Oktay Gülalıyev
…19 mayda Bakıda 16 mərtəbəli binanın yanğınından sonra hakimiyyətin necə əl- ayağa və qorxuya düşdüyünü gördünüzmü? Dövlət başçısı başda olmaqla məmurların ard-arda yanğın yerinə getmələri, özlərini xalqa yaxın göstərib onların hallarına yanması, hətta Binəqədi RİH başçısı Xaləddin İsgəndərovun “elə bilirəm, öz evimdən 15 meyit çıxıb.” deyib ah- nalə qoparması yəqin yadınızdadır. Ölkə rəhbərinin iştirakı ilə dövlət komissiyasının iclası isə “xalqa can yandırma” şousunun pik nöqtəsi oldu. Bəzi etiraflarda bulunan dövlət başçısı məmurlar haqqında “Dövlət vəsaitini oğurlayırlar", “Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər”, “Torpaqları qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar”, ““Dostluq” parkında ağaclar qırılır, villalar tikilir. …Sahibi tapılmır” və s. deyərək məmurların onu aldatdığını və onun da ölkədə baş verən qanunsuzluq, dərəbəylik, talançılıqdan guya xəbəri olmadığını bildirdi. Sonra nə baş verdi? Neft gəlirlərindən əldə olunan yüz milyonların keyfiyyətsiz bina örtüklərinə xərcləyib, sonra da onu sökülməsi ilə nəticələnən “anoloqsuz bərpa işləri”- nin, 16 nəfərin həlak olması, 64 nəfərin yaralanması, insanlara böyük həcmdə maddi və mənəvi ziyanın dəyməzi ilə müşayət olunan yanğın olayının suçu bir JEK müdürünün boynuna qoyularaq onun həbsi ilə yekunlaşdı. 19 və 20 mayda məmurların üz- gözünə çəkilən saxta vətənpərvərlik və canıyananlıq pərdəsi bir neçə gün sonra kefiyyətsiz bina örtükləri kimi qopub yerə töküldü. Örtüyü sökülmüş çılpaq binalar kimi onların da əsl siması üzə çıxdı. Hər şey unudulmağa, adı qaydada davam etməyə başladı. İndi görün həmin yanğından, dəyən ziyandan, körpə balaların yanaraq kül olmasından danışan varmı? Təbii ki yox. Bəs 19 və 20 mayda məmurların büründükləri vətənpərvərlik libası, onların çöhrəsində bulunan canıyananlıq duyğusunun adı nə idi? O duyğunun, o libasın bir adı var; qorxu, xalqla hesablaşmaq… Qorxaqlar çox duyğusal olur. Hakimiyyət 19 mayda yanan binanın sakinlərinin və onlarla həmrəylik nümayiş etdirən ölkənin real və virtual sakinlərinin çöhrəsində qəzəb və kin gördü. Ona görə də şou tamaşalar düzəldib televiziya ekranlarından xalqa yarınmağa, yanan binaya gedib duyğusallıq nümayiş etdirməyə, büdcədən zərərçəkənlərə qəpik- quruş verib insanları sakitləşdirməyə çalışdılar.
Məqsədim hamınızın bildiyi və tanıdığı hakimiyyətin bir epizodda etdiyi əməlləri sizə xatırlamaq deyil. Hakimiyyət xalqın qəzəb və kininin günü- gündən artdığının fərqindədir. Ona görə də qorxur. Hər kiçik olaydan belə ehtiyat edir. 19 may yanğını və bu yanğınla bağlı xalqımızın, xüsusən sosial şəbəkə istifadəçilərinin sərt təpkisi hakimiyyəti təşvişə saldı. Xalqın ayağına gətirib uzun illərdən sonra hesabat verməyə məcbur etdi.
İndi mənim sözüm sizlərədir. Bunlar həmişə demirdilər ki, xalq dövlət üçün deyil, dövlət xalq üçündür. Yəni dövlət, hakimiyyət xalqa xidmət etməlidir. İndi sizə sual edirəm; Siz istəməzsinizmi dövlət həmişə 19 və 20 mayda olduğu kimi sizin yanınızda, dərdlərinizin, problemlərinizin əhatəsində olsun? Siz istəməzsinizmi ki, başda dövlət rəhbəri olmaqla məmurlar qapınıza gəlsin, dərdi- sərinizi dinləyib ona çarə qılsınlar? Təbii ki, istəyərsiniz. Bilirsinizmi ki, bunun çox sadə yolu var. Yol odur ki, vətəndaşlarımız insan kimi yaşamaq istəyini dilə gətirib ortaya iradə qoymalı, öz haqqına sahib çıxmalıdırlar. Layiqli və firavan yaşamağın yolu haqqına sahib çıxmaqdan keçir.
Gəlin haqqımıza sahib çıxaq ki, bizə kölə kimi baxmasınlar. Yalnız hansısa bədbəxt hadisə, faicə baş verəndə, kreslolarına təhlükə hiss edəndə sizi yada salmasınlar.
Gəlin haqqımıza sahib çıxaq ki, bizimlə hesablaşsınlar.
Gəlin haqqımıza sahib çıxaq ki, ölkədə biganəliyə, məmur özbaşınalığına, yanlış idarəetməyə, korrupsiyaya, monopoliyaya son qoyulsun.
Gəlin haqqımıza sahib çıxaq ki, bir parça çörəyə görə qazilərimiz intihar etməsin, Vətənə xidmət üçün göndərdiyimiz əsgərlərin müəmmalı ölüm xəbərlərini eşitməyək.
Gəlin haqqımıza sahib çıxaq ki, Konstitusiya məhkəməsi kredit borcu olan 2 milyondan çox vətəndaşımızın deyil, bankların mənafeyini düşünməsin.
Gəlin haqqımıza sahib çıxaq ki, binalarımız yanmasın, körpələrimiz yanıb külə dönməsin!
Gəlin haqqımıza sahib çıxaq ki, milyardlar hesabına bizə başa gələn Avropa oyunlarının məşəlini yalançı ələm kimi ölkə boyu gəzdirib bizi aldatmasınlar.
Gəlin haqqımıza sahib çıxaq ki, bizlərin haqqı, azadlıq və demokratiya ugrunda mübarizə aparan dinc, günahsız insanlarımız qaranlıq zindanlarda çürüməsinlər.
30 mayda Milli Şuranın keçirəcəyi mitinq haqqına sahib çıxmaq istəyənlərin birlik və etiraz toplantısıdır. Bu toplantıya sən də qatıl. Onda tək olmadığını görəcəksən. Haqqına sahib çıxmaq ugrunda ciddi addım atmış olacaqsan.
Haqqınıza sahib çıxmaq istəyirsinizsə Milli Şuranın 30 may, saat 15 00- da “Məhsul” stadionunda keçirəcəyi mitinqə gəlin. Gəlin ki, haqqımızı bir yerdə tələb edək.