Azərbaycanda yeni yaranan şirkətlər sonradan niyə ləğv edilir?
Hafiz Babalı: «Bu şirkətlərin yaradılmasında məqsəd büdcə vəsaitlərinin mənimsənilməsidir»
Bu ilin I yarısında Azərbaycanda 1714 hüquqi şəxs yaradılıb və dövlət, bələdiyyə və özəl kommersiya şəxslərin sayı 1 aprel üçün 96,4 minə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 3 ayda 24 dövlət, 32 bələdiyyə müəssisəsi yaradılıb, 43 dövlət müəssisəsi ləğv edilib. Bu il xarici kapitalın iştirakı ilə 147 şirkət təsis edilib.
Vergilər Nazirliyinin kommersiya hüquqi şəxslər barədə məlumatlarının analizi göstərir ki, yeni şirkətlərin 70%-ni şübhəli əməliyyatlarda iştirak edən bir qrup şəxs yaradır, sonradan ləğv edir. Bu ilin I yarısında 130 subyekt, o sıradan 87 özəl müəssisə kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılıb. Onların 17-nin kapitalında əcnəbilər iştirak edib.ÿ
Xatırladaq ki, Vergilər Nazirliyinin mətbu orqanı “Vergilər” qəzetinin fevral və mart buraxılışlarında yüzlərlə şirkətin ləğvi haqda elan dərc edilmişdi. Bundan başqa, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Departamenti bir neçə nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin 2011-2013-cü illərdə 1 milyon 702 min 467 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına dair məlumat yaymışdı.ÿHəmin məlumatda Ilkin Abbasovun qısa müddətdə 106 şirkət təsis etdiyi bildirilirdi. Nazirliyin cinayətin izinə necə düşdüyü açıqlanmırdı. Amma deyilirdi ki, cinayətkar dəstənin üzvlərinə qarşı ümumi məbləği 6.6 milyon manat olan mülki iddia ittiham aktı ilə təsdiqlənməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib. Nazirliyin məlumatında müqavilə öhdəliklərinin yerinə yetirilib-yetirilməməsi barədə bir kəlmə də deyilmir.
Onun da altını cızmaq lazımdır ki, bu şirkətlər bir qayda olaraq regionlarda, kiçik kəndlərdə yaradılır. Hansısa bir şəxs hüquqi ünvanları müxtəlif olan yüzlərlə şirkətə direktor təyin olunur. Hüquqi şəxslərin dövlət reyestrinin təqdim etdiyi kasad məlumatların təhlili göstərir ki, bu ünvanlar bir-biri ilə hörümçək toru kimi bağlıdır. Bir ünvanda ayrı-ayrı şəxslərin direktoru olduqları müxtəlif şirkətlər qeydə alınır. Həmin şirkətlər bağlandıqdan sonra bu ünvanlar daha neçə-neçə şirkətlər üçün qeydiyyat yeri olur.
Ləğv edilməsi haqda qərar verilən 200 şirkətə adı Sumqayıt şəhər Polis Idarəsi tərəfindən kriminal işlərdə hallandırılan 30 yaşlı Ağarəhim Məmmədov rəhbərlik edib. 2013-cü ilin avqustun 30-dan 2014-cü ilin aprelin 12-dək təsisçisi bizə məlum olmayan şəxs və ya şəxslərin yaratdığı bu şirkətlərin bir çoxu, güman ki, tender və kotirovka sorğularında 3 iddiaçıdan ibarət süni yetərsay yaradılması üçün marionet rolunda çıxış ediblər.ÿ
Ləğv edilən şirkətlər arasında Əlirza Kərimovun təsisçisi olduğu kommersiya qurumları da var. Bu şəxsin kimliyi barədə dəqiq məlumat yoxdur. Əvəzində onu bilirik ki, vaxtilə “Caspian Fish Co-Azərbaican” MMC-yə rəhbərlik edən, indi isə Salyan rayonunun icra başçısı olan Tahir Kərimovun qardaşıdır. Onun sahibi olduğu 74 şirkət 2010-2013-cü illərdə nə az, nə çox – 563 dövlət satınalma prosedurundan qalib çıxıb. Həmin satınalmalar üzrə müqavilələrin toplam məbləği təxminən 9 milyon manat edir.
Şirkətlərlə bağlı bütün bu məlumatlar, onların yeni şirkət olmalarına baxmayaraq tenderlərdə asanlıqla qalib gəlməsi bəzi suallar yaratmamış deyil. Elə ekspertlər də düşünür ki, bu şirkətlərin yaranma məqsədi yalnız tenderlərdə iştirak etmək yolu ilə dövlət vəsaitini mənimsəməkdir".
Iqtisadçı ekspert Hafiz Babalı bildirdi ki, şübhəli şirkətlərin faizi aylar üzrə dəyişir. Hazırkı qanunvericiliyin asanlıqla şirkəti qeydiyyatdan keçirməyə imkan verdiyini deyən H.Babalı vurğuladı ki, elektron qaydada şirkətlərin qeydiyyatdan keçirilməsi bu addımı hətta regionda ola-ola da atmağa imkan verir: “Əslində bu cür halların qarşısını almaq mümkündür. Bir müddət əvvəl Vergilər Nazirliyi bir şəxsin bir neçə müəssisədə rəhbər postda olmasını məhdudlaşdıran qadağa tətbiq etmişdi. Amma sonrakı mərhələdə bu, müəyyən dərəcədə tormozlayıcı faktora çevrildi. Çünki bəzi holdinqlərin törəmə şirkətlərinə bir qayda olaraq eyni şəxslər rəhbərlik edirdi. Məsələn, ”Gilan Holdinq"də Cəmil Muradov bir sıra törəmə şirkətlərin direktorudur. Ona görə bir müddət sonra Vergilər Nazirliyi bu qadağanı götürdü. Nəticədə belə bir eybəcər vəziyyət yarandı. Şəxsiyyəti məlum olmayan şəxs ölkənin müxtəlif yerlərində bir neçə şirkət yaratmağa başladı. Amma adına 200 şirkət açılan 30 yaşlı Ağarəhim Məmmədovun timsalında biz gördük ki, bu şəxslər simvolik xarakter daşıyır. Onların adlarından sadəcə olaraq istifadə olunur. Hansısa münasibətlər nəticəsində etibarnamə alınır. Həmin şəxslər sənədlərə imza etmək səlahiyyətini də güman ki, başqa şəxslərə verirlər".
Ekspertin fikrincə, artıq bu halların qarşısını almağın zamanı yetişib. Çünki təcrübə göstərir ki, satınalmalarda iştirak edən bu tip şirkətlər çox şübhəli əməliyyatlar aparırlar. “Güman ki, bu şirkətləri idarə edən başqa şirkətlər bu satınalmalarda iştirak edirlər. Bu şirkətlər bir-birinə yad olan, bir-birindən fərqli əməliyyatları həyata keçirirlər. Halbuki bu əməliyyatların həyata keçirilməsi üçün bu şirkətlərin nə potensialı, nə də kadrları var. Bütün bu məqamlar mətbuatda da yer alır. Amma təəssüf ki, bütün bunlar hüquq mühafizə orqanlarının diqqətini çəkmir. Şirkət bu gün yaranır, bir aydan sonra tenderə girir və bir ildən sonra bağlanır. Amma biz tanınmış şirkətləri bu tenderlərdə görmürük. Bu şirkətlərin yaradılmasında məqsəd büdcə vəsaitlərinin mənimsənilməsidir”, deyə H.Babalı vurğuladı.
Xəyal