Şirkət oliqarx holdinqləri necə “Socar Polymer” layihəsinə cəlb etdi?
Hafiz Babalı: «Burada əsas problemli məqam SOCAR-ın bu şirkətləri hansı prosedur qaydası ilə seçdiyidir»
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Maire Tecnimont” şirkəti ilə 350 milyon avroluq müqavilə bağladığı barədə məlumat vermişdik. Bu razılaşma “Socar Polymer” layihəsi çərçivəsində polipropilen istehsalı ilə bağlı əməkdaşlığı (EPC-müqavilə) ehtiva edir.
Müqavilə çərçivəsində texniki xidmətlərin göstərilməsi, material-texniki təchizat, montaj işləri və layihənin istismarına qədər inşaat fəaliyyəti, eləcə də sınaq istismarı nəzərdə tutulur.
“Socar Polymer” layihəsi Sumqayıt kimya sənayesi parkında gerçəkləşdiriləcək. Bu layihənin reallaşdırılması ildə 180 ton polipropilen və 120 ton polietilen istehsal etməyə imkan verəcək. Istehsala 2016-cı ildə başlamaq nəzərdə tutulur. Məhsulların böyük hissəsini Türkiyəyə və Qərbi Avropa ölkələrinə ixrac etmək planlaşdırılır.
“SOCAR-Polymer”in əsas səhmdarı SOCAR-dır.
“Bundan başqa, layihəyə ölkənin 3 əsas holdinqi – ”Paşa Holdinq", “Gilan Holdinq” və “Azərsun Holdinq” də cəlb olunacaq. Layihənin 40% kapitalını bu şirkətlər ödəyəcək.
Iqtisadçı Hafiz Babalı qəzetimizə açıqlamasında bildirdi ki, “SOCAR-Polymer”in əsas təsisçiləri SOCAR daxil 4 şirkətdir. Həmin şirkətlər “Paşa Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq”dir. “SOCAR-Polymer” şirkətinin nizamnamə kapitalının 51 milyon manat olduğunu deyən H.Babalı bildirdi ki, bu layihədə bir sıra maraqlı məqamlar var: “SOCAR-Polymer” 4 təsisçinin iştirakı ilə yaradılıb. SOCAR faktiki olaraq özünə 3 holdinqi şərik seçib. Burada əsas problemli hesab olunan məqam SOCAR-ın bu şirkətləri hansı prosedur qaydası ilə seçdiyi ilə bağlıdır. SOCAR bu şirkətlərə təklif göndərib və həmin şirkətlər layihə barədə məlumat alandan sonra ona qatılıblar. Məntiq bunu deyir ki, bu belə olmalı idi. Amma dövlət tərəfindən yaradılan bu şirkətlərin yaradılma proseduru necə olmalıdır? Ola bilsin ki, SOCAR-ın daxilində bu cür prosedurları yoluna qoya biləcək qanunvericilik aktı var. Çünki SOCAR 100 faiz dövlətə məxsusdur. Bu tip layihələr də dövlətin adından reallaşır. Ona görə bu tip layihələrdə tərəfdaşların seçilməsi müəyyən rəqabət qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Ola bilsin ki, bu şirkətlər deyil, başqa şirkətlər bu layihənin həyata keçməsində daha əlverişli şərtlər təklif edərdilər".
Hikmət