Xəyallarımızda olan, arzuladığımız Avropa yaşam tərzinə necə yiyələnməliyik? AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bu haqda yazıb. Onun "facebook" səhifəsindən paylaşdığı yazını təqdim edirik:
"Bu gün bizlərin həsrətlə baxdığı, yaşamaq istədiyimiz Avropa əvvəldən belə olmayıb. Avropa xalqları bu yüksək həyat şərtlərini, demokratik cəmiyyəti mübarizə apararaq əldə ediblər. Biz də ölkəmizdə ədalətli cəmiyyətin, rifahın olmasını istəyiriksə bunun yolu mübarizədən, meydanlardan, yazmaqdan, inandırmaqdan və təşkilatlanmaqdan keçir. Başqa alternativ yoxdur.
Ancaq biz bunu bacarırıqmı?
"Bir atımlıq barıt" ifadəsi bizə daha çox yaraşır. Bir-iki mitinq etdikdən sonra "nə xeyri var" deyib, sanki çıxış yolunun başqa bir şey olmasını bilirmiş kimi, "ağıllı- ağıllı" danışıb, mitinqlərin nəticə verməyəcəyini sübut etməklə məşğul oluruq.
Yanlışdır. Özü də çox yanlış, tənbəlliyi, təslimiyyətçiliyi, pərdələmək üçün uydurma və əsası olmayan bir yanaşmadır.
Niyə?
1) Ona görə ki, avtoritar rejimləri islahata məcbur etmək, bu olmadıqda dəyişdirmək üçün siyasi tarixdə alternativi olan başqa təsir mexanizmi, mübarizə forması, başqa bir metodun nümunəsi yoxdur. Kütləvi təzyiq, xalqın etiraz üsulu quldarlıqdan tutmuş, kapitalizmə qədər bütün formasiyalarda keçərli hesab olunan bir metod kimi siyasi tarixdə öz təsdiqini tapıb.
2) Bizim mitinqlərimizin nəticəsinin olmaması iki səbəblə bağlıdır : Mitinqləri ardıcıl, uzun müddətli proses kimi aparmağa gücümüz, səbrimiz çatmır və mitinqlərin kütləviliyi yetərli səviyyədə olmur. Mübahisə etmək istəyənlərə belə bir nümunə təklif edirəm: 70-80 min insan mitinqlərə çıxsa və bunu hər həfətə, sonra isə gündəlik davam edən bir prosesə çevirsək bu siyasi böhrana, hakimiyyətin geri çəkilməsinə səbəb olar, ya yox? Bəhanə axtaran pessimistlər bu halda yox deyə bilər, ancaq Ukrayna nümunəsində də gördünüz ki, bu halda rejim geri çəkilməyəndə izdihamın təzyiqi siyasi böhranı dərinləşdirib hakimiyyət dəyişikliyinə səbəb olur. Əlbəttə, mübarizə varsa, onun qurbanlarının da olması labüddür. Bundan qaçmaq, bu günü və gələcəyi bütüövlükdə qurban vermək deməkdir.
Etiraf etmək lazımdır ki, biz bu gün xalq olaraq kütləvi və ardıcıl mübarizə tələblərini yerinə yetirə bilmirik. Nə zaman meydana 70-80 min insan çıxdı, bu bir neçə dəfə təkrarlandı və nəticəsi olmadı?. Olamyıb belə bir şey. Demək, məsələ heç də mitinqlərin forma kimi səmərəsiz olmasında deyil, bizim bu formadan lazımı səviyyədə istifadə edə bilməməyimizdədir.
3) Son mitinqlərin əsas tələbi bahalaşmaya etiraz idi. Ölkədə qiymət artımından, manatın dəyərinin düşməsindən narazı olanların sayı milyonlarladır.Təkcə "Azadlıq" qəzetində mitinqlə bağlı məlumatı 130 min nəfər oxumuşdu. Demək problem maraq və məlumatsızlıqda da deyil. Heç qorxuda da deyil. Mitinqlər razılaşdırılmış qaydada keçrilir və kimsə buna görə döyülüb həbsə atılmır. Bəs səbəb nədir. Səbəb siyasi şüur və mədəniyyətin aşağı, təəbə şüuru səviyyəsinə uyğun olmasındadır. Bu siyasi şüur və mədəniyyət məsələsi özü ayrıca bir politoloji problemdir və onun burada geniş izahatı mövzumuz deyil.Yenə bəhanə gətrilə bilər ki, insanlar filan siyasi liderə, nə bilim müxalifətə inanmır. Özümüzü aldatmayaq, bu da bir bəhanədir, cəfəng söhbətdir. Cəmil Həsənli prezident seçkilərində bu xalq üçün həyatını da risqə qoyaraq nə mümkün idisə etdi, ona inanmamaq üçün nə deylirsə bu artıq bəhanədən başqa bir şey deyil. O, bütün demokratik qüvvələrin vahid namizədi idi və heç bir siyasi mənsubiyyəti olmayan tanınmış bir ziyalı kimi heç bir partiya maraqlarını da təmsil etmirdi. İnanmaq üçün Koperfild olub "sehr" göstərəsi deyildi ki.
Vaxtı ilə münafiqlər də bəhanə gətirərək Həzrəti Məhəmməd peyğəmbərə inanmaq üçün ondan möcüzə göstərməsini istəyirdilər.
Müxalifətə inamla bağlı bir təəsüratımı sizə danışım. Ukrayna hadisələri başlayanda mən Kiyevdə idim. Meydana çıxan insanlarla söhbətlərim oldu, xeyli bitərəf Ukraynalı deyirdi ki, biz müxalifətə, hər hansı liderə görə meydana çıxmamışıq, bu hakimiyyətdən narazı olduğumuza görə, Avropaya inteqrasiya olunmağın bizə xeyir gətirəcəyinə görə buradayıq. Ona görə də müxalifətin qoyduğu bu tələbi müdafiə edirik. Bu da nümunə, demək meydana çıxmaq üçün heç də hər hansı liderə, müxalifətə inanmaq əsas şərt deyil. Yetər ki, zülmə boyun əyməyəsən".