Məhəmməd Talıblı: «Bu post uğrunda ciddi mübarizə yaxın dövrdə Beynəlxalq Bankın özəlləşməyə hazırlaşmasının anonsudur»
Artıq neçə müddətdir ki, “Azərbaycan Beynəlxalq Bankı” rəhbərsiz fəaliyyət göstərir. Bankın Müşahidə Şurasının növbəti iclasında da sədr seçilmədi. Gözlənilirdi ki, son iclasda Benyəlxalq Bankın Idarə Heyətinin yeni sədri seçiləcək. Lakin gözləntilən özünü doğrultmadı. Idarə Heyəti üzvlərinin səlahiyyət müddəti 22 iyul 2015-ci il tarixinədək uzadılsa da, sədr seçilməyib.
Xatırladaq ki, Cahangir Hacıyev Idarə Heyətinin sədri vəzifəsindən istefa verib. Rəsmi məlumatlarda onun bu addımı səhhətindəki problemlərlə izah edilir. Bildirilir ki, Cahangir Hacıyev səhhətində olan problemlərlə əlaqədar öz ərizəsilə tutduğu vəzifədən istefa verib. Lakin Cahangir Hacıyevin istefasından sonra Beynəlxalq Bank ətrafında baş verənlər onun istefasının heç də səhhətilə əlaqədar olmadığını deməyə əsas verir. Hazırda Beynəlxalq Bank “kredit qalmaqalı” ilə gündəmdədir. Onlarla oliqarx bankdan götürdükləri külli miqdarda kreditə görə DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılıb.
Beynəlxalq Banka yeni sədr seçilməsinin yubanmasının səbəblərinə gəlincə, bəzi məlumatlara görə, bu, sözügedən posta bir neçə namizədin olması ilə bağlıdır. Hazırda banka rəhbərlik uğrunda Mərkəzi Bankın sədri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifov arasında mübarizə gedir. Belə ehtimal olunur ki, hər iki şəxs bu posta özünə yaxın adamı təyin etməyə çalışır. Buna səbəb isə Beynəlxalq Bankın ölkə iqtisadiyyatında tutduğu yerdir. Bank kredit portfelinin 60-dən çoxuna nəzarət edir. Bu isə olduqca böyük rəqəmdir. Məhz bu mübarizə sədr seçilməsinin yubanmasına səbəb olub. Hələlik isə sədr vəzifəsini Idarə Heyəti sədrinin müavini Elman Mustafayev icra edir.
Iqtisadçı Məhəmməd Talıblının sözlərinə görə, o, S.Şərifov fiskal, E.Rüstəmov isə monetar qurumun rəhbəridir. M.Talıblının fikrincə, hər iki şəxsin BB-yə öz adamını rəhbər seçdirməyə çalışması ondan xəbər verir ki, bankı mühüm maliyyə institutu olaraq ələ keçirməyə çalışırlar: “Beynəlxalq Banka rəhbərlik edəcək şəxsin kimə yaxın olması, ümumiyyətlə necə icraçı olması çox mühümdür. Bütün bu təşəbbüslər Beynəlxalq Bankın sahib olduğu imkanlarla bağlıdır. Beynəlxalq Bankın Azərbaycanın bank sektorunda tutduğu dominant mövqe daha çox onu deməyə əsas verir ki, bu bankın Azərbaycanın bank sektorundakı rolu olduqca böyük və təsirlidir. Beynəlxalq Bank bu gün üçün dövlət bankı hesab olunur. Amma yaxın müddət üçün həmin bankın özəlləşdirilməsinə start veriləcək. Ona görə bank özələşdirilənə qədər münasib şəxslərin rəhbərliyə gətirilməsi ondan xəbər verir ki, özləşədirilmə prosesində bankın rəhbərinin səlahiyyətlərindən istifadə imkanı yaranacaqdır”.
M.Talıblı hesab edir ki, hazırda gedən mübarizə bankın özələşdirilmə mərhələsinə hesablanıb: “Beynəlxalq Bankın rəhbərliyinə gətiriləcək şəxs Mərkəzi Bankın da yürütdüyü siyasətə köməkçi olacaq. Bank sektorundakı addımlar Mərkəzi Bankın hansı performansı göstərməsindən asılıdır. Beynəlxalq Bankın rəhbərliyində kimin olması mərkəzi Bankın yürütdüyü siyasətdə mühüm bir halqadır. Bu post uğrunda ciddi mübarizə yaxın dövrdə Beynəlxalq Bankın özələşməyə hazırlaşmasının anonsudur”.
Hikmət