Ənnağı Hacıbəyli
Aprelin 22-də Azərbaycan “ədalət” mühakiməsinin tarixinin daha bir qara səhifəsi yazıldı. Hakimlərin adları önəmli deyil. Işə kim baxsaydı, qərarın mahiyyəti dəyişməyəcəkdi. Hətta vəkillər də tez-tez soruşurdular ki, işə hansı hakim baxır. Gerçək təəccüblə cavab verirdim. Deyəsən, gerçəkliyi necə sürətlə qəbul ediriksə, onu anlamaq hissimiz bir o qədər yavaş-yavaş öləziyir.
Məhkəmə proseslərinin birində hakim özünü Intiqam müəllimə oxşatmaq istədi: “Mən də Sizin kimi hüquqşünasam, təxminən eyni yaşdayıq, hər ikimiz ”stroybatda" qulluq eləmişik…" Cəmil müəllimin replikası ürəyimizdən xəbər verdi: “Sən elə indi də ”stroybatda" qulluq eləyirsən". Hökmün son abzası bu diaqnozun dəqiqliyini sonradan bir daha sübut elədi – hakimlər Intiqam müəllimi Dağlıq Qarabağ probleminin həllinə cəhd göstərməməkdə suçlayanda bir daha anladım ki, siyasi sifarişin icrası “artırılmış sosialist öhdəliyi”nin yerinə yetirilməsi kimi anlaşılıb.
Intiqam müəllimin vəkillərindən biri Qədim Roma hüququndan çox “primitiv” bir misal çəkdi: “Sübutları saymırlar, sübutları çəkirlər”. Tərəzisinə hər gün icra hakimiyyətinin qol vurduğu, hər gün zorlanmağa adət etmiş Femida xanımın çəkdiyi sübut sizə nə verəcəkdi?! Bir də ki, saymağa vərdiş eləmiş adamlardan halal çəki gözləmək sadəlövhlük deyilmi? Hətta halallığın da haramdan yoğrulduğu bir cəmiyyətdə halal çəki görmüsünüzmü?ÿ
Niyə məhz Intiqam Əliyev?
Suala dolğun cavab vermək asan deyil. Onun yeganə dolğun və mübahisəsiz cavabı bu insanın fəaliyyətidi. Əqidəli, məqsədyönlü, kompromissiz, insan haqlarına, qanuna bəzən hətta fanatik inama söykənən fəaliyyəti. O, hüquq fədaisidi – kimsəni özünə ağa saymayan bu insan hüququn, haqqın qulu olmağı üzü üçün şərəf işi bilir. O, haqqın, ədalətin təntənəsi üçün həyatını belə əsirgəməyən idealist hüquqçudu. Beləsinə “Intiqam müəllim niyə pulların xərclənməsinə nəzarət etməyib”, “o hara baxırdı” və s. kimi absurd-utilitar suallar verilməsinə ancaq obıvatel, qibtəçi, ən yaxşı halda sadəlövh təfəkkürün doğurduğu suallar kimi baxmaq olar. Insana bəzən hətta ifrat dərəcəyə çatan hörmət və inamı prinsiplərinə çevirmiş bir adama irad tutmaq istəyirsinizsə, bu səviyyədə baxışa söz yoxdu. Amma bir az dərinə gedə bilsəniz, anlamaq o qədər də çətin deyil.
Niyə məhz Intiqam Əliyev?
Bunu anlamaq üçün onun təkcə son sözünü oxumaq yetərlidi. Bu suala ondan dəqiq və ətraflı cavab verə bilmirəm. Azərbaycan elə ölkədi ki, hər adamın adı prezidentin, onun hər şeyə qadir administratorunun məruzəsinə düşmür. Demokratiyanı, azadlığı, insan haqlarını hakimiyyət üçün təhlükə sayanlar bu təhlükənin hardan gəldiyini yaxşı duyurlar. Üstəlik, yuxarıların sözünün müzakirəsiz hökm kimi qəbul edildiyi ölkədə məhkəmələr o hökmün cızığından kənara ancaq xəlvəti ayaq qoya bilərlər – müstəqil olduqlarını nümayiş elətdirmək üçün onlara belə yüksək status verilib.
