Orxan Valehli
Biz başından bəri bilirik ki, Ermənistanla Azərbaycan davası getmir, dava Rusiya ilə Azərbaycan arasındadır. Balaca uşaq da bilir ki, Ermənistanın gücü deyil o torpaqları indiyədək işğal altında saxlayan. İllərdir hər iki dövlətin prezidenti görüşə-görüşə dursa da, torpaqlar eləcə işğal altında qalır. Gözümüzü açandan da eşidirik ki, Rusiya Ermənistana kömək edir. Budəfəki kömək isə Azərbaycan hakimiyyətinin nokaut vəziyyətinə salmaq demək idi. Hələ də ümidini itirməyən saf kütləni çaşqınlığa saldı bu xəbər. Bəli, hələ də bəzilərinin ümidini üzmədiyi həmin o Rusiya Ermənistana iki yüz milyon dollar kredit ayırdı. Qeyd edim ki, bu məlumat parlamentdə də təsdiqlənib. Həmin o vəsait hesabına isə Ermənistan silah-sursat alacaq.
Mraqlıdır, necə ola bilər ki, Qarabağı qaytarıb bizə vermək istəyən Rusiya, Qarabağa "İskander-M" operativ-taktiki raket kompleksi yerləşdirmək istəyir? Yanlış anlamayın, bu mənə təəccüblü gəlmir, yox. Sadəcə, bilmək istəyirəm ki, "İskander"in buynuzunun olduğunu kim car çəkdi? Axı onun sirri bir quyuya pıçıldanmışdı və oradaca qalmalı idi. Demək ki, ordan hansısa lənətə gəlmiş qamış göyərib korlayıb işləri. Oyun açıq şəkildə oynanılmamalı idi. Bu buynuzu görənlərin dərhal başı vurulmalı idi və vurulurdu da. İndi nə oldu,"İskander" buynuz kompleksindən azadmı oldu? Ən maraqlısı isə budur ki, az qala bütün bəşəriyyəti ermənipərəst adlandıran Azərbaycan hakimiyyəti o məsələyə etiraz etmir. Avropanı ayrı, ABŞ ayrı və xüsusi ittiham edir ki, niyə Qarabağ məsələsinə etirazınızı bildirmirsiniz? Bu ittihamların da əsassız olduğunu hər kəs yaxşı bilir. Dəfələrlə etiraz olunub və lazımi səviyyədə müdafiə edilib. Sadəcə olaraq, hakimiyyət bunu ciddiyə alıb dəyərləndirməyib. Niyə "dəyərləndirməyib" deyirəm? Buna əsasım var. Dəyərləndirsə idi, Qarabağ çoxdan geri qaytarılmışdı… Zarafat deyil e, iki yüz milyona bu qədər silah alınırsa, indi görün, səkkiz milyard dollara nələr almaq olardı. Axı Rusiyanın Ermənistana ayırdığı kredit, Azərbaycan hakimiyyətinin Avropa Oyunlarının bağlanışına xərclədiyi puldan dəfələrlə azdır. Yaddaşımın zəif olması üzündən bu məsələni sonda qeyd edəcəyəm. Üzrlü sayın…
Mənim yazıq və saf xalqım az qala inanmışdı ki, Avropa Oyunlarında Rusiyanı ona görə qalib etdilər ki, Putinin ürəyi yumşala və qayıdan kimi əvəzində bizə torpaq hədiyyə edə. Bəs nə oldu, niyə əhdə xilaf çıxdı bu Putin? Birinci olmadımı? Mən başa düşmürəm, birinci yerdən də yüksək yer var, yoxsa necə? Hə, deyəsən, bu savadsız bəndəniz anladı axı. Oyunlardan sonra Putini evimizə çay süfrəsinə dəvət etmişdik. Ola bilsin ki, çay onun ağzını yandırıb. Bu da bizim "bir ay gedən" siyasətimizdən irəli gəlir. Biz unutmuşuq ki, Ruslar bizim kimi istiqanlı olmadıqlarından, isti çay içib ciyərlərini də yandırmırlar. Onlar soyuqqanlıdırlar, çayı da soyuq içirlər. O halda bir üzr borcumuz da var demək ki. İzvinite pojalusta, Putin müəllim, siz ermənilərlə isti münasibətlərinizdə olun, biz gələn dəfə daha diqqətli olarıq.