20 Yanvar hadisələrinin 23-ci ildönümü ilə əlaqədar İctimai Palata üzvləri bu gün Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarət saat 14.00-da 20 saylı orta məktəbin qarşısından, keçmiş Əzizbəyov heykəlinin yanıdan başlayıb. İP-in təşkil etdiyi kalon izdihamlı olması ilə fərqlənib. Kalonda İP-ə daxil olan partiyaların liderləri, qurumun üzvləri ilə yanaşı, başqa ictimai-siyasi fəallar və tanınmış simalar da yürüyüb. İzdihamın önündə AXCP, Müsavat və başqa təşkilatların gəncləri əllərində bayraq və qərənfillər tutaraq gediblər, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndiriblər.
Ziyarətçilər 20 Yanvar şəhidlərinin məzarları üzərinə qərənfilər düzüb, onların ruhuna dualar oxuyublar.