Hakimiyyət özünü yandıranları necə «söndürür»
Hakimiyyət anti-xalq siyasətini hər gün bir az da gücləndirir. Bu qədər təzyiq, tənqid, ortaya qoyulan faktlar YAP komandasını utandırmır. Əksinə, ağ yalanları ilə cəmiyyətdə dövrə vururlar. Narkoman iynəyə öyrəşdiyi kimi, bu hakimiyyət də ən iyrənc addımlar atmağa vərdiş edib. Ötən yazımızda da qeyd etmişdik ki, bu ölkədə insan həyatının qiyməti yoxdur.
Ona görə də ölümlər çox ucuzlaşıb, hökumət xalq qarşısında məsuliyyət hiss etmir. Bunlar üçün dövlət qazanc gətirən obyekt mislindədir.
Ötən gün Ağdam rayonundan olan məcburi köçkün “Qaçqınkom”un binası qarşısında özünü yandırdı. Məlum oldu ki, bu adamın ev problemi var və dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, nəticəsi olmayıb. Bu hadisə bütün mətbuatı zəbt edəndən sonra “Qaçqınkom”dan da münasibət gəlib. Münasibət isə belə olub ki, özünü yandıran şəxs içkili olub, ümumiyyətlə, “Qaçqınkom”a müraciət etməyib, evini satıb və s.
Həmişəki kimi hökumətimiz “ənənə”sinə sadiqdir. Haqqını tələb edən, tənqidçi mövqedə dayanan adamları ləkələmək, şərləyib həbs etmək hökumətin problemləri həll etmək qaydasıdır. Tutaq ki, bu adam həqiqətən də içkili olub. Axı içkili adam özünü niyə yandırsın, niyə bu özünəqəsdi hansısa restoranın deyil, “Qaçqınkom”un qarşısında edir? Əgər hər içkili adam özünü yandırsaydı, ölkə od tutub yanardı.
Bu adam “Qaçqınkom”a müraciət etməyibsə, hansı məntiqlə etirazını bu ünvana bildirir?
Birdə ki, bu ilk hadisə deyil. Qarabağ qazisi Zaur Həsənov da məmur özbaşınalığına etiraz əlaməti olaraq özünü yandırmışdı. Bu hadisə ölkə gündəmində partlayış yaratdığı üçün hakimiyyət vətənpərvərlik donu geyindi və Zaur Həsənovun ailəsinə maddi yardım olundu. Amma hökumətin qayğısı yalnız bu şəxsin ölümündən sonra mümkün oldu. Onu da qeyd edək ki, Zaur Həsənovun ölümünə etiraz əlaməti olaraq aksiya təşkil edən digər Qarabağ qazisi Asif Yusifli bu gün də həbsxana həyatı yaşayır və prokuror ona 8 il həbs cəzası istəyib. Hakimiyət həmin hadisənin qisasını bu gün Asif Yusiflidən alır. Yaxud digər Qarabağ qazisi etiraz səsini ucaltdığına görə zorla Sumqayıtda dəlixanaya salındı. Bu yaxınlarda daha bir Qarabağ qazisi, “Fəryad” filminin protatipi olan Mehman Hüseynov da evində ölü tapıldı. Hansı ki, onun da uzun illər ağır əzablardan sonra, dərdinə çarə tapılmadığı üçün ürəyi partladı. Bu ölkədə nə qədər vətəndaş aclıq aksiyası keçirir, nə qədər adam etiraz əlaməti olaraq ağzını tikir, körpüyə çıxıb çarə axtarır?
Bu hakimiyyət yalnız ölüm ayağında olanlara yardım etmək ehtiyacı duyur. Bu qədər sərvəti olan, milyardlarla vəsaiti mənasız layihələrə sərf edən hökumət öz vətəndaşını xırda problemlərlə imtahana çəkir. Haqqını tələb edənə psix, “alkaş” damğası yapışdırır. Erməni idmançılara pulsuz xidmət göstərənlər, erməniyə güllə atanlara qarşı düşmənçilik aparır.
Ölkədə olduqca ağır psixoloji vəziyyət hökm sürür. Hakimiyyətin korrupsioner və kriminal mahiyyəti vətəndaşları ölümə sürükləyir. Problemin həlinə nail olmaq əvəzinə, özünə qəsd etmiş insanlar haqqında fikir yürütməyə çalışırlar. “Qaçqınkom” milyonlarla vəsaiti hara xərcləyir ki, bir məcburi köçkünün müraciətinə müsbət reaksiya verə bilmir?
Göründüyü kimi, hakimiyyyət qətiyyən dəyişmək istəmir. Bunlar yoxsulluğun qarşısını, yoxsulların kökün kəsməklə almaq istəyirlər. Hər gün vətəndaşla düşmən kimi rəftar olunur. Bu hakimiyyət sadə vətəndaşa ölümdən başqa heç nə verə bilmir.
Azad