Başa çatmış Avropa Oyunlarının eyforiyasından təsirlənən hakim komanda cəmiyyətə özünün uğur hekayəsini təqdim etməyə çalışır. Ancaq oyunların təşkili, əldə olunan medalların sayı, açılış və bağlanış mərasimlərindəki təntənə və ekzotik dəbdəbənin göz qamaşdıran parıltısı belə bir uğur hekayəsi ətrafında hakimiyyətə qarşı ictimai ovqatı dəyişmək üçün yetərli deyil. Ictimai rəy bu məsələ ətrafındakı qiymətləndirməyə hakimiyyətin öz-özünü öyməsi, tərifləməsi kimi baxır.
Çünki zahirən özünü bu oyunların eyforiyasına qapdırmış ictimai sektor, bu tədbirə sevinməyi və ondan qürur duymağı vəzifə funksiyası kimi anlayan məmur korpusu belə bu təntənə və uğur mədhiyyələri arxasındakı əsl gerçəkliyin heç də ürəkaçan olmadığını daxilən başa düşür. Hər kəs anlayır ki, bu tədbirdən gözlənilən ən böyük nəticə, məhz onun açılışının dünya liderlərinin toplantısına çevrilməsi və beynəlxalq səviyyədə Azərbaycanın idman ölkəsi kimi inkişaf uğurları haqqında müsbət təbliğat kampaniyasının aparılması ola bilərdi. Ancaq, bütün bunlar nəinki olmadı, hətta Avropa liderləri bu oyunları açıq-aşkar boykot etdilər, Azərbaycandakı insan haqlarının durumu ilə bağlı indiyə qədər misli görünməmiş əks-təbliğat kampaniyası aparıldı və hakimiyyət bu kampaniyadan ağır travmalar alaraq çıxdı və bütün düyaya irticaçı rejim kimi təqdim edildi.
Heç şübhəsiz, prezident Ilham Əliyev hər nə qədər ətrafa hiss etdirməyə çalışmasa da, bu pərtçiliyi hamıdan daha çox öz üzərində duyur. Ancaq məsələ bununla da bitmir. O, əvvəllər xarici siyasətdə aydın görülən bir hərəkət cizgisinə, müxtəlif güc mərkəzlərinin bəlli istək və maraqları arasında özü üçün saxlaya bildiyi manevr sahəsinə sahib olduğu halda, indi vərdiş etmədiyi situasiya ilə üzləşib. Indi Əliyev sonunu bilmədiyi labirintlə hərəkət etməyə, vaxtilə uzlaşdıra bildiyi maraq və istəklərlə açıq sahədə qarşıdurmaya getməyə, təminatların risklərlə əvəzləndiyi yeni münasibətlər sistemi ilə barışmağa məhkumdur. Özü də o, bu oyunda təkbaşınadır. Ətraf komanda nəinki bu çoxvektorlu mürəkkəb situasiyada ona əlverişli qərarların qəbulunda yardım edəcək xüsusiyyətlərə sahib deyil, əksinə, bu komanda bir çox hallarda öz korporativ maraqlarına görə daxili və xarici siyasətdə onun uzlaşma və hərəkət imkanlarını xeyli dərəcədə məhdudlaşdırır, dövlət başçısını öz maraqları qarşısında qalxana çevirir.
