Yaxud odda yanmayanın suda batmaqlığı
Azərbaycanda iqtisadi tənəzzül, manatın devalvasiyası, neftin ucuzlaşması hər kəsi bir cür qayğılandırır. Kasıb elə kasıb idi, indi dilənçi səviyyəsinə düşür. Ölkənin sərvətini, büdcəsini talayanların da qayğısı artıb. Bu, kasıblaşmaq dərdi deyil, bu, qara günlər üçün əvvəlkindən də artıq pul mənimsəməyə, rüşvət almağa, korrupsiyaya daha çox meyllənmə prosesinin amansız forma almasıdır. Bəs pllar kimin əlindən keçir? Əlbəttə, oliqarxların, nazirlərin, yüksək çinli məmurların. Ona görə məmur sırasında birinci olmaq uğrunda dövlətin bütün strukturlarında savaş barədə məlumatlar tez-tez eşidilir, redaksiyaya göndərilir.
Ölkə büdcəsindən daha çox maliyyə vəsaiti ayrılan təşkilatların ilk beşliyində yer alan “Azərsu” ASC-də birinci olmaq uğrunda savaşın pik həddinə çatması barədə məlumatlar da elə bu ilk beşlikdədi, yəni özlərinin dili ilə desək, “su boğaza çıxıb”. Məntiqlə su boğaza çıxanda kimisə ayaq altına almaq qaçılmaz olur. Bu istiqamətdə aparılan mübarizədə tərəflər heç kəsdən çəkinmir. Səhmdar cəmiyyətin prezidenti Qorxmaz Hüseynovdan isə heç qorxmurlar. Səbəb tərəflərin “stavka” etdiklərinin çox yuxarıda olmasıdır. Birinci olmaq uğrunda mübarizənin önündə gələn “Birləşmiş Su-Kanal idarəsi”nin rəhbəri Etibar Məmmədovun stavkasının daha ağırçəkili olması başqa iddiaçıları üstələyir. E.Məmmədovun hakim ailənin üzvləri ilə sıcaq münasibətləri, ölkənin üçüncü şəxsi sayılan Oqtay Əsədovla neçə illərə bağlanan yaxınlığı onun şanslarının başqa “iddiaçılardan” üstün olmasını göstərir. Məlumatda o da deyilir ki, bəlkə də Qorxmaz Hüseynov işdən çıxarılması faktı ilə barışası olsa, yerinə bu gün çox mehriban münasibətdə olduğu Etibar Məmmədovun təyin edilməsinə razılıq verərdi. Ancaq bu “mehribançılığın” elə ilk düşmənləri Qorxmaz Hüseynovun səhmdar cəmiyyətdə maxinasiyaların başında duran qardaşları və qaynıdır ki, açıq şəkildə sədrə təzyiq edirlər.
Ölkədə vergilər naziri Fazil Məmmədovun söz sahibi olması kadr yerləşdirməsi ictimaiyyətə çoxdan bəllidir, ancaq iqtisadi tənəzzül başlayandan vergi orqanlarına verilən hüdudsuz səlahiyyət və bu səlahiyyətin də lap yuxarıdan verildiyi ilk olaraq oliqarxların özünə yaxşı məlumdur. Bu məqamı “Azərsu”nun Layihə Institutunun direktoru Yaşar Kəlbiyev dəyərləndirməyi bacarıb. Vergilər naziriylə Kəlbiyevin yaxın münasibətləri olması “Azərsu”nun yuxarı eşelonuna məlumdu və söz gəzir ki, Avropa Oyunları bitən kimi Fazil Məmmədov Yaşar müəllimi su işində birinci – söz sahibi edəcək.
Ancaq problemlər bununla bitmir; deyilənə görə, parlament seçkisindən sonra bir neçə nazir vəzifəsini itirəcək. Qorxmaz Hüseynovun da yenidən SOCAR-a qayıdacağı barədə xəbərlər dolaşır. Hakimiyyətdə yaxşı dayaqları olan, son zamnlar səhmdar cəmiyyətdə nüfuz qazanan sədr müavini Teyyub Cabbarovun da rəhbərlik iddiası Q.Hüseynovu narahat edən məqamlardandı.
Çevrə qapanmaqdadır, SOCAR-da “odda yanmayan” “Azərsu” sədrinin “suda batması” gümanı böyükdür. Su boğaza çıxanda sədrin kimi ayaq altına almasısa növbəti oliqarx savaşını qaçılmaz edir.
S.Novruz