pisləyir və bu cinayətə yol verənlərin cəzalandırılmasını tələb edir.
AXCP bəyan edir ki, bu hadisə Azərbaycan hakimiyyətinin ölkədə yaratdığı qanunsuzluq və cəzasılıq mühitinin, opponentlərinə qarşı düşmənçilik siyasəti yürütməsinin nəticəsidir. Azərbaycanda Əliyevlər hakimiyyəti ilk vaxtlardan müxalifətə, özünün tənqidçilərinə qarşı zorakı, repressiv metodlardan istifadə edib. Lakin indiyədək heç bir ictimai-siyasi xadimə qarşı belə mənəviyyatsız hərəkət “doğmasının yasında iştirakına mane olmaq, faktiki hüzr yerindən oğurlamaq olmayıb. Təəssüf ki, Ilham Əliyev-Vasif Talıbov idarəçiliyi artıq ölkədə bütün mənəvi dəyərləri, əxlaq sistemini dağıdaraq ən ağlasığmaz hərəkətlərə rəvac verməkdədir.
Bu orta əsrlərə xas qaba, heç bir hüquqi, mənəvi çərçivə tanımayan idarəçilik metodu ölkəni çox ağır nəticələri olacaq qarşıdurmalara sürükləyir. AXCP iqtidarı tutduğu bu təhlükəli yoldan çəkinməyə, daşıdığı məsuliyyəti dərk etməyə çağırır.
AXCP bəyan edir ki, baş verənlərin birbaşa məsuliyyəti ölkə başçısı Ilham Əliyevin üzərindədir. O, ölkə vətəndaşlarına qarşı artıq ən iyrənc formalar almaqda olan düşməncəsinə siyasəti durdurmalı, Azərbaycanın süni qarşıdurmaya sürüklənməsinə imkan verməməlidir”.
İctimai Palatanın Koordinasiya Şurası da bəyanat verərək hadisəni hakimiyyətin siyasi rəqiblərinə qarşi indiyə qədər həyata keçirdiyi terror əməlinin davamı kimi dəyərləndirir. Seçki ilində baş verən bu vəhşi olayı məqsədyönlü, təsadüfi olmayan və rejim tərəfindən həyata keçirilən terror aktı kimi qiymətləndirir. İP KŞ hakimiyyəti hadisəyəyə rəsmi münasibət bildirməyə çağırır, günahkarların dərhal məsuliyyətə cəlb olunmasını tələb edib.