Meydanda tək qoyulan prezident
Hər hansı komandada dəyişikliklər aydındır ki, mövcud şəraitin doğurduğu yeni ciddi siyasi, sosial zərurətlərdən, yeni çağırışlardan, gözlənilən risklərdən qorunmaq ehtiyacından qaynaqlanır. Bu zərurəti hiss etmək üçün əslində Ilham Əliyevin ictimai rəyə çıxış və təmas imkanları çoxdan qapadılıb. Indi ondan ötrü bu dəyişiklikləri zəruri edən tək şey, bu şərtlərin doğurduğu zərurət deyil, hazırkı status-kvonun saxlanılmasının açıq-aşkar ona zərər vurmasıdır. 19 may bina yanğını ilə bağlı keçirilən müşavirədə bu, əslində tam qabarıqlığı ilə göründü. Komanda üzvlərindən heç kim dövlət başçısına gələn zərbəni öz üzərinə götürüb məsuliyyətə sahib çıxmadı, əksinə, hamı ali dövlət səviyyəsində razılıq verilmiş bir korrupsiya-üzləmə əməliyyatının məsuliyyətini üstündən ataraq, əslində Ilham Əliyevi meydanda tək qoydu. O da məcbur qalıb “mənim xəbərim yoxdur” deməklə, cəmiyyət qarşısında məsuliyyəti öz üzərindən atmağa vadar oldu. Əslində, bir prezident üçün bundan uğursuz və özünü zəif göstərən mənzərə çətin təsəvvür etmək olsun, özünün və komandasının ekstremal situasiyalara nə qədər hazırlıqsız olduğunu, komandasının dövlət başçısı ilə məsuliyyəti bölməyə hazır olmadığı efir vasitəsilə bütün ölkəyə təqdim olundu. Müqayisə üçün deyək ki, vaxtilə Ömər Lütfi Topal məsələsində Heydər Əliyev “Avropa” hotelinin tikintisinə görə məsuliyyəti o zamankı xarici işlər naziri Həsən Həsənovun üzərinə qoyaraq, Ilham Əliyevi bu məsələdən kənar tutmağı bacarmışdı. Təbii ki, bu müqayisəni Ilham Əliyev də özlüyündə aparmamış deyil və onunla birlikdə ölkəyə gələn neft pullarından böyük paylar alan, inzibati resurslar hesabına monopolistə çevrilən, rəqabətsiz biznes imkanları qazanan ətrafının ilk çətin vəziyyətdə onu meydanda tək qoyduğunun fərqindədir.
Eyni zamanda neftin qiymətinin və hasilatının düşməsi ilə yeni iqtisadi mərhələ başlayır. Daha əvvəlki kimi böyük neft gəlirləri olmayacaq və indi neftin hesabına şişirdilmiş büdcəni qeyri-neft sektoru hesabına doldurmaq lazım gələcək. Üstəlik, Milli Bankın maliyyə rezervlərinin manatın kursunu saxlamaq üçün ilin sonuna qədər əriyərək bitəcəyi də proqnozlaşdırılır. Bütün bunlar isə postneft dövrünün təkcə iqtisadiyyatda deyil, həm də siyasətdə yeni şərtlər yaratması deməkdir. Əvvəllər neft gəlirləri hesabına həyata keçirilən iri layihələrdən cəmiyyətin müəyyən hissəsinin gündəlik dolanışıq qazancı hesabına sosial sabitliyi təmin etmək mükün olurdusa, artıq neftin qiymətdən düşməsi ilə bu imkanlardan məhrum olmuş insanların narazılığı mütləq siyasət qazanının qaynamasına, müxaliftəin sosial bazasının güclənməsinə təsir göstərəcək. Milli Bankın əriyən rezervləri isə manatın kursunu uzun müddətə saxlamağa imkan verməyəcək və növbəti devalvasiyanın gətirəcəyi narazılıq dalğası isə ənənəvi sosial sabitliyin əsaslarını dağıda bilər. Əsas risk faktorlarından bir də budur ki, məsələ növbəti devalvasiya qərarı ilə yekunlaşmayacaq və manatın üzən məzənnəyə keçməsinin qaçılmaz olması həm də hakimiyyətin kütləvi narazılığın genişlənməsini tənzimləmək imkanlarını itirməsinə səbəb olacaq.
O da aydındır ki, bu iqtisadi təsirlər təkcə geniş xalq kütlələrinə deyil, aşağı ranqlı məmur korpusuna, seçkilərin saxtalaşdırılmasında fəallıq edən büdcə təşkilatları işçilərinə və rejimi meydanda dəyənəklə qoruyan güc strukturları əməkdaşlarının həyat səviyyəsinə də təsir göstərəcəyinə görə dövlət başçısı və ətrafı yeni dönəmdə dünənə qədər sahib olduqları inzibati təsir alətlərini əvvəlki kimi sərbəst istifadə etməkdə çox ciddi çətinliklər olacağını bilməmiş deyil.
