“Mən polisə deyil, şərə, yalana, talana müqavimət göstərmişəm və bundan sonra da göstərəcəm”
Ötən ay hakimiyyət “ənənə”sinə sadiq qalaraq 3 cəbhəçini “polisə müqavimət” ittihamı ilə həbsə etdi. Saqif Qurbanov 25, Ruslan Nəsirli 20, Türkel Əlisoy isə 30 sutka azadlıqdan məhrum edildi.
Ötən gün AXCP GK-nın İdarə Heyətinin üzvü Türkel Əlisoy da 30 sutka cəzanı başa vurub, azadlığa çıxdı. Türkel Əlisoy bundan öncə 5 dəfə eyni ittihamla həbs edilib. Ancaq, bu həbslər onun mübarizə əzminə, əqidəsinə təsir edə bilməyib.
Türkel Əlisoy “Azadlıq”a açıqlamasında bildirdi ki, sona qədər haqlı mövqeyinə sadiq qalacaq və hakimiyyətin cılız addımlarına yenilməyəcək: “İlham Əliyevin "uğurlu" gənclər siyasəti nəticəsində qismən azadlıqdayam. Əvvəla, məni 6-cı dəfə şərləyib həbs etdiklərinə görə minnətdarlığımı bildirirəm. Çünki onların sayəsində 20-dən artıq kitab oxudum, dünya görüşümü artırdım. Həm də mənəvi rahatlıq tapdım. Ona görə mənəvi rahatlıq tapdım ki, İntiqam Əliyevin və Rəsul Cəfərovun uzun müddətə azadlıqdan məhrum edilməsini həbsdə oxudum. Açığı 6-cı dəfə polisə müqavimət maddəsiylə həbs edildiyimə təəccüblənmədim. 7 ildir Obamanı ermənilərə işləməkdə ittiham edən hakimiyyətin, məni də 6-cı dəfədir polisə müqavimət göstərməkdə ittiham etməsi çox normal bir haldır. Bəli, mən etiraf edirəm ki, müqavimət göstərmişəm. Amma polisə yox. Şərə, talana, yalana müqavimət göstərmişəm. Əgər bu polisə müqavimət sayılırsa, mən bütün polislərə sonadək müqavimət göstərəcəyəm. 30 gündə xeyli düşündüm. Amma niyə həbs olunduğumu anlaya bilmədim. Deyək ki, lap mən protokolda yazılan kimi eni metrə yarım, çəkisi 150 kq olan 5 nəfər polisə müqavimət göstərmişəm. Daha buna görə məni niyə həbs edirlər ki? Belədirsə, prezident məni "igidliyə görə" medalıyla təltif edib, olimpiadada tatami üzərinə döyüşə çıxarardı da. Mən sona qədər haqlı mübarizəmi aparacağam və bu həbslər məni qorxuda bilməz”.
S.Novruz