Bu «siyasət» nəticəsində Azərbaycanın ən böyük ticarət tərəfdaşı da işğalçı rejimlə əməkdaşlıq edir
Xəbər verildiyi kimi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Iran Islam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə görüşüb. Görüşdə Şahin Mustafayevin toxunduğu məsələlərdən biri də bir sıra Iran şirkətlərinin işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərməsi olub. Nazir bildirib ki, Iran hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlər görülməlidir.
Bundan bir neçə gün əvvəl isə Şahin Mustfayev eyni məzmunlu söhbəti Bakıda səfərdə olan Italiyanın iqtisadi inkişaf naziri Federika Quidi ilə edib.
Bu iki fakt əslində Azərbaycanın xarici siyasətinin ifşasıdır. Hakimiyyət rəsmilər vaxtaşırı çıxışlarında uğurlu xarici siyasətdən danışırlar. Lakin indi bəlli olur ki, ən yaxın qonşusu olan Iranın şirkətləri işğal olunmuş ərazilərdə fəaliyyət göstərir. Italiyaya gəlincə, bu ölkə Azərbaycanın xarici ticarətdə ən böyük tərəfdaşıdır. Azərbaycan neftinin əhəmiyyətli hissəsini məhz Italiyaya satır. Lakin indi aydın olur ki, Italiya şirkəti də işğalçı rejimlə əməkdaşlıq edir. Bəs harda qaldı uğurlu xarici siyasət? Hətta ən böyük ticarət tərəfdaşın bu addımı atırsa, deməli, xarici siyasətdən ümumiyyətlə söhbət gedə bilməz.