Bu şəraitdə vəziyyəti mürəkkəbləşdirən əsas faktorlardan biri də xarici siyasətdə Qərblə artan qarşıdurmadır. Hətta PA rəsmisi hazırkı vəziyyətdə hamının onlara qarşı olduğunu belə dilə gətirməklə vəziyyətin nə qədər çətin olduğunu etiraf edib. Ilham Əliyevin Avropa Oyunları ərəfəsində belə münasibətlərin normallaşması istiqamətində addımlar atmaması onu göstərdi ki, o, münasibətləri gərginləşdirən hazırkı kursu dəyişmək niyyətində deyil. Belə bir vəziyyətdə, xaricdən gələn və getdikcə artması gözlənilən təzyiqlər qarşısında müqavimət göstərməyin yolu ölkə daxilində narazılığın artmasının qarşısını alacaq kadr və ardınca da iqtisadi islahatların həyat keçirilməsindən keçir.
Ilham Əliyev üçün hazırkı mərhələdə əslində kadr və iqtisadi islahatların əsas məqsədi məhz siyasi sistemi əvvəlki formada qoruyub saxlamaqdır. Yəni dövlət başçısı kimi o, sosial iqtisadi problemlərin xalqın hakimiyyətə qarşı narazılıqlarını körükləyib müxalifətin sosial bazasını gücləndirməməsi və xarici təsirlərin qarşısında müqavimətsiz duruma düşməməsi üçün iqtisadi bloku gücləndirmək, siyasi sistemi dəyişikliklərdən qorumaq istəyir. Artıq Ilham Əliyev və ona ən yaxın çevrə əks təqdirdə hər şeyin biryolluq itirilə biləcəyinin fərqindədir və ona görə də könülsüz də olsa yubanmadan islahatlar istiqamətində addımlar atılmalı olduğunu başa düşür.
Yuxarıda deyilənləri belə yekunlaşdırmaq olar ki, Ilham Əliyev ona görə komanda dəyişikliyinə və iqtisadi islahatlara getməyə məcburdur ki, dəyişən iqtisadi şərtlər mövcud sistemin əsaslarını dağıtmasın və sosial sabitliyi pozub onu siyasi destabilizasiya faktoruna çevirməsin. Əks təqdirdə situasiya hakimiyyət üçün çox riskli görünür.
Adı gündəmə gələn fövqəlnazir
Bu səbəbdən yeni dövr həm də yeni situasiyanın çağırışlarına cavab verəcək, eyni zamanda idarəetmə iyerarxiyasında sabitliyi və cəmiyyətdəki gözləntiləri qismən qarşılayacaq kadr islahatını gündəmə gətirir. Bu sırada ən çox müzakirə mövzusu Baş Nazir postuna kimin gətriləcəyi ilə bağlıdır. Son günlər bununla bağlı aparılan müzakirələrdə ən çox hallandırılan isim fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adıdır. Kəmaləddin Heydərovun adını bu məsələdə önə çıxaran əsas səbəb onun həm hazırkı oliqarx sistemin əsas sütunlarından sayılması, həm də ki, mövcud sistemin qaydaları çərçivəsində idarəçilik bacarıqlarının digərlərinə nisbətən daha effektiv şəkildə ortaya qoyması ilə bağlıdır. Kəmaləddin Heydərovun korrupsioner və monopolist oliqarx imici nəinki onun namizədliyinin gündəmə gəlməsinə maneə olmur, əksinə, bu onun hazırkı sistem tərəfindən daha rahat həzm olunan doğma kadr kimi qəbul edilməsinə imkan yaradır. O həm də sahib olduğu biznes imperiyası ilə özü haqqında bazarın tələblərini bilən, məmur-oliqarx imici də yarada bilib. Eyni zamanda hazırkı dövlət başçısına şəxsi sədaqət telləri ilə bağlılığı şübhə doğurmayan Kəmaləddin Heydərov həm də məmur kontingenti arasında nüfuz sahibdir və bu da ona gələcəkdə baş nazir kimi hazırkı oyun qaydaları çərçivəsində iqtisadi islahatlara müəlliflik etmək imkanı yaradır. Kəmaləddin Heydərov sahib olduğu böyük sərvətə və siyasi keçmişin doğurduğu maraqlara görə, həll olunmamış iqtisadi problemlərin ölkədə sosial-siyasi sabitliyi poza biləcəyinə görə ən çox narahatlıq keçirən məmurlardan sayılır və bu baxımdan o, dövlət başçısının gələcəklə bağlı əndişələrini digərlərindən daha yaxşı anlayır.
