Gürcüstan prezidenti Mixail Saakaşvili yanvarın 30-da Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə görüşəcək. Ağ evin mətbuat xidmətindən yayılan məlumata görə, prezidentlər Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlıq xartiyasının ticarət, turizm, energetika, elm, təhsil, mədəniyyət və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişafı yolu ilə möhkəmləndirilməsi məsələsini müzakirə edəcəklər.
Açıqlamada bildirilir ki, Obama ABŞ-la Gürcüstanın müdafiə sahəsində əməkdaşlığının vacibliyini, o cümlədən, Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi istiqamətində Gürcüstanın beynəlxalq əməliyyatlara verdiyi əhəmiyyətli töhfəni vurğulayacaq. ABŞ prezidenti Gürcüstanın beynəlxalq miqyasda tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edəcək.
Məlumatda o da qeyd olunur ki, ABŞ prezidenti Gürcüstanda gözlənilən seçkilər, eləcə də bu ölkənin enerjili, sabit demokratik dövlətə çevrilməsini təmin edəcək islahatlar ətrafında fikir mübadiləsi aparılacağına da ümid edir.