Elşən İsmayıllını rayon prokurorluğundan Bakıya göndərdilər
“Azadlıq” qəzetinin İsmayıllıda yaşayan bölgə müxbiri Elçin İsmayıllının qardaşı Elşən İsmayıllı fevralın 4-də həbs edilərək Bakıya göndərilib. Bu barədə azadliq.info-ya bölgə müxbirimiz məlumat verib.
Elşən İsmayıllı AXCP rayon şöbəsinin üzvlərindən biridir. O, İsmayıllı hadisələrinin ikinci günü yaşadığı Hacıhətəmli kəndindən mərkəzə nə baş verdiyi ilə maraqlanmaq üçün gəlib, dinc etirazçıların arasında olub.
Onu fevralın 3-də polislər yaşadığı kənddən rayon mərkəzinə gətiriblər və Rayon Polis Şöbəsində dindiriblər. Elşən İsmayıllını rayon polis rəisinin müavini, etirazlara görə həbs edilənlərə qarşı işgəncələrdə adı hallanan Şöhrət Kərimov dindirib, daha sonra rayon prokrorluğunda ondan izahat alınıb. Bundan sonra o, fevralın 4-də yenidən prokurorluğa gəlmək şərti ilə sərbəst buraxılıb. Fevralın 4-ü saat 13 radələrində isə onu prokurorluqdan bir maşına mindirərək, istintaqın Bakıda aparıldığını deməklə paytaxta yola salıblar.
Elşənin Bakıda məhz hansı hüquq-mühafizə orqanında olacağı barədə yaxınlarına heç bir məlumat verilməyib. Güman olunur ki, Elşən İsmayıllı Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətirilib. Elşənin taleyindən məlumat almaq üçün polis şöbəsinə gedən atasını isə həbslə hədələyib və təhqir edərək geri qaytarıblar.
Elşən İsmayıllının həbsi onun qardaşı Elçin İsmayıllının jurnalist kimi rayondakı son hadisələr zamanı oynadığı fəal rolla izah olunur. Xatırladaq ki, rayonda hadisələr baş verən anda onun ictimailəşməsində və ölkə müdiasına çıxmasında Elçin İsmayıllı müstəsna rol oynayıb. İlkin məlumatlar və fotoları məhz o paylaşıb. Bundan başqa, Elçin İsmayıllı ölkədəki etiraz aksiyaları və onlara qarşı zorakılıqla bağlı Bakıda ötən həftə təşkil olunan ictimai dinləmədə çıxış edib və İsmayıllıda yaşananları təfərrüatı ilə anladıb.
Elçin İsmayıllının baş verənləri ictimailəşdirməsi əvvəldən rayon rəhbərliyini narahat edib və bu yöndə ona bir neçə dəfə xəbərdarlıq olunub. Hətta ona qarşı təxribat və ya sui-qəsd üzərində də düşünülüb, lakin Elçin İsmayıllı bu barədə xəbər tuta bilib və onu ictimailəşdirib.
Belə görünür ki, jurnalist olduğuna görə Elçin İsmayıllını həbs edə bilməyən, daha doğrusu bunun böyük səs-küy yaradacağından ehtiyatlanan hakimiyyət ondan qardaşını həbs etməklə qisas alır.
Axşam saatlarında öyrəndik ki, Elşən Ismayıllıya qarşı CM-nin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə və ya bu cür hərəkətlərdə iştirak) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələrilə ittiham elan olunub və barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə iki aylıq həbs-qətimkan tədbiri seçilib.