Ancaq məsələ burasındadır ki, hakim ailənin başqa bir qanadı üçün Kəmaləddin Heydərovu Baş Nazirliyə namizəd edən cəhətlər həm də onu hədəfə çevirir. Baş Nazirlik postuna özünün gələcək hakimiyyət iddialarını təmin etmək imkanlarından biri kimi baxan Paşayevlər qruplaşması üçün bu posta öz kadrlarını gətirmək, indiki halda gələcək məqsədləri gerçəkləşdirmək üçün əsas starteji hədəf hesab olunur. Bu bir faktdır ki, 2013-cü ilin prezident seçkilərində məhz Kəmaləddin Heydərovun da daxil olduğu məlum regional qruplaşmanın müqaviməti üzündən Paşayevlər qanadı geri çəkilməli oldu və Ilham Əliyevin yenidən namizədliyi irəli sürüldü. Ona görə də indi Baş Nazir postuna Kəmaləddin Heydərovun gətirilməsi faktiki olaraq Paşayevlər klanının birincilik uğrunda mübarizədə mövqelərini əvvəlkindən də daha çox zəiflədə bilər. Nəzərə alsaq ki, “WikiLeaks” saytında Kəmaləddin Heydərov haqqında Ilham Əliyevdən sonra ən ölkənin faktiki ikinci qüdrətli şəxsi, ən güclü oliqarx kimi bəhs edilirdi, o zaman nədən Paşayevlərin Kəmaləddin Heydərovu hədəfə aldıqlarının da səbəbi aydın olar.
Fövqəlnaziri hədəf alan icra başçısıdır, yoxsa?..
Bunun son görsənişi Binəqədidəki bina yanğını ilə bağlı olay zamanı müşahidə olundu. Paşayevlər qruplaşmasına daxil olan Fazil Məmmədovun yaxın qohumu, Binəqədinin icra başçısı Xaləddin Iskəndərov qəzetlərdən birində müsahibə təşkil etdirdi və bu müsahibədə bina yanğınına görə Kəmaləddin Heydərov hədəf kimi göstərildi. Təbii ki, ilk baxışdan da aydındı ki, bir icra başçısının Kəmaləddin Heydərov kimi bir oliqarxı öz özlüyündə hədəf alması özfəaliyyət deyil və ona ən yüksək səviyyədə təminat verilməsə, o bu işə cəsarət edə bilməzdi.
Münasibətlərin belə gərgin olduğu bir ortamda görünür ki, hakimiyyətdə ikincilik uğrunda getdikcə dərinləşən daxili mübarizədə Kəmaləddin Heydərovun Paşayevlər klnanına “biət” etməmiş hakimiyyətdaxili qruplaşmalırı da getdikcə öz ətrafında təmərküzləşdirmək imkanları artır. Bu yaxınlarda iqtidarın güc strukturlarından birinə bağlı saytda məhz Kəmaləddin Heydərovun Baş Nazirliyə namizəd kimi gündəmə gətirilməsi, əslində daxili rəqabət cəbhəsinin genişləndiyini, hər kəsin bu mübarizədə öz tərəfini seçməyə çalışdığını göstərir.
