AXCP növbəti təxribatla üzləşdiyi haqda bəyanat yayıb. Partiyanın facebook səhifəsində yayılan bəyanatda deyilir:
“AFN. az” saytı haker hücumuna məruz qalıb. Sayta müdaxilə olunaraq orada AXCP sədri Əli Kərimlinin müdafiəsi ilə bağlı çağrışlar yerləşdirilib. Eyni zamanda saytın redaktoru Həbibə Abdullanın və həyat yoldaşının da facebook profilləri ələ keçrilərək, bənzər təxribatlar törədilib. Təxribatı törədənlər məqsədli şəkildə AXCP üzvlərinin adından istifadə edərək, bu nalayiq hərəkətin təşkili ilə bağlı cəbhəçilərin üzərinə şübhə salmağa çalışıblar.
Bildiririk ki, bu hadisə həm də AXCP-yə qarşı növbəti təxribatdır. AXCP heç kimin saytını, profilini dağıtmaqla məşğul olmur. Tam əksinə, hər zaman kiber hücumların əsas hədəfi olur. İndiyə qədər partiyanın saytı dəfələrlə kiber hücumlarla dağıdılıb, orada nalayiq materiallar yerləşdirilib. Bütün bunlara görə hətta partiya saytını işlətməkdən imtina etməli olmuşuq. Partiyanın sədrinin bloqu da bir neçə dəfə kiber hücumlarla dağıdılıb. Partiya sədrinin müavini Fuad Qəhrəmanlının, müşavir Məmməd İbrahimin və başqa çoxlu sayda partiya funksionerinin facebook hesabları haker hücumlarına məruz qalıb və ələ keçrilib. Eyni zamanda Milli Şuranın sədri Cəmil Həsənlinin facebook səhifəsi, "Azadlıq" qəzetinin Youtube və Tvitter hesabları da kiber hücumlarla ələ keçirilib. Bütün bu hücumlara görə indiyə qədər heç bir araşdırma aparılmaması və bu cür halların mütəmadi olaraq davam etməsi onu göstərir ki, bu işlərin arxasında elə hüquq mühafizə orqanları dayanır.
AXCP üzvləri nəinki internet xüliqanlığı ilə məşğul olmurlar, tam əksinə, internet xüliqanlığından ən çox zərər çəkirlər. Bildirirk ki, “AFN.az” saytının redaktoru Həbibə Abdulla ilə heç bir problemimiz yoxdur. Ona qarşı təxribatları qəti şəkildə pisləyirik və baş verənlərə görə narahatlığımızı bildiririk. Biz hazırkı şəraitdə Həbibə xanıma qarşı təxribatları həyata keçirən şəxslərin düzgün müəyyən ediləcəyinə inanmasaq da, ilk növbədə Həbibə xanımı əmin edirik ki, bu təxribatlarda AXCP üzvlərinin iştirakı mümkün deyil. Tam əksinə, bunlar AXCP-yə qarşı hakimiyyət orqanları tərəfindən təşkil edilən təxribatların bir hissəsidir. Bu yolla AXCP-nin nüfuzuna xələl gətirməyə, partiyanı əsasız ittihamların hədəfinə çevirməyə çalışırlar.
Biz AXCP olaraq, Azərbaycan vətəndaşlarına hörmətlə yanaşırıq, insanların hüquq və azadlıqlarını, o cümlədən söz azadlığını toxunulmaz hesab edirik.