Məhkəmə prosesində ittiham tərəfinin (müstəntiq, prokuror və hakimlər) və müdafiə tərəfinin baxışlarında qəribə bir “həmrəylik” var idi. Ittiham tərəfi Intiqam müəllimin cəmiyyət üçün nə qədər təhlükəli olduğunu və onun təcrid edilib islah edilməsinin zəruriliyini əsaslandırmağa çalışırdı. Müdafiə tərəfi isə onun günahsız olduğunu, böyük işlər gördüyünü, dünyada tanınmış böyük hüquqçu və vətəndaş olduğunu əsaslandırırdı. Həbsin və hökmün sifarişçiləri hər iki mövqedən eyni nəticəni çıxarırdılar – deməli, düzgün qərar vermişik: Moskvanı tutmaqla vətəndaş cəmiyyətinin ürəyinə zərbə vuran psevdonapoleonlar həbslər və total vergi yoxlamaları ilə müstəqil qeyri-hökumət təşkilatlarının fəaliyyətini iflic hala sala bildilər.ÿ
Qəribədi, qeydiyyata alınmamış qrant müqavilələrindən əldə edilmiş məbləği ölkənin bir məhkəməsi “qanunsuz sahibkarlıq” kimi cinayət əməli sayır, başqa məhkəməsi isə onu qanuni sahibkarlıq fəaliyyətindən əldə edilmiş mənfəət kimi vergiyə cəlb edir. Fərqli siyasi sifarişləri başa düşürəm, ədalət mühakiməsinin bu dərəcədə alçaldılmasını anlamağa isə fantaziyam çatmır. Qrant müqaviləsinin qeydiyyat orqanının qanunsuz fəaliyyəti nəticəsində qeydə alınmaması müqavilənin və orada şərtləşdirilmiş fəaliyyətin mahiyyətini dəyişə bilərmi? Yəni bu dərəcədə anlaqsız adamları hakim təyin ediblər?
Niyə məhz Intiqam Əliyev?
Çünki o bizim hamımızdan bir addım öndədi. O, birləşdirici, qurucu-yaradıcı gücdür. Ictimaiyyət nümayəndələrinin məhkəmə zalına sığmayan kəsimi də onun gücünün nümayişi idi. Hakimiyyətin əl-qolunu bağladığı, müdafiə imkanlarını öz ölçüsüz resursları ilə tükətdiyi, təkləyib sındırmağa çalışdığı bir insanın gücünün nümayişi. Bu insanlar pulla, inzibati resurslarla salonlara doldurulan içi nifrətlə dolu məcburi-könüllülər deyildi. Onlar məhkəmə zallarından ömürlük həbsə göndərilmiş haqqın, ədalətin və Intiqam müəllimin işığına gəlmişdilər. Hamının içində də işıqlı arzular nifrəti üstələyirdi.
Çoxları sul verirdi: Intiqam müəllim xaricdən niyə qayıtdı. Bu sualın səmimiyyətinə, Intiqam müəllimi qorumaq istəyindən qaynaqlandığına heç bir şübhəm yoxdu. Amma heç bir halda bu sual ağlımdan keçməyib. Görünür, mən Intiqam müəllimi daha yaxşı tanıyıram. O qayıtmasaydı, onu qınamazdım. Amma o, Intiqam olmazdı. O isə Intiqam olmaya bilməzdi. Onun dəyəri, mahiyyəti, “ictimai təhlükəliliyi” də məhz bundadı. Onu məhz buna görə cəmiyyətdən “təcrid”, azadlıqdan “məhrum” ediblər. Bu sözləri ona görə dırnaqda yazıram ki, cəmiyyətin sonsuz sevgisini qazanmış adamları cəmiyyətdən təcrid etmək eşqinə düşmək axmaqlıqdı, cılız, qısır qisasçılıqdı. Daxilən azad adamı azadlıqdan məhrum etmək mümkün deyil. Yalnız içində kölə bəsləyən, daxilən sınıq və cılız adamlar düşünə bilər ki, mən içində azad olan adamı azadlıqdan məhrum etmişəm.
Bu absurdlarla dolu hökm oxunandan sonra məhkəmə zalında olan bəzi qadınlar ağlayırdı. Hətta bəzi kişilər də himə bənd idi. Elə mən özüm də. Qorxdum ki, Nərminlə Nəcminin gözlərinə baxanda özümü saxlaya bilmərəm. Ona görə də məhkəmədən mümkün qədər tez uzaqlaşmaq istədim.ÿ
Sovetlər dönəmində qəzetdə bir yazı oxumuşdum: “Kişilər də ağlayar…” Bir idmançımızı Moskvada güləş yarışında hakimlər zorla, allahsızcasına erməniyə uduzdurmuşdular və əlləri aşağıda tutulmuş güləşçimiz elə oradaca ağlamışdı. 30 il qabaq olmuş bu hadisəni ona görə unuda bilmirəm ki, müstəqil Azərbaycanın məhkəmə salonlarında hər gün kişiləri də ağladan qərarlara qulaq asıram.ÿ
Intiqam müəllim bu rəzalətin düşmənidi. Iki yüz yol Avropa Məhkəməsinə də buna görə üz tutub – ağladılan kişilərin halal haqqını özünə qaytarsın. Mayası haramdan yoğrulmuş hakimiyyətlər isə belə düşmənçiliyə dözmürlər. Düşmən haqlı olsa belə. Düşmən mərd düşmən olsa belə.ÿ
Intiqam müəllim məhkəmədəki hələlik son sözündə xeyirin qələbə çalacağına şübhə etmədiyini əminliklə dedi. O da, biz də qəti əminik ki, haqq-ədalət gec-tez yerini tutacaq.
Türklər demiş, ədalətin ayağı topaldır, ancaq gedəcəyi yerə mütləq varar…