Bu il dövlət zəmanəti ilə 10 milyard dollar kredit alınıb
Samir Əliyev: «Alınan kreditlərin xərclənməsi, onlara nə dərəcədə ehtiyacın olduğu ilə bağlı ciddi suallar var»
Ilin əvvəli üçün imzalanan dövlət zəmanəti ilə alınacaq kredit sazişlərinin həcmi $10 mlrd 211,3 mln olub. Bunun 65,9%-i və ya $6 mlrd 676,2 mln artıq alınıb. Asiya Inkişaf Bankının (AIB) Rəhbərlər Şurasının 48-ci Illik Toplantısı öncəsi hökumətin hesabatında bildirilir ki, ötən il bu vəsaitlərin $2 mlrd 144,9 mln-u xərclənib, əsas borc kimi kredit verənlərə $1 mlrd 146,6 mln qaytarılsın.
Xarici dövlət borcunun qalıq məbləği 1 yanvar $6 mlrd 478,2 mln, 1 nəfərə $675,3 olub. Zəmanətli xarici dövlət borcunun 7,3%-i 10, 60,2%-i, 10-20, 32,5%-i daha çox müddətə cəlb edilib. Borcların 63,9%-i dəyişən faiz dərəcəsi ilə cəlb edilib.
Maraqlıdır ki, dövlət zəmanəti ilə alınan kreditlər iri təbii inhisarçılara yönəldilir ki, onların da artıq dövlət qarşısındakı borclanmaları 2 milyardı ötüb. “Azərişıq”, “Azərsu” və digər təbii inhisarçılar həm hər il büdcədən dotasiya alır, həm də bu təşkilatlara dövlət zəmanəti ilə kreditlər cəlb olunur. Lakin bu qayğı onların durumunu yaxşılaşdırmır, əksinə, bu təşkilatların dövlətə olan borcları daha da artır.
Dollarla götürülən kreditlər daha bir təhlükə də yaradır. Bu təhlükə hazırda dünya bazarında neftin qiymətinin düşməsi ilə bağlıdır. Neftin qiymətinin düşməsi dolların kursunu möhkəmlədir. Nəticədə dollarla alınan kreditin qaytarılması büdcə üçün ciddi yükə çevrilə bilər.
Iqtisadçı Samir Əliyev bildirdi ki, dövlət qurumları üçün alınan borclar dövlət zəmanəti ilə olduğuna görə onların qaytarılmasının ağırlığı dövlətin çiyinlərinə yüklənir. Borcların strukturunun açıqlanmadığını deyən S.Əliyev bildirdi ki, kommunal xidmətlərin dövlətin nəzarətində olması bu sahənin inkişafına da təsir edir: “Düşünürəm ki, dövlət əvvəl-axır bu sahələrin özəlləşdirilməsinə getməlidir. Bu zaman bu sahələrin inkişafı üçün alınan kreditlər dövlətə yüklənmir, özəl şirkətlər özləri vəsait tapır. Eyni zamanda alınan kreditlərin xərclənməsi ilə bağlı ciddi suallar var. Onların nə dərəcədə şəffaf xərcləndiyi sual altındadır. Çünki ictimaiyyət bu barədə məlumat əldə etmir. Ümumiyyətlə, bu kreditlərin alınmasına nə dərəcədə ehtiyac var. Bu tipli məsələlər hələ də müzakirə mövzusudur”.
S.Əliyev bildirdi ki, kreditin qaytarılması da ciddi məqamlardan biridir. Manatın dəyərsizləşməsinin kreditin qaytarılmasını çətinləşdiirdiyini deyən S.Əliyev bildirdi ki, kreditin ayrıldığı şirkətlər, SOCAR istisna olmaqla, daxili gəlir hesabına fəliyyət göstərir. Manatın devalvasiyaya uğraması isə kreditin qaytarılması imkanını məhdudlaşdırır: “Azərişıq” və “Azərsu” və sair təşkilatların gəliri mantladır. Neftin qiyməti isə dünya bazarında azalmaqda davam edir. Qiymətin əvvəlki səviyyə qalxması nə bu il, nə də gələn il gözlənilmir. Ona görə bu sahədə səmərəli yanaşma tətbiq olunmalıdır".
Xəyal