MTN-də Etibar Pirverdiyevə qarşı ifadə verilib
Iş adamı Nizami Piriyevin vəkili Muxtar Mustafayev AzadlıqRadiosuna deyib ki, müvəkkilinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib:
“Həbs qətimkan tədbiri seçilib, irəli sürülmüş ittihamlar ağır ittihamlardır. Biz hesab edirik ki, həbs, başqa yerə gətməməklə bağlı iltizam, ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirilə də bilər. Bunun üzərində işləyirik. Yaxın vaxtlarda bununla bağlı vəsatət qaldıracağıq”.
Neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətinin sahibi Nizami Piriyev mayın 12-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs olunub. Piriyev külli miqdarda pul vəsaitlərini dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. Vəkili bildirir ki, Piriyev özü bu ittihamları qəbul etmir: “Müdafiə tərəfi bu ittihamlarla razı deyil. Biz müstəqil audit rəyləri və digər sənəd və sübutları toplayaraq məhkəməyə sübut etməyə çalışacağıq ki, bankdan götürülmüş kreditlər mənimsənilməyib və investisiyaya yatırılıb”.
Nizami Piriyevin biznesi “PNN Group” adı altında birləşir. Bu qrup “De Beers” və “Hamleys” brendlərinin tərəfdaşıdır. Piriyev həm də Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin qurucusudur. Bu şəbəkənin ölkədə 50-dək restoranı var.
Nizami Piriyev mediada “Cahangir Hacıyevin işi” və ya “maliyyə xəyanətləri” adı alan cinayət işi üzrə saxlanılan yerli iş adamlarından biridir. Ittiham aktına görə, o, Beynəlxalq Bankda azı 800 milyon vəsaiti mənimsəməkdə ittiham olunur. Vəkil Muxtar Mustafayev deyir ki, bu vəsaitin hamısı götürülmüş kreditlər deyil: “Irəli sürülmüş ittihamlar bankdan götürülən kreditlə bağlıdır. Söhbət 836 milyon 370 min manatdan gedir. Amma bu məbləğə həm də faizlər və cərimə faizləri də daxildir. Yəni, bankdan bu qədər vəsait götürülməyib”.
Bu arada virtualaz.org saytı məlumat yayıb ki, “AzImport” şirkətinin sahibi, Dövlət Bayrağı Meydanı Kompleksi Idarəsinin keçmiş rəhbəri, Bakıda irimiqyaslı söküntü korrupsiyasına görə MTN tərəfindən həbs edilən Rəşad Məmmədov (Martirosov) dindirmə zamanı Etibar Pirverdiyevə qarşı ifadə verib. Məlumatda deyilir ki, söhbət on milyonlarla dollarlıq yeyinti faktından gedir. Məlumata görə, Rəşad Məmmədovun istintaqa verdiyi ifadə əsasında “Azərenerji” rəhbərinin də istintaqa çağırılacağı gözlənilir.