Saytların Türkiyə üzərindən hücuma məruz qaldığı deyilir
Ölkənin bir neçə saytının fəaliyyətində problem yaranıb. Bunlar “musavat.com”, “qafqazinfo.az”, “publika.az” və “trend.az” saytlarıdır.
Hazırda “musavat.com” və “qafqazinfo.az” saytlarında probmlem davam edir. “musavat.com”un serveri işlək vəziyyətdədir, ancaq yazılar açılmır, saytın texniki təminatında problem olduğu göstərilir. “qafqazinfo.az”da isə sorğulara server cavab vermir.
“musavat.com”un redaktoru Xalid Kazımlı deyib ki, Türkiyədə fəaliyyət göstərən telekommunikasiya şirkətinə məxsus İP-lərdən haker hücumuna məruz qalıblar: “Saytımıza xidmət göstərən şirkət daha artıq ziyan dəyməməsi üçün onun fəaliyyətini məhdudlaşdırıb”.
“qafqazinfo.az” saytının redaktoru Elburus Ərud isə bildirib ki, sayta giriş şənbə günü saat 13 radələrindən dayanıb. Saytın serveri Almaniyada yerləşir. Serverdən bildiriblər ki, Türkiyə üzərindən hücum olduğu üçün saytın fəaliyyəti məhdudlaşdırılıb.
“trend.az” bir müddət işləməsə də hazırda fəaliyyətini bərpa edib. “publika.az” isə bərpa olunmaqdadır.