Bütün izlər hakimiyyət tərəfə aparır
Iki gün öncə baş vermiş hadisə Azərbaycanın gündəminə bomba kimi düşdü. Insanlar hələ də hüzn içindədilər. Yanğın zamanı dünyasını dəyişmiş azyaşlı uşaqların fotoları insanı dəli edir. Bir binanın yanması nəticəsində 15 nəfər həlak oldu, 60-dan artıq insan xəsarət aldı. Bu yanğının istisi hələ çox üzləri qarsacaq. Ən dəhşətlisi budur ki, baş vermiş faciənin səbəbləri xeyli əvvəldən məlum idi. Hakimiyyətə dəfələrlə xəbərdarlıq edilmişdi ki, binaları üzlədiyiniz penoplast material insanlara ölüm gətirəcək. Amma ölümə qarşı immuniteti güclü olan hökumətimiz, tənqidlərdən nəticə çıxarmadı. Çünki, pul qazanmaq ehtirası insan həyatını üstələdi.
Günahkarı harada axtaraq?
Hadisədən sonra müxtəlif fikirlər səsləndirildi, yazılar yazıldı, ittihamlar sürətlə artmağa başladı. Ilk olaraq xəbər gəldi ki, BŞIH məsuliyyəti öz üzərindən ataraq, FHN-i və Binəqədi Icra Hakimiyyətini nişan verib. Bəli, BŞIH-dən bildirmişdilər ki, bu məsələyə görə onları narahat etməsinlər. Amma hadisə geniş vüsət aldıqdan sonra araşdırmalar da dərinə getdi. Əvvəla məlum oldu ki, BŞIH Bakıda gedən bütün təmir-tikinti işlərini öz üzərinə götürüb. Hətta təmir-tikinti işləri gedən ərazilərdə “müvəqqəti narahatlığa gör üzr istəyirik” də deyib. Sonra məlum oldu ki, yanğından mühafizə idarəsinin də, Standartlaşdırma Agentliyinin də, FHN-nin də bu sintetik üzlüklərlə bağlı müsbət rəyi olub. Yəni binalara üzlənən bu “ölüm maşını” bütün aidiyyəti qurumların “dobro”sunu alıb. Amma məsələ bununla da yekunlaşmadı. Məlum oldu ki, ölkə başçısı Ilham Əliyev şəxsən bu sintetik üzlükləri istehsal edən zavodun açılışında iştirak edib və bugün həbsə atılan Miryusif Mahmudova xeyir-dua verib. Göründüyü kimi, binaların zərərli materiallarla üzlənməsi heç bir özfəaliyyətin nəticəsi deyil. Ola da bilməz. Çünki, Azərbaycanda sıravi iş adamının zavod açması və 100-lərlə binanın üzlənməsini həyata keçirməsi mümkünsüzdür. Yuxarıda qeyd edilənlər də göstərir ki, bu hadisədə hakimiyyət birbaşa məsuliyyət daşıyır. Rəsmi açıqlamalarda araşdırma aparılması, cinayət işi açılması haqqında məlumatlar verilir. Nəyi araşdırırlar, bu işdə qaranlıq məqam qalıbmı? Bundan öncə Xətaidə analoji hadisə baş verdi və cinayət işi açıldı. Nəticə varmı? Əminliklə demək olar ki, bu hadisə ictimaiyyəti silkələməsəydi, sosial şəbəkələrdə geniş yayılmasaydı, hakimiyyət yenə də bu məsələnin üstündən sakit ötüb keçəcəkdi.
Daldan atılan daş
Bu ölkədə qayğı görmək, diqqət cəlb etmək üçün ölmək zərurətə çevrilib. Özünü yandırmayana, intihar etməyənə, körpüyə çıxmayana yardım edən tapılmır. Məsələn, Qarabağ qazisi aidiyyəti orqanlara 100-lərlə şikayət məktubu yazır, prezidentə müraciət edir, mətbuatda həyəcan təbili çalır və nəticədə bütün çabalar boşa gedir. Amma özünü yandırdımı, hökumət narahat olur, rəsmilər ziyarətinə gedir və s.
Bu yanğın hadisəsində də “ənənə” davam etdirildi. Əvvəlki yanğınlara görə yazıldı, ekspert rəyləri oldu, hakimiyyətə çağırış edildi və yenə də səs çıxmadı. 15 nəfərin ölümündən sonra isə, prezident cinayətkarları cəzalandırmaq haqqında düşündü. Ardınca nazirlər, şəhər meri, nazir müavinləri hadisə yerinə getməyə, xəsarət alanlara təsəlli verməyə başladılar. Bəli, insanlar öləndən sonra hakimiyyət kədərlənməyə başladı. Ancaq bu azyaşlı körpələr ölməyə də bilərdi. Hakimiyyətin acgözlüyü, daha çox qazanmaq istəyi insan taleyindən cazibədar oldu. Indi günahkarların zərərçəkənlərə təsəlli verdiyinə tamaşa edirik. Amma bu heç nəyi dəyişməyəcək. Daldan atılan daş topuğa dəydiyi kimi, hakimiyyətin reaksiyası da yanmış cəsədlərə dəydi. Ümumiyyətlə, bu hakimiyyət heç vaxt fəlakətdən öncə hadisə yerinə gəlməyə ehtiyac duymur. Indi Bakı meri zərərçəkmiş vətəndaşa “başına dönüm” deyir. Dünənə qədər isə bu insanlara baş qoşmaq istəmirdilər. Əgər bir gün öncə övladı həlak olmuş vətəndaş həmin penoplastı sökməyə cəhd etsəydi, indi dəmir barmaqlıqlar arasında oturmuşdu. Bir sözlə, hakimiyyət yenə də məqsədli şəkildə gecikdi.
