Ilham Hüseyn
Uzun müddət yolunu gözlədiyimiz Avropa Oyunları 17 gün Azərbaycanda fırlanıb geri qayıtdı. Amma “bəy-gəlin” qonaqlar, musiqiçilər, restoran sahibi toy zalını tərk etsə də, hakimiyyət hələ də zalda qalıb. Bəli, Avropa Oyunları qurtarıb, amma telekanallar, rejim mətbuatı yalnız bu oyunlara köklənib. Sanki ölkənin başqa problemi, danışılacaq başqa mövzu yoxdur. Onsuz da 17 gün və bundan əvvəlki dövr yalnız Avropa Oyunlarının təbliğatına xidmət edib. Görəsən, hökumət niyə Avropa Oyunlarından əl çəkmir? Görəsən, bu tədbirdən bu qədər sallanıb qalmaqda məqsəd nədir?
Cavab çox sadədir. Hakimiyyət öyünə biləcəyi, təbliğatını aparacağı ikinci nümunə tapmır və bundan sonra da tapmağa ümidi yoxdur. Əgər Avropa Oyunlarının yaxasını buraxsalar, gərək acı həqiqətlərdən yapışsınlar.
Məsələn, Avropa Oyunlarının təbliğatını dayandırıb, təhsildən söhbət açmaq hökumətə sərf eləmir. Çünki, TQDK-nın açıqlamaları göstərir ki, ölkədə kütləvi savadsızlıq hökm sürür. Yaxud iftixarla səhiyyədən danışmaq istəsələr, yenə də statistik məlumatlar göstərəcək ki, milyonlarla vətəndaş müalicə üçün ölkə xaricinə üz tutur.
Hüquq sistemindən, azad mətbuatdan, xarici siyasətdən, iqtisadi vəziyyətdən danışmaq da sərfəli deyil. Çünki, bu sahələrin də ağır vəziyyəti göz önündədir. Artıq örtüklər açılıb və “analoqsuz inkişaf” görünmür. Ona görə də nə qədər mümkündür Avropa Oyunlarından sallaşmaq lazımdır. Ikinci bir nümunə tapana qədər, hakimiyyətin təbliğatı yalnız bu tədbirə bəzək vurmağa xidmət edəcək.
Hakimiyyət başa düşür ki, qarşıdakı dövrdə sosial-iqtisadi vəziyyət daha da ağırlaşacaq, beynəlxalq təzyiqlər artacaq və ölkə ictimaiyyətinin narazılığı aktiv formaya keçəcək. Məhz buna görə də uğursuzluqları Avropa Oyunları ilə sığortalamaq istəyirlər. Bəli, səfalətin, təhsilsizliyin, hüquqsuzluğun qarşısına məşəllə çıxmaq qərarı veriblər. Bu saat hakimiyyət üçün əsas vəzifə Azərbaycanı Olimpiya stadionuna yerləşdirməkdən ibarətdir. Bütün dərdlərimizi dondurub, açılış və bağlanış mərasiminin təsiri altında yaşamalıyıq. Axı Azərbaycan yalnız Avropa Oyunlarından və Olimpiya stadionundan ibarət deyil.
Birincisi, Avropa liderləri oyunları boykot etdi, bu yarış heç bir maddi gəlir gətirmədi və siyasi dividentə çevrilmədi. Ikincisi, dünyada kifayət qədər analoji tədbirlər keçirilir, ölkələr yeni kəşflərə imza atır, suyun altında, səmada sənət əsərləri yaradılır və s. Yəni Avropa Oyunları ilə dünyanı heyrətləndirmək mükün deyil.
Bu gün Azərbaycan dünya bazarına neftdən başqa nə çıxarır? Hansı beynəlxalq “brend”də Azərbaycanın adı var? Bütün sahələr üzrə asılı vəziyyətə düşüb, Avropa Oyunlarının kölgəsinə sığınmaq cılızlıq deyilmi?
Lap ilin sonuna qədər bu tədbirin təbliğatını aparın. Bu təbliğat təhsilin, səhiyyənin, hüquq sisteminin, iqtisadiyyatın vəziyyətini dəyişəcəkmi? Hansısa idmançının qızıl medal qaznması Azərbaycanın qızıl ehtiyatlarının talan edilməsinə haqq qazandırmır. Yaxud hansısa əcnəbi müğənniyə 2 milyon hədiyyə edilməsi, şəhid ailələrinin sığorta pulunu mənmisəməyə bəraət qazandırmır.
Axı dünyada ilk dəfə medal qazanan, tədbir keçirən, açılış mərasimi edən biz deyilik.
Cənablar, Avropa Oyunları qurtardı, qonaqlar getdi və əvvəlki problemlər yenə də bizi “salamlayır”. Başa düşürük ki, bu oyunların köhnəlməsini istəmirsiz. Amma dadın da saxlamaq lazımdır, ürək bulandırmayın.
Yapışmağa başqa nümunə yoxdursa, günahı özünüzdə axtarın.