Səadət Cahangirin poeziyasından
İki yalançıyıq indi,
güzgüdəki qadın… nəsə…
gözlərimi tanış verdim,
yenə tanımadın nəsə…
yadına sal… bir şeirdən
bəlkə xatırladın nəsə,
mən səni görmüşdüm axı
hansı kitab rəfindəsə…
bəlkə unutduğun rəsmin,
son qırığı qalıb nəsə,
bax, o qırıq yaddaşının,
bir canlı tərəfindəsə…
****************************
Can sıxıldı, bəhanə
havadakı sərxoşluq,
köhnə dəbli geyimlər,
qarderobdakı boşluq…
solmuş gənclik albomu –
rəsmləri kimlərin…
ölmüş qəhrəmanları
ağ-qara filmlərin…
qırıq qrammofon valı,
çevirərsən, səsi yox,
retro nəğmələrin də
artıq təsəllisi yox…
can sıxıldı, bəhanə
ağlamağa külək də,
bir kitabın içindən
düşən quru çiçək də…
**************************
Bəlkə bir gün
kəsilmiş ümidlərin yerindən
yaşıl budaqlar çıxar
ayrılıqların arasına,
arzular nar ağacı çiçəklər
qış havasına.
bəlkə bir gün
hər kəs məsafələrin ardına qoyar
xəyallarını alıb getmiş uzağı,
bağışlanmış günahlara
tuşlanan daşlar düşər səssizcə
havalanmış əllərdən aşağı…
bəlkə bir gün
Tanrı duyar üzgün səsini
heç gözlənmədən,
çaşqın və yorğun qalxıb
“qapı döyən, kimsən?”
deyərsən…