Təbii ki, burada ən önəmli faktorlardan bir də hakimiyyətin inzibati resurslarına nəzarəti həyat keçirən Ramiz Mehdiyev faktorudur. Səhhətindəki problemlər və yaşının çoxluğu üzündən ayrıca iddia ortaya qoya bilməyən Mehdiyev indi bu rəqabətdə tərəzinin hansı gözünün ağır gələcəyinə təsir göstərə bilən həlledici faktor hesab olunur. Paşayevlər klanına qarşı antipatik münasibəti, inzibati aparat üzərindəki nəzarəti və güc strukturlarından birinə yaxınlığı məhz ona Baş Nazirlik uğrunda rəqabəti Kəmaləddin Heydərovun xeyrinə həll etməyə imkan verir. Bir şeyi xatırlatmaq yerinə düşərdi ki, 2012-ci ildə iqtidardan prezidentliyə kimin namizəd olacağı ilə bağlı müzakirələrin getdiyi bir vaxtda Qəbələdə Ramiz Mehdiyevin və Kəmaləddin Heydərovun iştirakı ilə o zaman gerçəkləşdirilən toplantı bu iki önəmli fiqurun Paşayevlər qruplaşmasına qarşı bir yerdə çıxış etməsinin və ənənəsinin olduğunu da göstərir.
Bu cütlüyün inzibati və maliyyə resurslarından əlavə olaraq ictimai sektora da ciddi təsir imkanlarının olması, iqtidar mediasının əhəmiyyətli hissəsinə nəzarət etməsi daxili rəqabətdə onlara əlavə üstünlüklər qazandırır.
“Bidətçilərin” ovlanması
Görünür, məhz son zamanlar siyasi kombinasiyalar ustası hesab olunan keçmiş baş prokuror Eldar Həsənovun bu vəziyyəti bir fürsət kimi qiymətləndirərək fəallaşması, Paşayevlər qruplaşmasına yönəlik jestlərlə diqqəti öz üzərinə çəkməyə çalışması da təsadüfi deyil. Eldar Həsənov gözəl anlayır ki, məhz rəqib tərəflə qarşıdurmanın dərinləşdiyi hazırkı şəraitdə, Paşayevlərin onun kimi usta oyunçuya ehtiyacı yarana bilər. Vaxtilə Mütəllibov kimi arzuolunmaz birisini Moskvadan hörmətlə geri qaytarmağı bacaran Paşayevlər üçün, onu xaricdəki fəxri sürgündən geri çağırıb, hakimiyyət olimpinin yuxarısına qaldırmaq bir o qədər də çətin məsələ deyil.
Bu baxımdan Ramiz Mehdiyevin rəhbərlik etdiyi PA-dan kurasiya olunan bir saytda Eldar Həsənovun kampaniya şəklində hədəfə alınaraq “bidətçi” elan olunması da təsadüfi deyil və Paşayevlər klanının bu ehtiyat oyunçusunu meydançaya çıxmağının qarşısını almaq məqsədi güdür.
Ancaq məsələ bununla da bitmir. Bir çox məlumatlara görə, Beynəlxalq Bankdan kredit götürdüyü üçün saxlanılan və sonra da üzərlərinə ağır şərtlər qoyularaq buraxılan və günü bu gün də təzyiq altında tutulan iş adamlarının tam əksəriyyəti məhz Paşayevlər klanı ilə bağlı olanlardır. Bu əslində Paşayevlərin biznes qanadının vurulması əməliyyatıdır.
Hakimiyyətdaxili ziddiyyətlərin həm də parlament seçkiləri yaxınlaşdıqca daha da dərinləşəcəyi gözlənilir. Qarşıdakı seçkilərdə hər bir qruplaşma seçkilərdə əldə edəcəkləri mandat hesabına öz mövqelərini gücləndirməyə və bu yolla da həm də Baş Nazir postu uğrunda mübarizəni öz xeyrinə yekunlaşdırmağa çalışacaq.
“Azadlıq”ın analitik qrupu