Bəs, büdcəni yandıranların məsuliyyəti…
Təbii ki, milyonlar, milyardlar həlak olnaları geri qaytara bilməz. Əlbəttə, heç bir var-dövlət həlak olmuş 3 yaşlı körpənin həyatından qiymətli ola bilməz. Amma bu fəlakətin kökündə pul dayanır. Bu insanlar pulun güdazına getdilər. Guya, abadlıq işlərinin daha ucuz qiymətə başa gəlməsi üçün binalara sintetik üzlük vurmaq qərarını gəliblər. Əslində isə bu addım daha çox qazanmaq, büdcəni daha çox yaralamaq üçün atılmışdı. Bu penoplast üzlüklər kimlərinsə maddi marağına xidmət edirdi. Amma burda başqa bir məsələ də meydana çıxır. Hesablamalara görə, həmin üzlüklərin hər kvadrat metri 150 manata başa gəlirmiş. Deməli, 100-lərlə binanın eyni materialla üzlənməsi milyonlarla manat vəsaitin büdcədən ayrılması deməkdir. Indi isə bu üzlüklərin sökülməsinə, yeni üzlüklərin vurulmasına start verilib. Deməli, eyni iş üçün büdcədən 2 dəfə vəsait ayrılır. Bu isə onsuz da sosial-iqtisadi vəziyyətin pisləşdiyi, milyardlarla vəsaitin mənasız layihələrə xərcləndiyi, valyuta ehtiyatlarının azaldığı bir ölkə üçün növbəti zərbədir. Bəs, bunun məsuliyyətini kim üzərinə götürür? Bu daha böyük maliyyə xəyanəti deyilmi? Nəticə budur ki, hakimiyyət öz maraqları naminə büdcəni açıq şəkildə talan edir. Əvvəldən qınaqlara, ekspert rəylərinə məhəl qoyulsaydı, indi nə insan ölümlərinə, nə də ikinci dəfə büdcənin talan edilməsinə şərait yaranmazdı. Yəni üzləmə siyasəti vətəndaşla yanaşı dövlətə də zərbə vurdu.
Sevinən kimdir?
Hakimiyyət bütün hallarda öz çirkin niyyətini ortaya qoyur. Ölkədə bu boyda faciə yaşanır, hakimiyyət təmsilçiləri isə bu faciədən də müxalifəti ləkələmək üçün istifadə edir. YAP-çı deputat Siyavuş Novruzov hadisəyə münasibət bildirərkən bütün dünyada belə hadisələrin olduğunu, yanğına operativ reaksiya verildiyini söyləyib və müxalifəti sevinməkdə ittiham edib.
Müxalifət hələ birinci yanğın vaxtı hakimiyyətə xəbərdarlıq etdi, bu üzlüklərdən imtina etməyə səslədi. Ancaq, hakimiyyət bunu qərəz kimi qiymətləndirdi. Indi prezident səviyyəsində tapşırıq verilib ki, üzlüklər sökülsün, məlum zavodun rəhbəri tutulub və s. Bütün bunlardan sonra Siyavuş Novruzov günahkarların adını çəkməyə cəsarət etmir, bu üzlüklərlə bağlı müsbət rəy vermiş orqanların adını çəkmir və hakimiyyəti sığortalamağa çalışır. Biz isə orataya fakt qoyuruq ki, Ilham Əliyev zavodun açılışında iştırak edib, FHN müsbət rəy verib, təmir işləri BŞIH-iin nəzarətində olub. Millətə vəkillik etmək iddiasında olan adam isə, 15 vətəndaşın ölümünə səbəb olanları müdafiə edir. Görünən odur ki, sevinən hakimiyyətdir. Çünki, ikinci dəfə büdcədən oğurlamaq imkanı yaranıb. Operativ reaksiyaya gəlincə, hər şey göz önündədir. Hakimiyyət o qədər kədərləndi ki, erməni idmançılara 39000 manat xərclədiyi halda, yanğından ziyan çəkənlərə 1000 manat yardım etmək qərarı verdi.
Və sonda
Bu ölkədə sadə vətəndaş ancaq fəlakətlərlə mükafatlandırılıb. Ölkənin sərvətləri isə hakimiyyətə və əcnəbilərə qismət olub. Yəni bütün zamanlarda hakimiyyətlə xalq arasında uçurum olub. Son yanğın hadisəsi də vətəndaşa qarşı biganələyin, hörmətsizliyin nəticəsi idi. Avropalıların gözündə yaxşı görünmək istəyənlər xalqın gözünü yummaqla məşğul oldular. Heç olmasa indi gözümüzü açaq. Bu yanğında sadə vətəndaş da dərs çıxarmalıdır. Hakimiyyət 2 ildir əlində “kibrit” gəzdirir. Daha yanğınlar olmasın. Taleyimizin, arzularımızın, övladlarımızın, dövlətimizn yanmasına imkan verməsin. Bu hakimiyyət ən yaxşı halda vətəndaşa 1000 manat qiymət qoyacaq, o da öləndən sonra.
Akif