Peşəkar boks üzrə üç versiyada dünya çempionu, ukraynalı Vladimir Kliçko bolqar rəqibi Kubrat Pulevi xəstəxanalıq edib.
Qarşılaşma Hamburqda keçirilib. Kliçko rəqibini 5-ci raundda nokauta salaraq titulunu qoruyub.
38 yaşlı Kliçko 33 yaşlı rəqibini ilk raundda iki dəfə nokdauna salıb. Üçüncü raundda Pulev daha bir dəfə zərbədən yerə yıxılıb. Bununla belə o, təkcə müdafiə haqda düçünməyib və təhlükəli hücumlara atılıb. Nəhayət, beşinci raundda Kliçkonun sol əllə vurduğu güclü zərbə Pulevi nokauta salıb. Hakim Pulevin döyüşü davam etdirə bilməyəcəyini işarə edib.
Döyüşdən sonra Pulev müayinə üçün xəstəxanaya aparılıb. Onun rinq həkimi bildirib ki, daxili qanaxmanın olub-olmadığını yoxlamaq lazımdır.
Bu döyüşlə Kliçko peşəkar rinqdə 63-cü qələbəsini qazanıb. Bunlardan 54-ü nokautla olub. Ukraynalı boksçu yalnız 3 dəfə məğlub olub.
azadliq.info