Nemət Əliyev: «Nəticə ürəkaçan deyil»
Azərbaycanda fəaliyyət göstərən banklar devalvasiyadan sonra 2015-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlamaqdan utanırlar.
“Marca” xəbər verir ki,ÿbirinci rübün başa çatdığı 31 mart tarixindən keçməsinə baxmayaraq, hələ də 45 bankdan 30-u rüblük maliyyə nəticələrini açıqlamayıb.
Qeyd edək ki, maliyyə nəticələrini saytlarına yerləşdirən bankların çoxu birinci rüb üzrə zərər açıqlayıb.
Zərəri bəyan etməyi “özünə sığışdırmayan” banklar vaxtı uzatmaqda davam edir.
Azərbaycan Mərkəzi Bankı da yanvar-mart ayları üzrə statistik məlumatları hələ açıqlamayıb. Fevral ayı üzrə bir çox məlumatları açıqlayan Mərkəzi Bank, “Bank fəaliyyətinin maliyyə nəticələri” adlı statistik göstərəciləri yeniləməyib. Bu göstərici, mənfəət və zərərlə işləyən bankların sayını, əldə etdikləri mənfəəti və etdikləri zərəri göstərir.
Banklar bildirirlər ki, maliyyə nəticələrinin açıqlanması onların müştərilərində, xüsusilə əmanətçilərdə inamsızlıq yarada bilər.
Qeyd edək ki, rüblük maliyyə nəticələrini açıqlamaqdan çəkinməyən banklar, şəffaflığa, maliyyə hesabatlarının beynəlxalq standartlarına böyük önəm verən, müştərilərinə, investorlara və səhmdarlarına daha çoxÿhörmət edən banklardır.
Səbəbləri izah edən iqtisadçı-ekspert Nemət Əliyev hesab edir ki, bankların üç ay müddətində maliyyə-təsərrüfat fəaliyyətiylə bağlı müsbət nəticələrinin olmaması öz sözünü deyir. Ekspert Mərkəzi Bankın bir sıra hallarda bank göstəriciləri açıqlaması prosesini ləngitdiyini söyləyir:
“2014-cü ilə aid olan tədiyə balansının üstündən üç ay keçməsinə baxmayaraq hələ də açıqlanmır. Tədiyə balansının illik balansı yaxınlarda açıqlansa da, ölkənin tədiyə balansına aid göstəricilər keçən ilin 9 ayını, yəni üç rübü əhatə edirdi. Halbuki, devalvasiya həyata keçirilib, çox ciddi sosial-iqtisadi proseslər gedib. Hər kəs ölkənin maliyyə ödəmə qabiliyyətinin nə dərəcədə olduğunu öyrənmək istəyir. Həmin məqamda belə məlumatları daha tez açıqlamaq əvəzinə, Mərkəzi Bank göstəricilərin açıqlanma müddətini uzadır. Yanvar, bir sıra hallarda da fevral ayının göstəriciləri verilir. Göstəricilərin açıqlanması barədə müddətlər xeyli dərəcədə ötürülüb. Mərkəzi Bank digər banklara örnək qoyub. Kommersiya bankları həmin nümunəni götürüb və nəticələr də ürəkaçan deyil. Bankların maliyyə nəticələrinin istər əmanətçilərə, istərsə də kredit götürənlərə təsir edəcəyini nəzərə alaraq göstəricilərin açıqlanmasında xeyli dərəcədə fasilə veriblər”.
Nigar