elnurastanbeyli@gmail.com
Öncə xəbəri oxuyaq: “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik Institutunun monitorinq şöbəsinin əməkdaşları tərəfindən ”Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na əsasən bu ilin yanvar-aprel aylarında televiziyaların dilinin monitorinqi aparılıb. Altı televiziya kanalını əhatə edən monitorinqdə xəbər və xəbərdən törəmə proqramlarının dili araşdırılıb, bu proqramların dilinin normaya uyğunluğu nəzərdən keçirilib".
“Xəbər proqramlarının dili”. Nə qədər gülməli, eyni zamanda ağlamalı səslənir, deyilmi? Ölkədə xəbər proqramlarının özü yoxdur, amma onların dilinin normaya uyğunluğunu araşdırırlar. Heç biri azad olmayan, hamısı eyni əldən idarə edilən, eyni direktivlərlə idarə olunan rejim telekanallarının Yalanı, yaltaqlığı zorla evlərimizə, beyinlərimizə soxmağa çalışdığı “Səda”lar, “Carçı”lar, “Xəzər-Xəbər”lər, “Xəbərçi”lər nə vaxtdan xəbər proqramı olub? Mirşahin, Ibrahim Məmmədli, ya da qeyriləri xəbərçiliklə məşğuldurlarsa, onda mən də kosmonvatam.
Dediyim odur ki, monitorinq aparıblar, lap yaxşı. Amma bu monitorinqin adını düz qoyun. “Xəbər proqramlarınının dili” yox, yalanın dili. Həqiqətsizliyin dili. Iftiranın dili.
Bir də görürsən, kimsə çıxıb KIV-də sözlərin düzgün yazılmamasından şikayətlənir. Yenə də komikdir. KIV-in öncəliyi düz yazmaqdır. KIV ölkədə olub-bitənlərlə bağlı yalan yazdıqdan sonra sözləri istədiyi qədər düz yazsın, mənası nədir?
Guya ana dilimizi qoruyurlar, onun təəssübünü çəkirlər. Bu gün mətbuatdan çox dilə həssas yanaşan yoxdur. Saytlar, qəzetlər Elmar Məmmədyarovun, Artur Rəsizadənin, Cahangir Əsgərovun açıqlamalarını danışdıqları kimi dərc etmirlərsə, buna görə ona təşəkkür etmək lazımdır. KIV “dərhal”ı “dərxal”, “həbs”i “xəbs” kimi yazmırsa, buna görə ona minnətdar olmaq, ana dili normalarının harada pozulduğunu başqa yerlərdə axtarmaq lazımdır.
Mən hələ bu dilin gerçək adının olmamasından danışmıram. “Azərbaycan dili” – bu adın dilimizə niyə, hansı kirli məqsədlərlə, hansı qaranlıq niyyətlərlə sırındığını ağlı başında olan hər kəs bilir, başa düşür. Öncə bundan danışmaq lazımdır. Bu dilin gerçək adını özünə qaytarmaq lazımdır.
Qayıdaq “xəbər proqramlarının dili” məsələsinə. Bəli, çox gülməlidir. Rejim telekanalları yalan üyütməklə məşğuldurlar. Onların adı “xəbər proqramları” olan verilişlərində Azərbaycanın bugünkü mənzərəsi tamamilə təhrif edilir. Bu qədər dərdin, ağrının, problemin içində ölkə güllük-gülüstanlıq kimi təqdim olunur. Özünə hörmət edən adamın nə onlara xəbər proqramı deməsi, nə də oturub baxması mümkün deyil. Adını xəbər proqramı qoyan bu verilişlərə yalan və yaltaqlıq dili hakimdir.
Əsas dərd budur, azar budur. Bundan danışmaq lazımdır. Yoxsa hansısa “xəbər proqramında” filan qədər leksik-üslubi, nə bilim, filan qədər fonetik, qrammatik, filan qədər də morfoloji, sintaktik norma pozuntusu aşkarlanıb, dünəndən aşkarlansın!
Kaş o “xəbər proqramlarında” xəbərlə mübtədanın yeri səhv düşəydi, amma bircə dəfə də həqiqəti eşitmək mümkün olaydı, bircə dəfə də doğru xəbər görmək mümkün olaydı. Kaş ekran-efirdə hansısa söz düz səsləndirilməyəydi, amma bircə dəfə də düz söz deyiləydi, bircə dəfə də bu ölkənin hansı dərin bataqlığa, hansı qatı qaranlığa sürükləndiyi, hansı uçurumun bir addımlığına gətirildiyi göstəriləydi.
Bir ölkənin ki, insanları ana dilində sərbəstcə danışa, özgürcə yaza bilməyəcəklər, bir ölkədə ki, doğrunu söyləyən dili dibindən qoparırlar, o ölkədə ana dilini kimin üçün, nə üçün qoruyursunuz, soruşmağa ayıb olmasın?! Bir ölkənin ki, ana dilində “azadlıq” deməyin cəzası həbsdir, “ədalət” deməyin bədəli basqıdır, məhrumiyyətdir, o dildə hansısa sözü səhv, yaxud düzgün yazmağın nə qədər anlamı, mənası qalır ki?!