"Mən istintaqa cəlb edilməmişəm"
Azərbaycanın tanınmış iş adamı İsfəndiyar Axundov həbs edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Bu barədə APA-ya açıqlama verən iş adamı qeyd edib ki, haqqında belə məlumatlar qəsdən yayılır və bu xəbərlər həqiqətə uyğun deyil: “Mənin həbs edilməyim barədə yayılan xəbərlər yalandır. Nəinki həbs, mən, ümumiyyətlə, istintaqa cəlb olunmamışam. Haqqımda kimlər hansı məqsədlə bu xəbərləri yayır deyə bilmərəm. Onu deyə bilərəm ki, mən məsuliyyətə cəlb olunmamışam və hazırda evimdəyəm”.
İ. Axundov həmçinin Azərbaycan Beynəlxalq Bankından kredit götürmədiyini də açıqlayıb: “Öz işlərimlə məşğulam. Beynəlxalq Bankdan da kredit götürməmişəm”.
Qeyd edək ki, bu gün bəzi saytlar iş adamı İ. Axundovun həbs edilməsi barədə məlumat yayıb.
***
Kredit qalmaqalına görə daha bir oliqarx həbs olunub.
Hüquq-mühafizə orqanlarındakı virtualaz.org saytına verilən məlumata görə, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb.
“Şərur” MTK şirkətinin sahibi olan biznesmen artıq 5 gündür ki, “Bandotdel”in təcridxanasında saxlanılır.
İlkin məlumata görə, həbsdəki digər biznesmenlər kimi naxçıvanlı iş adamı da banklardan külli miqdarda kredit götürərək mənimsəməkdə ittiham olunur. İ.Axundovun banklara 100 milyon dollara qədər borcunun olduğu deyilir.
İş adamının yaxınları onun həbsi ilə bağlı deyilənləri təkzib edir. Məlumatı rəsmi qurumlardan dəqiqləşdirməyə çalışırıq.