Bu gün Avropa dəyərlərinə ən böyük zərbə elə Qərbdən gəlir…
Avropa Parlamentinin qondarma erməni soyqırımını tanıması onsuz da son illər Azərbaycan xalqının qarşısında etibardan düşən Avropa Birliyi strukturlarının iç üzünü bir daha açdı. Avropa Parlamentinin 1915-ci il olaylarını soyqırım kimi tanıması təkcə bu qurumun peşəkarlığını, ciddiliyini alt-üst etmədi, həm də onun şovinist bir təşkilat olduğunu göstərdi.
Ümumiyyətlə, Avropa Birliyinin “Xristian Klubu” olduğuna, Türk və Islam dünyasına kinli münasibət bəslədiyinə, yüz illər öncə Avropanı fəth edən türklərə qarşı hələ də qisasçılıq hissilə yaşadığına şübhə yeri qalmadı.
Qondarma “erməni soyqırımı” ilə bağlı Avropa Parlamentində qəbul edilən qondarma sənəd başdan-ayağa qərəz və ədavət sərgiləyir. Səkkiz bənddən ibarət həmin sənədin bəzi cümlələrinə diqqət yetirək:
1."Osmanlı Imperiyasında 1,5 milyon günahsız erməni öldürülüb" – görəsən, avropalı deputatlar 1,5 milyon erməninin meyidini nə vaxt, harada, necə sayıb və sənədləşdiriblər?
2."Türkiyə mədəni mirasın qorunmasına yönəlik öhdəliklərinə hörmət etməli, ötən əsrdə məhv edilən mədəni mirasın siyahısını çıxarmalıdır"- biz erməniləri həyasız bilirdik, ancaq avropalı siyasətçilər onlardan da betər imiş… Ermənilər əsrlər boyu Türkün mədəni mirasını məhv edə-edə irəliləyir, ya da oğurlayıb öz adlarına çıxırlar, bunlar isə Türkü borclu sayırlar?! Avropa Parlamenti 100 il öncə yox, yaxın tarixdə Ermənistanın Azərbaycan torpaqlarında məhv etdiyi mədəni mirasla bağlı da “siyahı” tələb edəcəkmi?!
3."Soyqırımların, insanlığa qarşı cinayətlərin vaxtında qarşısının alınması və adekvat cəzanın verilməsi Avropa Birliyinin prioritetlərindən olmalıdır"- sadəlövh insan düşünər ki, Avropa Birliyi nə qədər bəşəri, nə qədər humanist, nə qədər prinsipial imiş… Bəs, 23 il öncə Xocalıda törədilən soyqırımına, insanlığa qarşı cinayətlərə görə ermənilər niyə cəzalandırılmır?!
4."Soyqırımlar üçün Beynəlxalq Anma Günü olmalıdır"- yenə də xristian təəssübkeşliyi?!ÿBu təəssübkeşliyi biz Parisdə “Şarli Hebdo” olaylarında da gördük. Indiyədək (həm də yaxın tarixdə) Islam dünyasında milli və dini mənsubiyyətinə görə öldürülən onminlərlə günahsız insanları anmağı “unudanlar”, qondarma “erməni soyqırımı”na görə isə hətta beynəlxalq səviyyədə anma mərasimləri iddiasına düşüblər?! Guya, Beynəlxalq Anma Günündə Xocalı soyqırımını da yad edəcəklər?!
Son olaraq, onu da deyək ki, dünyaya beynəlxalq hüquqdan dərs keçən Avropa Parlamenti özü məhkəmə qərarı olmadan, heç bir araşdırma aparmadan, faktlara, sənədlərə söykənmədən qondarma “erməni soyqırımı”na hüquqi qiymət verir?! Üstəlik, tolerantlıqdan, söz və fikir azadlığından danışan Avropa Parlamenti Roma Papası Fransiskin “20-ci əsrin ilk soyqırımı erməni xalqının başına gəlib” fikrinə etirazlara da dözümlü yanaşmır: “Heç kim Papa ilə bağlı mafiyasayağı açıqlamalar verə bilməz”,- deyə bəyan edir.
Deməli, Avropada Məhəmməd Peyğəmbərin karikaturasını çəkmək fikir azadlığı, Papanı tənqid etmək isə “mafiyasayağı açıqlamalar” sayılır? Hələ 21-ci əsrin Avropasında “soyqırımı inkar”ın cinayət hesab edildiyini və buna görə həbs cəzasının nəzərdə tutulduğunu demirik?!
Avropa Birliyinin ikili standartları, qərəz və riyakarlığı Azərbaycanda demokratik və ədalətli dəyişikliklər ümidi ilə yaşayan insanları sarsıdır. Belə davam etsə, Avropa dəyərlərinə ən böyük zərbəni avtoritar rejimlərdən yox, elə Qərbin özündən gözləməli olacağıq…
Şövkət Məmməd